Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli Fərmanı ilə hər il noyabrın 1-i ölkəmizdə “Kənd Təsərrüfatı İşçiləri Günü” kimi qeyd olunur.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə XX əsrin 70-80-ci illərində ölkəmizdə digər sahələrlə yanaşı, kənd təsərrüfatının inkişafının da əsası qoyulmuşdur. Bu sahənin inkişafına yönəlmiş tədbirlər nəticəsində Azərbaycan ittifaq respublikaları sırasında kənd təsərrüfatının inkişaf göstəricilərinə görə qabaqcıl yerlərdən birini tutmuşdur. Lakin 90-cı illərin məlum hadisələri, bütövlükdə, ölkə iqtisadiyyatını, o cümlədən kənd təsərrüfatını da iflic vəziyyətinə salmış, infrastruktur tamamilə dağıdılmışdır. Belə bir dövrdə ulu öndərin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıtması ilə ölkə iqtisadiyyatında yeni inkişaf mərhələsi başlanmış, uğurlu aqrar islahatlar həyata keçirilmişdir. Ötən əsrin 90-cı illərində ilk dəfə Naxçıvan Muxtar Respublikasında həyata keçirilən bu islahatlar sonrakı dövrdə Azərbaycanın bütün ərazisində davam etdirilmiş, kənd təsərrüfatının inkişafı yeni modeldə, özəl təsərrüfatların yaradılması yolu ilə aparılmışdır. Bu dövrdə ulu öndərin rəhbərliyi ilə aqrar sahənin qanunvericilik bazasının yaradılmasına başlanılmış, “Aqrar islahatların əsasları haqqında”, “Sovxoz və kolxozların islahatı haqqında”, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının qanunları, Torpaq, Meşə və Su məcəllələri qəbul edilmiş, bir sıra digər normativ-hüquqi aktlar imzalanmışdır.
Ulu öndərin müəyyənləşdirdiyi aqrar islahatlar bu gün də ölkəmizdə uğurla davam etdirilir. Bu inkişafın davamlılığını təmin etmək məqsədilə zamanla ayaqlaşan dövlət proqramları, mütərəqqi qanunlar qəbul olunur, aqrar sahənin inkişafına hesablanmış tədbirlər həyata keçirilir. “Ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində bizim konkret planımız, proqramımız var. Çalışmalıyıq ki, Azərbaycanda istehlak olunan bütün ərzaq məhsulları Azərbaycanda istehsal edilsin”, – deyən ölkə Prezidenti cənab İlham Əliyev aqrar-sənaye kompleksinin inkişafını diqqət mərkəzində saxlayır, ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində konkret tədbirlər görülür.
Son illər Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi, kənd təsərrüfatının inkişafı istiqamətində də kompleks tədbirlər həyata keçirilir. Muxtar respublikada özəl mülkiyyətə əsaslanan aqrar münasibətlərin formalaşmasının əsası ümummilli liderimizin siyasi fəaliyyətinin Naxçıvan dövründə – ötən əsrin 90-cı illərində qoyulmuşdur. Sonrakı dövrlərdə davam etdirilən bu prosesin ilk mərhələsi 2000-ci ildə başa çatdırılmışdır. 205 kəndi, 132 kolxoz, sovxoz və birlikləri əhatə etməklə aparılan torpaq islahatları nəticəsində 72 min 758 ailəyə və ya 241 min 46 nəfərə torpaq sahəsi verilmişdir. Artıq muxtar respublikada bu sahəni əhatə edən yeni istehsal və emal müəssisələrinin fəaliyyətə başlaması, əkinçiliyin və heyvandarlığın inkişaf etdirilməsi, güzəştli şərtlərlə kreditlərin verilməsi məhsul istehsalının artmasına və nəticə etibarı ilə, ərzaq təhlükəsizliyinin təmin olunmasına səbəb olmuşdur.
Aqrar bölmədə aparılan islahatlar Naxçıvanda kənd təsərrüfatının bitkiçilik və heyvandarlıq, eləcə də emal sənayesinin inkişafına etibarlı zəmin yaratmışdır. Kənd təsərrüfatı sahəsinin inkişafı dövlətimiz tərəfindən daim diqqət mərkəzində saxlanılmış, istehsalın artırılmasına və intensiv amillər hesabına məhsuldarlığın çoxaldılmasına hesablanmış bir sıra sərəncam və qərarlar qəbul olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamları ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında kartofçuluğun inkişafı üzrə Dövlət Proqramı (2005- 2010-cu illər)”, “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası muxtar respublikada aqrar sahənin davamlı inkişafına təminat verir.
Muxtar respublikanın iqlim şəraiti və əhalinin əsas hissəsinin kənd təsərrüfatı ilə məşğul olması burada əkinçiliyin inkişafını şərtləndirir. Fermerlərə yanacağın, motor yağının, gübrənin alınmasına çəkilən xərclərin 50 faizinin dövlət tərəfindən ödənilməsi, taxıl əkinlərinə görə subsidiyaların verilməsi, texniki təminatın yaxşılaşdırılması üçün istehsalçılara lizinq yolu ilə güzəştli şərtlər əsasında texnika və gübrələrin satılması əkinçiliyin inkişafında yeni istiqamətlər açmış, əkin sahələrinin və məhsuldarlığın ilbəil artmasına səbəb olmuşdur. Təkcə 2014-cü ilin məhsulu üçün muxtar respublikada 60 min 829 hektar sahədə əkin işləri həyata keçirilmişdir. 2014-cü ilin 9 ayı ərzində muxtar respublikada 109 min 624 ton dənli və dənli-paxlalılar, 4 min 225 ton dən üçün qarğıdalı, 663 ton dən üçün günəbaxan, 63 min 753 ton tərəvəz, 41 min 405 ton kartof, 34 min 339 ton bostan məhsulları, 34 min 495 ton meyvə, 9 min 427 ton üzüm istehsal olunmuşdur.
Torpaq sahələrinin normalara uyğun suvarma suyu ilə təmin edilməsi əkinçiliyin inkişafını təmin edən əsas amillərdən biridir. Buna görə də muxtar respublikada irriqasiya sistemləri daim yeniləşdirilir, meliorasiya tədbirləri həyata keçirilir. Bu da torpaq sahələrində su təminatının yaxşılaşdırılmasına, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına imkan verir. Suvarma sistemlərinin yaxşılaşdırılması istiqamətində tədbirlər bu il də davam etdirilir. Belə ki, “Kəngərli rayonunda irriqasiya sistemlərinin təkmilləşdirilməsi” layihəsi çərçivəsində yeni suvarma şəbəkəsi qurulur, rayon ərazisində yeni nasos stansiyasının, suqəbuledici və supaylayıcı hovuzların tikintisi aparılır. Həmçinin aparılan yenidənqurma işləri nəticəsində Uzunoba Su Anbarının həcmi 8 milyon kubmetrə çatdırılmış, nəticədə, Kəngərli rayonunda 3300 hektar torpaq sahəsi əkin dövriyyəsinə qatılmışdır. Azərbaycan Respublikası ilə İslam İnkişaf Bankı arasında imzalanmış müqaviləyə əsasən həyata keçirilən daha bir layihə əsasında bu il Sədərək rayonunda nasos stansiyasının tikintisi başa çatdırılmış, 1500 hektara yaxın torpaq sahəsinin suvarılması yaxşılaşdırılmışdır.
Yüksəkkeyfiyyətli qida məhsullarının, xüsusilə ət və süd məhsullarının əldə olunması məqsədilə heyvandarlığın inkişafı diqqət mərkəzində saxlanılır. Əsasən, düzən yerlərdə heyvandarlığın ətlik-südlük istiqaməti inkişaf etdirilir. Hazırda muxtar respublikada 109 min 822 baş iribuynuzlu mal-qara, 668 min 933 baş xırdabuynuzlu heyvan saxlanılır. Bundan başqa, muxtar respublikada iribuynuzlu mal-qaranın cins tərkibini daha da yaxşılaşdırmaq və məhsuldar mal-qaranın xüsusi çəkisini artırmaq məqsədilə bu günədək “Naxçıvan Aqrolizinq” ASC tərəfindən 1688 baş, o cümlədən 1181 baş “Holştin-friz”, 423 baş “Simmental” və 84 baş “Şvis” cinsli yüksək məhsuldar mal-qara gətirilərək sahibkarlara satılmışdır. Həmçinin əhalinin yumurta və quş ətinə olan tələbatının yerli istehsal hesabına ödənilməsinə də xüsusi diqqət yetirilir, yeni quşçuluq təsərrüfatları yaradılır. Hazırda muxtar respublikada 63 quşçuluq təsərrüfatı fəaliyyət göstərir. Görülmüş işlərin nəticəsidir ki, 2014-cü ilin 9 ayı ərzində diri çəkidə ət istehsalı 14 min 968 ton, süd istehsalı 66 min 399 ton, yun istehsalı 854 ton, yumurta istehsalı isə 60 milyon 984 min ədəd olmuşdur.
