22 Dekabr 2024, Bazar

Kəngərli rayonunda kənd təsərrüfatı məhsulları bolluğu yaradılır

Ötən il dekabrın 22-də keçirilən dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisi­nin altıncı sessiyasında Ali Məclisin Sədri demişdir: “Əlverişli iqlim şəraitinin, bərəkətli münbit torpaqların olması, üstəlik də sahənin inkişafına hərtərəfli dövlət qayğısının göstərilməsi kənd təsərrüfatının inkişafına, muxtar respublikanın torpaq potensialından səmərəli istifadəyə şərait yaratmışdır”. Kəngərli rayonunun torpaq mülkiyyətçiləri də ötən ili yaxşı nəticələrlə yola salmışlar.
“Torpaq deyir: əz məni, əzizləyim səni!” Ataların bu müdrik kəlamı Kəngərli rayonunda da həyati təsdiqini tapmışdır. Torpağa əyilən, zəhmət çəkən hər kəs bunun bəhrəsini mütləq görür, öz güzəranını yaxşılaşdırır, üstəlik də ölkənin məhsul bolluğuna sanballı töhfələr verir.

Kəngərlidə kənd təsərrüfatına yararlı torpaqlar 19 min 33 hektardır. Bunun 5411 hektarı əhaliyə pay torpağı kimi verilmişdir. Rayon üzrə hər nəfərə 0,23 hektar pay torpağı düşür. Bu torpaqlarda sakinlər taxılçılıq, kartofçuluq, tərəvəzçilik, bostançılıq, meyvəçilik sahələrini, eyni zamanda heyvandarlığı inkişaf etdirirlər.
Məhsul istehsalını artırmaq, əhalini keyfiyyətli və təhlükəsiz ərzaqla təmin etmək məqsədilə 2008-ci il sentyabr ayının 17-də qəbul olunmuş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” Kəngərlidə də kənd təsərrüfatı məhsulları istehsalının artırılması sahəsində yeni istiqamətlər müəyyənləşdirmişdir. Əvvəlki illərdə olduğu kimi, ötən ildə də strateji əhəmiyyəti nəzərə alınaraq rayonda taxılçılıq əsas əkinçilik sahəsi kimi diqqət mərkəzində saxlanılmış, 2012-ci ilin məhsulu üçün 3883 hektar sahədə taxıl əkini keçirilmiş, hər hektardan 28,1 sentner olmaqla, 10910 ton məhsul götürülmüşdür. Bu da əvvəlki ildəkindən 25 ton artıqdır. Bir çox torpaq mülkiyyətçiləri, fermerlər isə daha çox taxıl götürməyə müvəffəq olmuşlar. Ötən ilin payızında isə bu ilin məhsulu üçün yaxşı əsas qoyulmuşdur. Rayonda 2824 hektarda aqrotexniki tələblərə əməl olunmaqla taxıl əkini aparılmışdır ki, bunun da 2242 hektarını buğda təşkil edir. Keyfiyyətli suvarma sahələrdə normal cücərti almağa imkan yaratmışdır. Yeri gəlmişkən onu da deyək ki, payızlıq əkin zamanı məhsuldarlığı artırmaq məqsədilə şırım üsulundan istifadə olunmuşdur. İndi buğda və arpa sahələrində zərərvericilərə qarşı mübarizə aparmaq, zəmilərə mineral gübrə səpmək işlərinə hazırlıq görülür. Məqsəd hər hektarın məhsuldarlığını artırmaq, daha çox taxıl istehsalına nail olmaqdır.
Ərzaq məhsullarının tərkibində xüsusi çəkisi ilə fərqlənən kartof istehsalında da müsbət dinamika saxlanılmışdır. Rayonda 2012-ci ildə 212 hektar sahədə kartof becərilmiş, hər hektardan 133,2 sentner olmaqla, 2824 ton məhsul istehsal edilmişdir. Yığılan kartof, əsasən, rayon mərkəzi Qıvraq qəsəbəsində və Naxçıvan şəhərində satışa çıxarılır. Rayonda 40 tonluq soyuducu anbar fəaliyyət göstərir. Torpaq mülkiyyətçiləri onun xidmətindən də yararlanırlar.
