Böyükdüz istixana kompleksində son tamamlama işləri görülür
Muxtar respublikamızda özəl bölməyə göstərilən dövlət qayğısı öz bəhrəsini vermiş, sahibkarlığın inkişafında ciddi nailiyyətlər qazanılmış, aqrar bölmədə yüzlərlə yeni istehsal müəssisəsi, kiçik fərdi təsərrüfatlar yaradılmışdır. Özəl sektorun inkişafı daxili bazarın qorunmasında, idxaldan asılılığın aradan qaldırılmasında, əhalinin tələbatının yerli istehsal hesabına dolğun ödənilməsində və ərzaq təhlükəsizliyi proqramının uğurla icra edilməsində əhəmiyyətli rola malikdir. Hazırda muxtar respublikada Ümumi Daxili Məhsul istehsalında özəl bölmənin payı 87 faiz təşkil edir.
“2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq, ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir, sahibkarlara dövlət maliyyə dəstəyi göstərilir, yeni meyvə bağları salınır, istixana kompleksləri yaradılır. Tərəvəz məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi istiqamətində həyata keçirilən tədbirlər ötən il də uğurla davam etdirilmiş, Naxçıvan şəhərində yeni istixana kompleksi fəaliyyətə başlamışdır.
Sahibkar Elçin Bağırovun dediyinə görə, bu mühüm əhəmiyyətli sahənin inkişaf etdirilməsi üçün biznes-plan hazırlanıb Sahibkarlığa Kömək Fonduna təqdim edilmiş və fonddan 1 milyon 500 min manat güzəştli kredit ayrılmışdır. 2013-cü ilin mart ayında 10 min kvadratmetr, may ayında isə 1500 kvadratmetr sahəsi olan yeni istixana kompleksi fəaliyyətə başlamışdır. Burada Hollandiya və Türkiyə istehsalı olan müasir avadanlıqlar quraşdırılmış, anbarlar, qazanxana, yeməkxana və işçilər üçün otaqlar yaradılmış, istixana üçün yeni kənd təsərrüfatı texnikaları alınmışdır.
İstixana kompleksində Zirə, Tovuz və kənd sortu olan pomidor yetişdirilmiş və sifarişə uyğun, nəfis tərtibatla bəzədilmiş 7 kiloqramlıq karton taralarda topdansatış bazalarında, 250-500 qramlıq və 1 kiloqramlıq plastik taralarda isə pərakəndə satış mağazalarında Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qeydə alınmış “Naxçıvan bağları” əmtəə nişanı ilə satışa çıxarılmışdır. Bu, muxtar respublikamızda həmin məhsula olan tələbatın az bir hissəsini ödəyir. Artan tələbatın ödənilməsi və istixana kompleksinin fəaliyyətinin genişləndirilməsi məqsədilə 2014-cü ilin yanvar ayında daha bir biznes-plan hazırlanıb Sahibkarlığa Kömək Fonduna təqdim olunmuşdur. Ümumi dəyəri 3 milyon 150 min manat qiymətləndirilən layihənin reallaşması üçün 2 milyon 500 min manat dövlət maliyyə dəstəyi göstərilməsi, qalan 650 min manatın isə sahibkarın daxili imkanları hesabına ödənilməsi nəzərdə tutulmuşdur. 2014-cü ilin fevral ayında Sahibkarlığa Kömək Fondundan 2 milyon manat güzəştli kredit verilmiş və layihənin icrasına başlanılmışdır. Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 45 min 620 kvadratmetr torpaq sahəsi ayrılmış, əraziyə “Qarabağlar” kəhrizindən 17 kilometr, Böyükdüz kəndi ərazisində yerləşən arteziandan isə 1,5 kilometr məsafədə plastik borularla yeraltı daimi su xətti, qaz və elektrik xətləri çəkilmiş, ərazidə torpaq işləri görülmüş, transformator yarımstansiyası qoyulmuşdur.
Tikinti-quraşdırma işlərinin vaxtında və keyfiyyətlə aparılması üçün bu sahə üzrə Türkiyənin qabaqcıl təcrübəyə malik “May Çelik” şirkəti ilə müqavilə bağlanılmış, mal-materialın alınıb gətirilməsi üçün maliyyə vəsaiti ödənilmiş və materialların vaxtında idxalına başlanılmışdır. Müqaviləyə uyğun olaraq, mart ayından konstruksiya işlərinə başlanılmışdır. Altı ay müddətində təhvil verilməsi nəzərdə tutulan istixana kompleksində inşaat işləri qrafikə uyğun aparılmış, xaricdən idxal olunmuş paslanmayan materiallarla, külək təsirinin azaldılması nəzərə alınmaqla maili karkastoxuma işləri görülmüş, yan və üst qatının isə Günəş şüalarının təsirini azaldan, doluyadavamlı, istilik saxlayan polikarbonat və neylon materiallarla üzlənməsi vaxtında başa çatdırılmışdır. Kompleksin daxilindəki ayrı-ayrı bölmələrdə ümumi uzunluğu 26 min 600 metr olan, 80 santimetrdən 1 metrədək dərinlikdə drenaj xətləri çəkilmiş, xüsusi örtükləri olan süzgəcli borular salınıb mərkəzi xəttə birləşdirilmişdir. Bu da yay mövsümündə suvarma zamanı torpağın tərkibində olan artıq suyun axıdılmasına, şoranlaşmanın qarşısının alınmasına, qış mövsümündə isə xüsusi pompalarla drenaj xəttinə vurulan isti hava ilə şitillərin qidalanmasına imkan verəcək. İstixana kompleksində avtomatik rejimdə işləyən iqlim-nəzarət sistemləri, isitmə və havalandırma avadanlıqları quraşdırılmışdır. Türkiyənin “Alarko” şirkətindən 6 ədəd soba alınmışdır. Bu sobaların 3-ü təbii qazla, 3-ü isə həm təbii qaz, həm də dizel yanacağı ilə işləyir ki, bu da müəssisəni fasiləsiz istiliklə təmin edəcək. İstixana kompleksinin gündəlik tələbatı nəzərə alınaraq Türkiyədən 4 ədəd hər birinin tutumu 225 ton olan yerüstü qapalı hovuz alınıb quraşdırılmışdır. Bu, su xəttində hər hansı bir nasazlıq yaranarkən fasiləsiz su ilə təminatda mühüm rol oynayır. Burada su təchizatı kompüterlə idarəetmə mərkəzi ilə təmin olunmuş avadanlıqlar vasitəsilə aparılır. Su, təmizləyici qurğudan keçdikdən sonra torpağın tərkibi haqqında laborator analizin cavablarına uyğun ayrı-ayrı çənlərdə hazırlanmış gübrələr suya əlavə olunmaqla istixanaya ötürülür və suvarma damcı üsulu ilə aparılır.
Layihəyə uyğun olaraq, istixana kompleksində toxumcücərtmə, şitilyetişdirmə, pomidor, xiyar, çiyələk, dibçək gül toxumları yetişdirilən ayrı-ayrı bölmələr və turşubağlama sahəsi yaradılmış, oktyabrın 1-dən 15 gün ara verilməklə pomidor, xiyar şitilləri əkilmişdir. İllik istehsal gücü 1,2-1,5 milyon ədəd olan şitilyetişdirmə bölməsində istehsal olunan şitilin 250 min ədədi kompleksin daxili tələbatını ödəyəcək, qalan hissəsi isə muxtar respublikamızda fəaliyyət göstərən digər istixana komplekslərinə və fərdi torpaq mülkiyyətçilərinə satılacaq. Toxumcücərtmə bölməsində tələbata uyğun olaraq, xüsusi qəliblərdə müxtəlif sort toxumlar cücərdilir. Çiyələkyetişdirmə bölməsində su kanalı ilə təchiz olunmuş novdanlarla üçmərtəbəli əkin sistemi quraşdırılmış, torpaq, üzvi gübrə və Almaniyadan gətirilmiş torf qarışığı tökülərək əkin aparılmışdır. Turşubağlama sahəsində isə məhsuldarlıq dövrü başa çatan pomidor, xiyar kollarından toplanan yetişməmiş məhsullar 200 kiloqramlıq taralarda turşu qoyulacaq və sonrakı mərhələdə 2, 3, 5 və 10 kiloqramlıq taralara qablaşdırılıb satışa çıxarılacaq.
İstixanada müasir kənd təsərrüfatı texnikalarından istifadə, yeni texnologiyaların tətbiqi yüksək məhsuldarlığa nail olunmasında və əhalinin keyfiyyətli məhsullarla təminatında əhəmiyyətli rol oynayır. Kompleksdə becərmə tədbirlərində üzvi gübrələrdən istifadə edilir, pomidor və xiyar kollarının tozlanması xüsusi arı ailələri vasitəsilə aparılır. Bu da məhsuldarlığın təbii yolla artırılmasına, mövsümi ekoloji təmiz məhsul istehsalına imkan verir. Ekotester vasitəsilə məhsulun tərkibində olan radiasiya və nitratın (azot) müəyyən olunmuş normaya uyğunluğu mütəmadi olaraq nəzarətdə saxlanılır. İllik istehsal gücü min ton olan istixana kompleksinin fəaliyyətə başlaması qış aylarında daxili bazarın tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsinə əlverişli şərait yaradacaq. Onu da qeyd edək ki, Böyükdüz istixana kompleksinin ilk məhsulları noyabr ayından bazara çıxarılacaq.
Hazırda soyuducu anbar, yeməkxana, işçilər üçün otaqlar inşa olunan istixana kompleksində son tamamlama işləri görülür, kompleksin ətrafında abadlıq işləri aparılır. Yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulan Böyükdüz istixana kompleksi daxili bazarı yüksəkkeyfiyyətli tərəvəz məhsulları ilə təmin etməklə yanaşı, əhalinin məşğulluğunun artırılmasında da mühüm rol oynayacaq, 30 nəfərə yaxın əməkqabiliyyətli şəxs daimi işlə təmin ediləcək ki, bu işçilərin əksəriyyəti Böyükdüz kəndinin sakinləri olacaq.
Kərəm HƏSƏNOV