Əhalinin sağlamlığının qorunması məqsədilə həyata keçirilən sistemli tədbirlər nəticəsində qida məhsullarının, xüsusilə ət və süd məhsullarının yüksək keyfiyyət göstəricilərinin təmin olunması, heyvan mənşəli xəstəliklərə qarşı vaxtında mübarizə tədbirlərinin aparılması prosesləri uğurla davam etdirilir. Muxtar respublikada Dövlət Baytarlıq Xidməti tərəfindən mütəmadi olaraq mal-qara və quşlar arasında müxtəlif xəstəliklərə qarşı profilaktik peyvəndləmə və dezinfeksiya işləri aparılır, epizootiya əleyhinə və bioloji təhlükəsizliyin qorunması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.
Kənd təsərrüfatında istehsalın səmərəliliyinin artırılmasına, əl əməyinin yüngülləşdirilməsinə və məhsulun maya dəyərinin aşağı salınmasına imkan yaradan texnika ilə təchizata da xüsusi diqqət yetirilir. 2005-ci ildə yaradılan “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə muxtar respublikaya müxtəliftəyinatlı kənd təsərrüfatı texnikaları gətirilmiş, lizinq yolu ilə sahibkarlara və torpaq mülkiyyətçilərinə satılmışdır. Təkcə 2014-cü ilin ötən dövründə muxtar respublikaya 235 ədəd kənd təsərrüfatı texnikası alınıb gətirilmişdir.
Əhalini il boyu meyvə-tərəvəz məhsulları ilə təmin etmək muxtar respublikada aqrar sahədə həyata keçirilən əsas tədbirlərdəndir. İritutumlu soyuducu anbarların tikilməsi və istixana komplekslərinin yaradılması ilin istənilən fəslində bazarın tələbinin ödənilməsinə imkan verir. Hazırda muxtar respublikada ümumi tutumu 12 min 150 ton olan 19 soyuducu anbar və sahəsi 52 min 316 kvadratmetr olan 12 istixana kompleksi fəaliyyət göstərir. Muxtar respublikada əhalinin ərzaq məhsullarına olan tələbatının etibarlı ödənilməsi istiqamətində əlavə tədbirlər də görülür, istehsal olunan malların satışı üçün hərtərəfli şərait yaradılır. Artıq bir neçə ildir ki, istehsalçıların istehsal etdikləri məhsulların satışını təmin etmək üçün kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil edilir.
Ümumiyyətlə, həyata keçirilən aqrar siyasətin səmərəli nəticəsi olaraq, bu gün tələbatın əsas etibarilə yerli istehsal hesabına ödənilməsinə nail olunmuş, daxili bazarda məhsul bolluğu yaradılmışdır. 2014-cü ilin ilk 9 ayında muxtar respublikada 270 milyon 668 min manatdan çox kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz çoxdur. Hazırda əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına tam ödənilməsi üçün dövlət tərəfindən müvafiq tədbirlər həyata keçirilir. Ümumilikdə, cari ilin yanvar-sentyabr ayları ərzində kənd təsərrüfatı subyektlərinə 13 milyon 211 min manatdan çox həcmdə kreditin verilməsi təmin olunmuşdur ki, bu da bir il öncəki müvafiq göstəricidən 35,2 faiz çoxdur.
Ötən dövr ərzində də Kənd Təsərrüfatı Nazirliyi və onun strukturuna daxil olan bölmələr tərəfindən torpaq mülkiyyətçiləri və fermerlərlə fərdi izahat və maarifləndirmə işi davam etdirilmiş, torpaqlardan səmərəli istifadə olunması, məhsuldar toxum sortlarının əkilməsi barədə kənd əməkçilərinə məsləhətlər verilmişdir. Bütövlükdə, nümunəvi torpaq islahatı, aqrar-sənaye kompleksinin beynəlxalq təcrübə əsasında yenidən qurulması, meliorasiya və irriqasiya sistemlərinin təkmilləşdirilməsi muxtar respublikamızda ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində atılan mühüm addımlardır.
Peşə bayramlarını qeyd edən kənd təsərrüfatı işçiləri muxtar respublikamızda ərzaq təhlükəsizliyinin təmin olunması məqsədilə qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün bundan sonra da səylərini əsirgəməyəcəklər.
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti