XX əsrin sonunda Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi həyatının bütün sahələrində xüsusi əhəmiyyət kəsb edən köklü dəyişiklik baş vermiş və Azərbaycan öz dövlət müstəqilliyini əldə etmişdir. Müstəqil Azərbaycanın qarşısında duran ilk vəzifə bütün ölkənin maraqlarına cavab verən iqtisadi inkişaf istiqamətlərini müəyyənləşdirməkdən ibarət idi. Ölkənin malik olduğu imkanlardan və təbii sərvətlərdən səmərəli istifadə etməklə iqtisadiyyatın sahə strukturunun təkmilləşdirilməsi, istehsal olunan məhsulların rəqabətədavamlı son məhsul kimi dünya bazarına çıxarılması, idxalı əvəz edən məhsul istehsalının artırılması, regionlar arasında yaranmış fərqlərin aradan qaldırılması məqsədilə regional inkişafın tarazlaşdırılması dövlət siyasətinin əsasını təşkil edirdi.
Tarazlı inkişaf dedikdə iqtisadiyyatın sahədaxili və sahələrarası nisbətlərinin qorunması, iqtisadi inkişaf məqsədlərinin təmin olunmasına əlverişli şəraitin yaradılması, əmtəə, kapital və əmək bazarında tələb və təklifin bərabərliyi nəzərdə tutulur. Tarazlı inkişafın əsasını iqtisadi potensialdan effektiv istifadə olunması ilə xarici iqtisadi əlaqələrin müsbət saldosunun və məşğulluq səviyyəsinin təmin olunması, ekoloji tarazlığın qorunması təşkil edir. Bütün bu məsələlərin həlli tarazlı inkişafın vasitələri olan xarici iqtisadi siyasət, pul-kredit siyasəti, ekoloji, struktur və regional siyasətin həyata keçirilməsi nəticəsində mümkündür.
Dövlətin sosial-iqtisadi siyasətinin mühüm istiqamətlərindən birini regional inkişaf siyasəti təşkil edir. Regional siyasətin reallaşdırılması vasitələrindən biri məqsədli kompleks proqramların hazırlanması üsuludur. Regional proqramlar məqsədli kompleks proqramlarının bir növüdür. Bu proqramlar problemlərin həll edilməsi üçün resursların cəmləşdirilməsini, həmçinin elmi-texniki, sosial-iqtisadi inkişafın regional strategiyasının idarəedilməsi və tənzimlənməsini təmin edir. Son illər regionların inkişafı sahəsində əhəmiyyətli uğurlara imza atılması bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin səmərəliliyini təsdiqləyir.
Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifələrdən biri də regionların iqtisadi sərvətlərinin dövriyyəyə cəlb edilməsilə neftdən gələn gəlir hesabına qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Bu regional siyasətin strateji məqsədləri respublikanın əmək ehtiyatlarından, təbii ehtiyatlardan, maliyyə imkanlarından, xarici investisiya və elmi-texniki potensialdan səmərəli istifadə etməklə müxtəlif təsərrüfatçılıq formalarının inkişafına və iqtisadi rayonlarda onların daha səmərəli yerləşdirilməsinə nail olmaqdan ibarət idi. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən regionların iqtisadiyyatının gücləndirilməsi məqsədilə təsdiq edilmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına xidmət edən (2004-2008, 2009-2013-cü illər) dövlət proqramları mükəmməl bir konsepsiya kimi həyata keçirilərək özünü doğrultmuşdur. Son on ildə ölkə üzrə Ümumi Daxili Məhsul 3,2 dəfə, qeyri-neft sektoru isə 2,6 dəfə artmışdır.
Dövlətin regional sosial-iqtisadi siyasəti Naxçıvan Muxtar Respublikası qarşısında da perspektiv vəzifələr qoymuş, onun yerinə yetirilməsini təmin edəcək idarəetmə və tənzimləmə mexanizmi hazırlanmış, tətbiqi stimullaşdırılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 9 iyun 2005-ci il tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının Regional İnkişaf Proqramı (2005-2008-ci illər)” və 2009-cu il 28 may tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq olunmuşdur. Bu proqramların həyata keçirilməsi muxtar respublikanın sosial-iqtisadi həyatında əsaslı bir dönüş yaratmışdır. Proqramların uğurlu icrası nəticəsində ciddi iqtisadi uğurlara nail olunmuş, sürətli inkişaf üçün zəngin potensial formalaşdırılmış, muxtar respublika iqtisadiyyatında həyata keçirilən tarazlaşdırılmış iqtisadi siyasət öz bəhrəsini vermişdir. Proqramların icrası muxtar respublika iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə makroiqtisadi sabitliyin təmin olunması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yeni müəssisələrin və iş yerlərinin yaradılması, kommunal xidmətlərin yüksəldilməsi, əhalinin maddi rifah halının daha da yaxşılaşdırılması ilə nəticələnmişdir.
Regional sosial-iqtisadi inkişafda yüksək tempin davamlılığını təmin etmək məqsədilə operativ və səmərəli tədbirlərin həyata keçirilməsi artıq dövrümüzün reallığı ilə bağlı olduğu üçün ölkəmizdə 2014-2018-ci illəri əhatə edən üçüncü dövlət proqramı qəbul edilmişdir. Yeni dövlət proqramının muxtar respublikada reallaşdırılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 1 sentyabr tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq olunmuşdur. Bu proqram yaxın beş il ərzində bütün sahələrdə inkişafın perspektiv əsaslarını formalaşdırmaqla muxtar respublikanın yeni inkişaf mərhələsinin əsasını qoyur. Naxçıvan Muxtar Respublikasının inkişafının yeni mərhələsinin əsas hədəfi iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla yaxın beş ildə regionda dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdir.
İki böyük dövlət proqramının həyata keçirilməsi nəticəsində iqtisadi artımın makroiqtisadi göstəricilərindən biri olan Ümumi Daxili Məhsul ötən 10 ildə 13,9 dəfə, hər bir nəfərə düşən Ümumi Daxili Məhsul 12 dəfə yüksəlmişdir. Bu göstərici insanların yaxşı yaşaması üçün lazım olan əsas şərtlərdən biri olub, iqtisadi fəaliyyətin təkmilləşdirilmiş ölçüsüdür. Hazırda Ümumi Daxili Məhsulun tərkibində əsas yeri 87 faizlik payla özəl sektor tutur. Bu da muxtar respublikada sahibkarlıq fəaliyyəti üçün əlverişli biznes mühitinin yaradılması və sahibkarlıq fəaliyyətinin stimullaşdırılması ilə istehsal və xidmət sahələrinin əhatə dairəsinin genişləndirildiyini göstərir. İqtisadiyyatın daha da inkişaf etdirilməsi və istehlak bazarında yerli məhsulların payının artırılmasına nail olunması olduqca əhəmiyyətlidir. Hər bir regionda uzunmüddətli və dayanıqlı iqtisadi yüksəlişin əsasını müəyyənləşdirən faktor kiçik və orta sahibkarlığın inkişafı səviyyəsidir və sivilizasiyalı bazar iqtisadiyyatının formalaşmasının ən başlıca meyarlarından biridir. Muxtar respublikanın inkişafı, ilk növbədə, sahibkarlığın inkişafından asılı olduğu üçün qarşıdakı beşillikdə də bu fəaliyyətin dəstəklənməsi zəminində onların maliyyə təminatının artırılması və güzəştli kreditlərin verilməsinin davam etdirilməsi diqqət mərkəzində saxlanılacaq. Eyni zamanda biznes infrastrukturunun müasir tələblər səviyyəsində formalaşdırılması, bazarda azad rəqabət prinsiplərinin qorunub saxlanması, sahibkarlıq fəaliyyətinin informasiya təminatı sisteminin müasir tələblər səviyyəsində qurulması, ixracyönümlü məhsulların xarici bazarlarda mövqeyinin gücləndirilməsi kimi tədbirlərin icra olunması proqramda öz əksini tapmışdır.
Bu gün artıq muxtar respublikada yerli məhsulların rəqabət qabiliyyətini artırmaqla ixraca nail olunmuş, sahibkarlıq subyektlərinin beynəlxalq əlaqələrinin genişləndirilməsi və yerli istehsal məhsullarının xarici ölkələrdə tanıdılması üçün sahibkarların xarici ölkələrdə keçirilən biznes forumlarda, konfrans və sərgilərdə iştirakı təmin edilmişdir. Hazırda muxtar respublikada 350 növdə məhsul istehsal olunur və yerli xammala əsaslanan istehsalın günbəgün artması nəticəsində artıq 336 növdə məhsula olan tələbat yerli istehsal hesabına ödənilir. Tələbatdan artıq istehsal olunmuş məhsulun ixraca yönəldilməsi nəticəsində 2009-cu ildən etibarən ixrac idxalı üstələmiş, xarici ticarət dövriyyəsində müsbət saldo yaranmışdır. Həmçinin son 10 ildə xarici ticarət dövriyyəsi 13,9 dəfə artmışdır. Növbəti proqramda əsas məqam məhsulun beynəlxalq standartlara uyğunluğunun təmin edilməsidir.
Davamlı inkişafın təmin edilməsi üçün təkcə iqtisadi artım deyil, eyni zamanda ətraf mühitin qorunması, əhalinin sağlamlığı, yüksək həyat şəraitinin təmin edilməsi, təbii və insan ehtiyatlarından səmərəli istifadə edilməsi, məşğulluq sisteminin inkişafı nəticəsində işsizlik və yoxsulluq səviyyəsinin aradan qaldırılması kimi sosial məsələlər vacib şərt hesab olunur. İstehsal və xidmət müəssisələrinin çoxalması məhsul istehsalının həcmi və məşğulluq səviyyəsinin yüksəlməsi ilə nəticələnir ki, bu da əhalinin maddi rifahını yaxşılaşdırır. Proqramların icrası ərzində muxtar respublikada 58 mindən çox yeni iş yeri yaradılmış, nəticədə, əhalinin gəlirləri 10,2 dəfə, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 9,8 dəfə yüksəlmişdir. Qədim diyarımızda əmək bazarının tənzimlənməsi və əhalinin səmərəli məşğulluğunun təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Proqramın məqsədi əmək bazarında tələb və təklifin real vəziyyətinin qiymətləndirilməsi ilə əhalinin səmərəli məşğulluğunun inkişafına, əmək bazarının tələblərinə uyğun peşə hazırlığına, işaxtaranların, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin edilməsinə köməklik göstərilməsinə, əlillərin əmək bazarına inteqrasiyasının təmin edilməsinə, onların məşğulluq səviyyələrinin artırılmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsindən ibarətdir. Görülən tədbirlərin davamı kimi növbəti illərdə də məşğulluq səviyyəsinin daha da artırılması və yeni iş yerlərinin açılması üçün sahibkarlığın inkişaf etdirilməsinə dövlət maliyyə dəstəyinin davam etdirilməsi, əhalinin peşə hazırlığının yüksəldilməsi, əmək yarmarkalarının keçirilməsi, kənd yerlərində sosial və kommunal infrastrukturun daha da inkişaf etdirilməsi yolu ilə əhalinin məskunlaşma səviyyəsinin yüksəldilməsi kimi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
ÜDM-in strukturunda ilk yerə sənaye sahəsinin 29 faizlik payla sahib olması son 10 ildə muxtar respublikanın əldə etdiyi ən böyük nailiyyətlərdən biridir. Muxtar respublika artıq sənaye regionu kimi tanınır və təhlil edilən dövr ərzində sənaye məhsulları istehsalı 49 dəfə yüksəlmişdir. Sənayeləşmənin bu cür yüksək proseslə davam etməsinə muxtar respublikanın malik olduğu zəngin təbii ehtiyatlar geniş baza yaratdığından yeni sənaye sahələrinin yaradılması ilə keyfiyyətli məhsul istehsal etmək, müasir texnologiyalardan istifadə olunmaqla və məhsul çeşidlərini yeniləməklə onun rəqabət qabiliyyətini artırmaq nəinki daxili bazara, həm də xarici bazara inteqrasiyanı təmin etmək dövlətin iqtisadi siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Aparılan iqtisadi siyasətin davam etdirilməsi və sənayenin modernləşməsi istiqamətində islahatların həyata keçirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 6 iyun tarixli Fərmanı ilə “Sənaye parkları haqqında Əsasnamə” təsdiq olunmuşdur. Təsdiq edilmiş Əsasnamə sənaye parkının yaradılması üçün qanunvericilik bazası olaraq, onun idarə edilməsi və bu ərazidə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məsələləri tənzimləyərək muxtar respublikada sənayeləşmənin yeni mərhələsinin başlanğıcını qoyur. Növbəti proqram təkcə yeni sənaye müəssisələrinin yaradılması deyil, həm də onların beynəlxalq standartlar və müasir texnologiyalar əsasında qurulmasını tələb edir. Dağ-mədən sənaye müəssisələrinin fəaliyyətinin bərpası, texnoparkların, sənaye komplekslərinin, sənaye şəhərciklərinin və tibb sənayesinin yaradılması kimi əhəmiyyətli tədbirlərin həyata keçirilməsi də proqramda öz əksini tapmışdır.
Dövlət proqramlarının icrası dövrü ərzində kənd təsərrüfatında məhsul istehsalının stimullaşdırılması, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi istiqamətində görülən işlər də regionların iqtisadi mənzərəsinin dəyişməsində əhəmiyyətli rol oynamış, muxtar respublikada kənd təsərrüfatı məhsulları istehsalı son 10 ildə 4,7 dəfə artmışdır. Əldə olunan nəticədə “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” müstəsna rol oynamışdır. Yeni emal müəssisələrinin yaradılması, məhsul istehsalçılarına dövlət maliyyə yardımının göstərilməsi, güzəştli şərtlərlə gübrə satışının təşkili, məhsulun satışı üçün yarmarkaların keçirilməsi kənd təsərrüfatı sahəsində məhsul istehsalının həcminin ilbəil artmasına səbəb olmuşdur. Ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və daha da yaxşılaşdırılması, təbii fəlakətlər zamanı ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət ehtiyatlarının yaradılması zəruri olduğu üçün muxtar respublikada taxılı uzun müddət saxlamağa imkan verən anbarların həcmi 27 min tona, kənd təsərrüfatı məhsullarının saxlanması və satışını təmin edən soyuducu anbarların sayı 17-yə, tutumu isə 12 min tona çatdırılmışdır. Növbəti beş il ərzində yerli və xarici investisiyaların cəlb edilməsi ilə ərzaq məhsulları istehsalı həcminin artırılması və keyfiyyətinə ciddi nəzarətin davam etdirilməsi, baytarlıq, texniki nəzarət, sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi, tələbatdan artıq istehsal edilən kənd təsərrüfatı məhsullarının ixracının stimullaşdırılması, torpaqların meliorativ vəziyyətinin sağlamlaşdırılması, mövcud su resurslarından istifadə imkanlarının genişləndirilməsi, suvarma-drenaj şəbəkələrinin inkişaf etdirilməsi, maliyyə dəstəyinin gücləndirilməsi, ərzaq və digər kənd təsərrüfatı malları bazarlarının qorunması, maddi-texniki bazanın möhkəmləndirilməsi tədbirlərinin reallaşdırılması davam etdiriləcək. Kənd təsərrüfatı sahəsində sığorta sisteminin inkişaf etdirilməsi istehsalın fasiləsizliyini təmin etmək və maddi itkilərin əvəzinin ödənilməsi ilə istehlakçılar üçün stimul yaradacaq. Üzümçülük plantasiyalarının salınması, baramaçılığın bərpa edilməsi, balıqçılığın inkişaf etdirilməsi emal sənayesinin xammal ehtiyatını təmin etməklə məhsul istehsalının artırılmasına və ixrac istiqamətində yönəldilməsinə təkan verəcək.
Deyilənlərlə yanaşı, informasiya və kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, turizmin inkişafı, elektrik və qaz təsərrüfatında səmərəliliyin yüksəldilməsi, mənzil-kommunal təsərrüfatının inkişafı, nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılması, ekoloji tarazlığın, əhalinin sosial müdafiəsinin təmin edilməsi və sosial sahələrin inkişaf etdirilməsi, təhsil, səhiyyə, bədən tərbiyəsi və idmanın inkişafının dəstəklənməsi, mədəni irsin qorunması kimi əhəmiyyətli məsələlərin həlli üçün perspektiv tədbirlərin yerinə yetirilməsi proqramda nəzərdə tutulmuşdur.
Beləliklə, yeni proqramda islahatların modernləşməsi istiqamətlərinin əks olunması onun əhəmiyyətini daha da artırır. Əmin ola bilərik ki, bu proqram da növbəti beşillikdə yeni iqtisadi meyarları müəyyən etməklə makroiqtisadi dinamikanı möhkəmlədəcək və qarşıdakı mərhələdə inkişafın sürətlənməsini təmin edəcək. Artıq təcrübə göstərir ki, muxtar respublikamızın gələcək inkişafına möhkəm zəmin yaradan, elmi-təcrübi cəhətdən əsaslandırılmış bu dövlət proqramının icrası da uğurla həyata keçiriləcək və sosial-iqtisadi tərəqqi davam etdiriləcəkdir.
Mehriban İMANOVA
iqtisad üzrə fəlsəfə doktoru