Davamlı xarakter alan tikinti-quruculuq və yenidənqurma tədbirləri Ordubad rayonunda 2014-cü ilin ilk 9 ayı ərzində də davam etdirilib.
Bu dövrdə bir neçə obyektin tikintisi və ya yenidən qurulması başa çatdırılıb. Aşağı Əylis kəndində məktəb və kənd mərkəzi, Yuxarı Əylis kəndində məscid binası istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Ordubad Rayon Şöbəsi cari ilin aprel ayından fəaliyyətini yeni binada davam etdirməyə başlayıb. Rayon mərkəzindən keçən Dübəndi çayı üzərində salınmış şəhər parkında bənd və şəlalə inşa olunub. İndi bu ünvan ordubadlıların asudə vaxtlarının səmərəli keçirilməsi üçün ən çox üz tutulan ünvanlardan birinə çevrilib. Əvvəlki illərdə olduğu kimi, cari ildə də muzeylərin və tarixi-memarlıq abidələrinin əsaslı təmiri diqqət mərkəzində saxlanılıb. Belə ki, akademik Yusif Məmmədəliyevin və yazıçı Məmməd Səid Ordubadinin ev-muzeyləri, Buzxana tarixi-memarlıq abidəsi təmirdən sonra istifadəyə verilib. Ordubad şəhər internat məktəbinin binası da təmir olunmuş obyektlər sırasındadır.
Rayonda tikintisi və təmir-bərpa işləri aparılan obyektlər də az deyil. Ucqar dağ kəndi Nürgütdə kənd mərkəzi, Ordubad şəhərindəki 3 nömrəli tam orta məktəb, aviakassa, Ordubad Rayon Suvarma Sistemləri İdarəsi üçün yeni binalar və Məhəmməd Tağı Sidqinin ev-muzeyi inşa olunur.
Quruculuq tədbirləri çərçivəsində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması qayğısına da qalınıb. Belə ki, rayon mərkəzindəki biri 50, digəri 36 mənzilli olan iki 5 mərtəbəli binada təmir işləri aparılır.
Tikintisi və yenidən qurulması davam etdirilən obyektlərdə çalışan inşaatçılara yaradılan hərtərəfli şərait görülən işlərin keyfiyyətinə öz müsbət təsirini göstərir.
Xəbərlər şöbəsi