Muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsalını genişləndirmək, daxili bazarın tələbatını yerli məhsullar hesabına ödəmək məqsədilə son illər reallaşdırılan iqtisadi layihələr bəhrələrini verməkdədir. Bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri də muxtar respublikaya kənd təsərrüfatı texnikaların gətirilməsi və torpaq mülkiyyətçilərinə aqrolizinq xidmətlərinin göstərilməsidir. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin bölgələrdə bazalarının yaradılması bu məqsədə xidmət edir.
Ötən dövr ərzində bu tədbir tikinti-quruculuq işlərinin tərkib hissəsinə çevrilmiş, muxtar respublikanın rayonlarında bazalar yaradılmış, onlar üçün binaların tikintisi diqqət mərkəzində saxlanılmışdır. Bu qayğıdan Şahbuz rayonuna da pay düşmüşdür. Belə ki, hazırda rayonda “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Şahbuz bazası üçün yeni kompleks inşa olunur. Burada inzibati bina, təmir sexi, gübrə anbarı istifadəyə veriləcək. İnzibati binanın və gübrə anbarının bünövrələrində inşaat işləri başa çatdırılmış, digər tikinti tədbirləri davam etdirilir. “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları öhdələrinə götürdükləri obyektin tikintisində əzmkarlıq göstərir, keyfiyyət amilini diqqət mərkəzində saxlayırlar.
Xəbərlər şöbəsi