Kəngərlidə “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası istiqamətində də bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, rayonun dörd sakininə meyvə bağlarının salınması üçün kredit verilmiş, 11 hektarda yeni meyvə bağları salınmış, 8100 ədəd meyvə tingi əkilmişdir.
Muxtar respublikamızın digər bölgələri kimi, Kəngərli torpağı da tarixən yüksək keyfiyyətli meyvə və bostan-tərəvəz məhsulları ilə tanınmışdır. Xüsusən Şahtaxtı qovunu adla deyilir. Heç də təsadüfi deyildir ki, təkcə ötən il rayonda 3510 ton tərəvəz, 2170 ton bostan məhsulları, 4712 ton meyvə və 490,9 ton üzüm yığılmışdır.
Kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında əsas şərtlərdən biri əkin sahələrinin suvarılmasıdır. Bu məsələ bütün il boyu diqqətdə saxlanılmışdır. Kəngərlidə kənd təsərrüfatı işlərinin lazımi səviyyədə həyata keçirilməsi üçün “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin bu rayonda da bazası yaradılmış, servis xidmətlərinin işi daha da yaxşılaşdırılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Sərəncamına uyğun olaraq, rayonda 2012-ci ildə əkin sahələrinin becərilməsində istifadə olunan yanacaq və motor yağlarına görə torpaq mülkiyyətçilərinə 244 min 600 manat dövlət yardımı verilmişdir.
Bu gün Kəngərlinin hər bir kənd sakini heyvandarlığı başlıca gəlir mənbəyi sayır. Kəngərli rayonunda kənd təsərrüfatı məhsulları istehsalında heyvandarlığın da çəkisi böyükdür. Mal-qaranın, qoyunların, quşların, arı ailələrinin sayına və məhsul istehsalına görə rayon muxtar respublikada önəmli yerlərdən birini tutur. Rayonda iribuynuzlu mal-qaranın sayı 7820 başa, xırda­buynuzlu heyvanların sayı 89 min 130 başa çatdırılmışdır. Quşların sayı artaraq 100 min 500 baş olmuşdur. Rayon üzrə 25 təsərrüfatda 1510 arı ailəsi saxlanılır. Heyvandarlıq məhsulları da artmışdır. Ət istehsalı 26 ton, süd istehsalı 100 ton, yun istehsalı 1,6 ton, yumurta istehsalı 80 min ədəd əvvəlki ilin göstəricisini üstələmişdir. 2011-ci ilə nisbətən 5 ton çox, yəni 30 ton bal istehsal edilmişdir. Ət və süd məhsullarının artmasına təsir göstərən amillərdən biri heyvanların cins tərkibinin yaxşılaşdırılmasıdır. Təkcə ötən il rayona 38 baş cins mal-qara gətirilmiş, lizinq yolu ilə sahibkarlara verilmişdir.
Rayonda balıqçılıq da inkişaf etdirilir. Qarabağlar kəndində yaradılan “Asnı” balıqçılıq təsərrüfatı fəaliyyətini getdikcə genişləndirir. Təsərrüfatın nəzdində balıq konservi istehsal edən müəssisə də fəaliyyət göstərir.
2012-ci ildə Kəngərli rayonunda 6870 hektar sahədə əkin keçirilmiş, bitkiçilikdə 18 milyon 504,4 min, heyvandarlıqda 9 milyon 788,4 min, balıqçılıqda isə 235 min manatlıq məhsul istehsal edilmişdir.
Aqrar sahədə çalışanların sayı da ilbəil artır. Torpaqlardan səmərəli istifadə olunur. İndi rayonda elə bir yaşayış məntəqəsi yoxdur ki, orada yeni, gözəl ev tikilməsin. Fərdi minik avtomobillərinin də sayı ilbəil çoxalır. Bütün bunlar torpağa bağlılığın fərəhli nəticələridir.

Cəfər ƏLİYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR