22 Dekabr 2024, Bazar

Muxtar respublikada fəaliyyət göstərən bank və digər kredit təşkilatları tərəfindən iqtisadiyyatın kreditləşdirilməsi vəziyyəti diqqəti xüsusən cəlb edir. Belə ki, cari ilin yanvar-sentyabr aylarında keçən ilin müvafiq dövrü ilə müqayisədə bankların iqtisadiyyatı kreditləşdirməsi 25,4 faiz artaraq 41 milyon 637 min manata çatıb ki, bu da eyni dövr ərzində muxtar respublikada istehsal olunmuş Ümumi Daxili Məhsulun 2,5 faizini təşkil edir. Ümumiyyətlə, 1 oktyabr 2014-ci il tarixə muxtar respublikada cəmi kredit qoyuluşunun həcmi 98 milyon 92 min manat olub, ötən ilin müvafiq dövründə isə bu göstərici 81 milyon 464 min manat təşkil edib.

Kreditlərin ötən illə müqayisədə artımı ilə bərabər, verilmiş kreditlərin ölkə üzrə ən aşağı faiz dərəcəsi də məhz muxtar respublikamızda müşahidə olunub.

İqtisadiyyatın real sektoruna cəlb olunan kreditlərin 2 milyon 258 min manatı sənaye, 6 milyon 520 min manatı tikinti, 3 milyon 629 min manatı kommersiya, 16 milyon 3 min manatı isə daşınmaz əmlakla əlaqədar ipoteka kreditləri və digər kommunal, sosial və istehlak kreditlərinin payına düşür. Kreditləşmənin intensiv həyata keçirildiyi sahələrdən biri də muxtar respublika iqtisadiyyatının əsası sayılan kənd təsərrüfatıdır. Kənd təsərrüfatının kreditləşdirilməsi ötən ilin müvafiq dövründə 9 milyon 771 min manat təşkil edib, cari ilin yanvar-sentyabr ayları ərzində isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,2 faiz artaraq 13 milyon 212 min manata çatıb. Bu göstəricinin artması təsadüfi deyil. Bu gün muxtar respublikamızda əhalini zəruri qida məhsulları və kənd təsərrüfatı malları ilə təmin etmək üçün güclü potensial mövcuddur. Bu potensialın dəyərləndirilməsi məqsədilə kənd təsərrüfatı ilə məşğul olan fermerlərin, bu sahədə fəaliyyət göstərən kiçik və orta sahibkarların stimullaşdırılması vacib məsələdir. Bu baxımdan muxtar respublikada fəaliyyət göstərən bank və digər kredit təşkilatları tərəfindən kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə fermerlərə, sahibkarlara verilən aşağı faizli kreditlər böyük əhəmiyyətə malikdir.
Kənd təsərrüfatının kreditləşməsində bitkiçilik məhsullarının, o cümlədən taxılçılığın, bostan-tərəvəz bitkilərinin yetişdirilməsi, istixana təsərrüfatının inkişafı xüsusi yer tutur. Müvafiq olaraq, bu sahələrə 1 milyon 335 min manat, 1 milyon 421 min manat, 535 min manat kredit verilib.
Heyvandarlığın inkişafına yönəldilmiş kreditlərin həcmi isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfədən çox artaraq 9 milyon 225 min manat təşkil edib. Arıçılığın inkişafı da diqqətdən kənarda qalmayıb. Bu məqsədlə cəlb edilmiş kreditlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfədən çox artaraq 440 min manata çatıb.
Cəlb olunan kreditlərin həcminin artmasına səbəb olan amillərdən biri də məhz banklar tərəfindən verilən aşağı faizli kreditlərdir. Belə ki, 2014-cü ilin yanvar ayından etibarən “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti kənd təsərrüfatına verilən kreditlərə tətbiq etdiyi faiz dərəcələrini 15 faizədək endirib ki, bu da ölkə üzrə eyniadlı sahədə tətbiq olunan ən aşağı faiz dərəcəsidir.
Banklar tərəfindən muxtar respublikada aqrar sektorun maliyyələşdirilməsi kənd təsərrüfatı məhsullarının istehsalının artımına da təsir göstərib. 2014-cü ilin yanvar-sentyabr aylarında muxtar respublikada istehsal olunmuş sənaye məhsulunun ümumi həcmi 719 milyon 129 min manat, kənd təsərrüfatı məhsullarının ümumi həcmi isə 270 milyon 668 min manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1,3 və 4,7 faiz çoxdur.
Əhalinin əsas kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi, bu növ məhsulların idxaldan asılılığını azaltmaqla ərzaq təhlükəsizliyinin təmin olunması məqsədilə muxtar respublikada fəaliyyət göstərən bank sektoru bundan sonra da öz maliyyə vəsaitlərini səfərbər edəcəkdir.

Elçin ƏLİYEV
Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar
Respublikası İdarəsinin aparıcı mütəxəssisi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR