22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin əsas mərkəzi Ordubad rayonu hesab edilir. Tarixən Ordubad meyvələri yalnız Naxçıvanda deyil, bütün Cənubi Qafqazda şöhrət tapıb. Bölgədə, demək olar ki, bütün evlərin həyətlərində meyvə ağacları əkilib. Onlara xüsusi qayğı da göstərilib. Ordubadlı bağbanlar da adı ilə deyilib. Onların yetişdirdikləri şaftalı, ərik, albalı, gilənar, gavalı, cəviz, tut və sair meyvələr yüksək keyfiyyəti ilə seçilib. 

Burada yetişdirilən meyvələrin şöhrəti dünyanın bir çox ölkələrinə yayılıb. Elə bu amil də dünya səyyahlarının Ordubada marağını artırıb. Onlar həmin meyvələr haqqında məxəzlərdə ətraflı məlumatlar veriblər. Məsələn, Ordubad bağlarından böyük heyranlıqla danışan səyyah İ.Şopen yazır ki, burada almanın, armudun, şaftalının və gavalının çoxlu növləri yetişdirilir. Onun yazdığına görə, Ordubadın “gülabi” adlı armudu öz dadına və xüsusilə böyüklüyünə görə seçilirdi. Bu armudlar tam yetişərkən o qədər böyük olurdular ki, onların ikisini bir boşqaba yerləşdirmək mümkün olmurdu. Ordubad həm də mənbələrin əksəriyyətinin “albuxara” adlandırdığı alça və gavalılarla məşhur idi. Səyyahların bir çoxu yerli ərik sortlarının müalicəvi xüsusiyyətləri, bu meyvə sortlarının yayılma arealı barədə ətraflı məlumatlar veriblər.

İ.Şopenə görə, XVIII əsrin ikinci yarısı, XIX əsrin əvvəllərində Ordubadda bağlar bütün ərazinin yarıdan çoxunu əhatə edirdi. Bağların ümumi sayı burada 1380-dən çox idi. Bağların xeyli hissəsi Ordubad şəhərində yaşayan əhaliyə məxsus idi. Burada olan 193 bağ daha böyük sahəni əhatə edirdi. Bəzi məlumatlara görə, XVIII əsrin sonuncu onilliyində Naxçıvanda yetişdirilən 2495 pud meyvənin çox böyük hissəsi Ordubad bağlarının payına düşürdü.
Onu da qeyd edək ki, Ordubadın dünya şöhrəti qazanmış meyvələri müxtəlif beynəlxalq sərgilərdə nümayiş etdirilib. Həmin qiymətli sortların dünyanın müxtəlif ölkələrinə yayılmasında belə sərgilər mühüm rol oynayıb. Yalnız torpaq və iqlim şəraitinə görə Ordubada uyğun gələn zonalarda həmin məhsullar öz keyfiyyətini saxlaya bilib. Azərbaycanın Xalq şairi Nəbi Xəzri yazır ki, xarici ölkələrin birində mənşəyi Ordubad rayonuna məxsus olan iydə ağacına rast gəlib. Həyətində bu ağaca lazımınca qulluq edən həmyerlimiz qəmginliklə bildirib ki, ağac çiçəkləyir, ətri bütün həyətə yayılır. Meyvə də gətirir. Lakin yetişmir. Bu da İlahinin bir möcüzəsidir ki, Ulu Tanrı bu möcüzəni qədim diyarımıza bəxş edib.
Qayıdaq əvvəlki söhbətimizə. Ötən əsrin 70-80-ci illərində rayonda bağçılığın inkişafına böyük önəm verilib, 900 hektardan artıq bağdan meyvə məhsulu toplanılıb. Rayonun Dəstə, Aza, Vənənd və başqa kənd­lərində elə meyvə sortları yetişdirilib ki, onları xalq seleksiyası yolu ilə ordubadlı bağbanlar yaradıblar. Belə sortlara digər yerlərdə təsadüfən rast gəlmək olar ki, həmin sortlar Ordubaddan aparılıb. Təəssüf ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Ordubadın meyvə bağları məhv edildi. Ordubad bağbanları, eləcə də meyvəçiliyə maraq göstərən ordubadlılar müxtəlif meyvə sortlarını öz həyətyanı təsərrüfatlarında qoruyub saxlaya bildilər.
Bəs bu gün Ordubadda bu sahənin vəziyyəti necədir? Bu suala cavab tapmaq üçün rayonda olduq. Sakinlərlə, bağbanlarla görüşdük. Onların söhbətlərini dinlədik. Uzun müddət pedaqoji işdə çalışmış təqaüdçü müəllim Südeyf Hacıyev bildirdi ki, hələ gənc yaşlarından meyvəçiliklə məşğul olur. Özünün tingliyi var. Yerli meyvə sortlarının artırılmasına üstünlük verir. Bəlkə də, çoxları inanmaz ki, Südeyf müəllim yetişdirdiyi tingləri pulsuz-parasız pay verir. Bu savab işdən zövq alır:
– Deyirlər ki, dünyada ən savab işlərdən biri ağac əkməkdir. Ağac olmalıdır ki, onu əkəsən.
Haqq sözə nə deyəsən? Sağ olsun, Ordubadda belə savab işlə məşğul olan bağbanları.
Rayonun Əndəmic, Gənzə, Vənənd, Dəstə kəndlərində belələri onlarladır. Oxucuların vaxtını almamaq üçün deyim ki, həmsöhbət olduğumuz belə insanlar son illərdə muxtar respublikada meyvə bağlarının, yaşıllıq zolaqlarının sahələrinin artırılmasına mühüm əhəmiyyət verildiyini, bu işə vətənpərvərliklə yanaşıldığını xüsusi vurğuladılar. Keçirilən iməciliklərin, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəz­çiliyin inkişafı üzrə Dövlət Proqramı”nın Ordubadda meyvəçiliyin əvvəlki şöhrətinin qaytarılmasında mühüm rol oynadığını bildirdilər. Bölgənin torpaq mülkiyyətçiləri həm öz tələbatlarını ödəmək, həm də daxili bazara töhfələrini vermək, yerli meyvə məhsullarının bolluğunu yaratmaq üçün səylərini artıraraq uğurlu nəticələr qazanıblar. Faktlara müraciət edək. Son 10 il ərzində rayonda 140 minə yaxın meyvə ağacı əkilib. Onlara vaxtlı-vaxtında və aqrotexniki qaydada qulluq göstərilib ki, həmin ağacların böyük əksəriyyəti artıq barverən ağaclar sırasındadır. 124,5 hektar sahədə yeni bağlar salınıb. 90 hektar bağ sahəsi bərpa olunub. Cari ildə bu iş davam etdirilərək rayonun Aza, Qoşadizə, Düylün, Dəstə, Vələver, Biləv, Gilançay, Aşağı Əylis yaşayış məntəqələrinin ərazilərində, ümumilikdə, 9,4 hektar sahədə yeni meyvə bağı, Dəstə kəndi ərazisində 0,7 hektar sahədə toxumacarlıq salınıb. Meyvəçiliyin inkişafı üçün kreditlərin verilməsi də diqqət mərkəzində saxlanılıb. Meyvə bağı salınması üçün 2012-ci ildə 7 nəfərə 98 min manat, Aza, Vənənd, Əndəmic kəndlərində limon istixanasının yaradılması üçün 4 nəfərə 57 min manat, 2013-cü ildə limon istixanası üçün 3 nəfərə 56 min manat, 2014-cü ildə isə həmin məqsəd üçün 1 nəfərə 30 min manat kredit verilib.
Son illər göstərilən qayğı Ordubad meyvəçiliyinin şöhrətini özünə qaytarmaqdadır. Bu gün rayonda 682,31 hektar bağ sahəsi mövcuddur. Bunun 526,94 hektarından meyvə tədarük olunur. 2013-cü ildə meyvə bağlarından 322,85 ton alma, 214 ton armud, 246,3 ton heyva, 465,7 ton şaftalı, 508,3 ton ərik, 228 ton üzüm, 200,5 ton tut, 295,5 ton cəviz toplanılıb. Cari il də Ordubad meyvəçiləri üçün uğurlu sayıla bilər. İndiyədək meyvə bağlarından xeyli məhsul toplanılıb, bu iş davam etdirilir.

Artıq payız mövsümüdür. Bu mövsüm yeni bağlar salınması üçün ilin ən sərfəli dövrüdür. Həmin imkandan səmərəli istifadə etmək, bağ sahələrini genişləndirmək məqsədilə artıq yol kənarlarında, digər əkinlər üçün istifadəsi mümkün olmayan ərazilərdə hazırlıq işləri görülməsinə başlanılıb.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR