22 Dekabr 2024, Bazar

Oktyabrın 24-də Naxçıvan şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 3-cü Biznes Forumu və Türkdilli Dövlətlərin Biznes Şurasının 3-cü Toplantısı keçirilmişdir.
Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat və Sənaye nazirlikləri, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AzPROMO) və digər müvafiq dövlət qurumlarının dəstəyi ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən təşkil edilmiş tədbir Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinə həsr olunmuşdu.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 3-cü Biznes Forumunda Türkiyə, Qazaxıstan, Qırğızıstandan olan ticarət-sənaye palatalarının, sahibkarlar birliklərinin rəhbərləri, 75 xarici şirkətin təmsilçisi və özəl sektorun nümayəndələri, eləcə də Azərbaycanın dövlət rəsmiləri və 120-dən çox yerli sahibkar iştirak edirdi.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun adından Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 3-cü Biznes Forumunun iştirakçılarını salamlayan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iqtisadi məsələlər üzrə müşaviri Müslüm Cabbarzadə çıxış edərək forumun işinə uğurlar arzulamışdır.
Bildirmişdir ki, türkdilli dövlətlərin müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində keçirilən görüşlər artıq ənənə halını almışdır. Təqdirəlayiq haldır ki, bugünkü forum Naxçıvanda bu istiqamətdə keçirilən sayca üçüncü mühüm tədbirdir.

Qeyd olunmuşdur ki, 5 il əvvəl, 2009-cu il oktyabrın 3-də Naxçıvanda keçirilən Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Toplantısında qəbul edilən qərarlar üzv ölkələr arasında əməkdaşlığın güclənməsində mühüm rol oynamışdır. Məhz həmin tarixi toplantı zamanı imzalanmış “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında” Naxçıvan Sazişi bu təşkilatın yaradılmasının əsasını qoymuşdur. Ötən dövr ərzində təşkilat tərəfindən mədəniyyət, elm, texnika, təhsil, səhiyyə, turizm və iqtisadiyyat sahələrində qarşılıqlı etimada və dostluğa əsaslanan əməkdaşlıq əlaqələrinin yaradılması və inkişafı üçün əhəmiyyətli addımlar atılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iqtisadi məsələlər üzrə müşaviri qeyd etmişdir ki, 2012-ci il oktyabrın 5-də Naxçıvan şəhərində Türkdilli Dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının ilk iclasının keçirilməsi əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addım olmuşdur. Həmin görüşdə ticarətin inkişafı, investisiya qoyuluşları, gömrük və tranzit prosedurlarının sadələşdirilməsi barədə səmərəli müzakirələr aparılmış, bir sıra mühüm məsələlərə dair razılaşmalar əldə edilmişdir. Görüşün yekunu olaraq türkdilli dövlətlərin gömrük xidməti rəhbərləri tərəfindən “Naxçıvan bəyannaməsi” qəbul edilmişdir.
Bildirilmişdir ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının biznes forumlarının təşkil edilməsi də üzv ölkələr arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi sahəsində qarşılıqlı fikir mübadiləsinin aparılması və əməli təkliflərin ərsəyə gəlməsi baxımından olduqca faydalı əməkdaşlıq formatıdır. İnanırıq ki, bu gün Naxçıvanda keçirilən növbəti biznes-forum və Türkdilli Dövlətlərin Biznes Şurasının 3-cü Toplantısı öz nəticələri ilə əməkdaşlıq əlaqələrinin inkişafına yeni töhfələr verəcəkdir.
“Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi münasibətilə 2014-cü il muxtar respublikada “Muxtariyyət ili” elan olunmuşdur. Forumun keçirilməsi Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr edilir”, – deyən Müslüm Cabbarzadə əlavə etmişdir ki, uzun müddətdən bəri blokada vəziyyətində olmasına baxmayaraq, bu gün Naxçıvan Muxtar Respublikası Azərbaycanın sürətlə inkişaf edən regionudur. Aparılan islahatlar nəticəsində iqtisadiyyatın bütün sahələrində dinamik inkişafa nail olunmuşdur. Hazırda sənaye, kənd təsərrüfatı, tikinti, ticarət və xidmət sahələri muxtar respublika iqtisadiyyatında əsas yer tutur. Qazanılan uğurlar nəticəsində enerji və ərzaq təhlükəsizliyi təmin edilmişdir. Xarici iqtisadi əlaqələrin inkişafı üçün geniş imkanlar, yerli və xarici iş adamları üçün əlveriş­li biznes və investisiya mühiti yaranmışdır.
Əmin olduğumuzu bildiririk ki, Biznes-Forumda aparılacaq müzakirələr və iş adamları arasında keçiriləcək ikitərəfli görüşlər iqtisadi əməkdaşlıq əlaqələrinin inkişafı üçün faydalı olacaqdır.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov forumun təşkilatçılığını yüksək qiymətləndirmiş, 2009-cu ildə Naxçıvanda keçirilən Türkdilli Ölkə­lərin Dövlət Başçılarının IX Zirvə Toplantısında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasının tarixi hadisə olduğunu bildirmişdir. R.Həsənov 150-dən çox sahibkarın iştirak etdiyi forumun türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafına təkan, ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da şaxələnməsinə rəvac verəcəyini vurğulamışdır.
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat və sənaye naziri Famil Seyidov bildirmişdir ki, keçmiş Sovetlər Birliyinin süqutundan sonra müstəqillik əldə edən Azərbaycanda ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında iqtisadi islahatlar aparılmış, bazar iqtisadiyyatına əsaslanan özəl sektor yaradılmışdır. Ulu öndər Heydər Əliyev hələ ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında cəmiyyət həyatının bütün sahələrini əhatə edən inkişafın möhkəm əsaslarını yaratmışdır. Sonralar Azərbaycanın hər yerində, o cümlədən Naxçıvanda baş verən böyük yeniləşmə və inkişaf prosesləri həmin zəmin üzərində davam etdirilmişdir.
“Bu gün Naxçıvan öz inkişaf tarixinin çiçəklənmə dövrünü yaşamaqdadır. Belə ki, son 10 ildə inkişafın mühüm göstəricisi olan Ümumi Daxili Məhsul istehsalının həcmi 8,4 dəfə artaraq 2 milyard 981 milyon ABŞ dollarına çatmışdır. Sovetlər Birliyi dönəmində muxtar respublikada 40 sənaye müəssisəsi fəaliyyət göstərirdisə, bu gün həmin müəssisələrin sayı 438-ə çatmışdır. Bu müəssisələr hesabına muxtar respublikada 350 növdə məhsul istehsal olunur, 336 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir”, – deyən Famil Seyidov əlavə etmişdir ki, həyata keçirilən sosialyönümlü iqtisadi siyasətin nəticəsi olaraq, dayanıqlı inkişafın təməlini təşkil edən infrastruktur tamamilə yenidən qurulmuş, təhsil, səhiyyə, nəqliyyat, energetika və digər bu kimi sahələrin inkişafına yönəldilmiş investisiyaların həcmi ildən-ilə artaraq 2013-cü ildə 1 milyard 323 milyon ABŞ dolları təşkil etmişdir. 10 mindən çox sosial-iqtisadi əhəmiyyət kəsb edən infra­struktur obyektləri istifadəyə verilmiş, muxtar respublikada təbii qaz təchizatı 100 faiz təmin edilmiş, elektrik enerjisinin ixracına nail olunmuşdur.
Qeyd olunmuşdur ki, kənd təsərrüfatı istehsalçılarının fəaliyyətinə göstərilən dövlət dəstəyi bu sahənin inkişafına ciddi dərəcədə təsir göstərmiş, məhsul istehsalı 2013-cü ildə 430 milyon ABŞ dollarına çatmışdır.
Bu gün Ümumi Daxili Məhsul istehsalında özəl bölmənin payının 87 faiz təşkil etdiyini bildirən iqtisadiyyat və sənaye naziri onu da dedi ki, azad iqtisadi zonaların, sənaye parklarının yaradılmasını nəzərdə tutan xüsusi hüquqi sənədlərin qəbul edilməsi sahibkarlıq fəaliyyətində yeni mərhələnin başlanmasının bariz nümunəsidir.
Nəzərə çatdırılmışdır ki, muxtar respublikada xarici ticarətin inkişafında ciddi nailiyyətlər qazanılmış, 512 milyon ABŞ dolları həcmində xarici ticarət dövriyyəsi yaranmış, 37 xarici ölkə ilə ticarət əlaqələri qurulmuş, 29 növdə məhsulun ixracına nail olunmuşdur.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov bildirmişdir ki, bu gün ölkələrimiz müstəqil dövlətlər kimi bütün sahələrdə, xüsusən də iqtisadiyyat sahəsində uğurlu əməkdaşlıq edirlər. Bu baxımdan regional əməkdaşlıq məsələləri xüsusi önəm kəsb edir. Bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyət göstərən digər qurumlar kimi, biznes dairələri arasında əməkdaşlıq platformasının yaradılmasına təkan verən Biznes Şurası da ölkələrimiz arasında əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Naxçıvan Muxtar Respublikasının yaranmasının 90 illiyi çərçivəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Türkdilli Dövlətlərin Biznes Şurasının bir araya gələrək forum keçirməsinin əlamətdar hadisə olduğunu vurğulamışdır. Sahibkarlar Konfederasiyasının prezidenti qeyd etmişdir ki, 2009-cu ildə Azərbaycanın qədim Naxçıvan şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təsis edilməsi barədə qərar qəbul edilmiş və həmin təşkilatın toplantılarının keçirilməsi artıq ənənə halını almışdır.
Sonra Türkiyə Palatalar və Birjalar Birliyinin prezidenti Rıfat Hisarcıklıoğlu, Qazaxıstanın Beynəlxalq Ticarət Palatasının İdarə Heyəti sədrinin müavini Abdulla Kundakbayev, Qırğızıstanın Ticarət və Sənaye Palatasının prezidenti Marat Şarşekeyev, Qazaxıstan İşəgötürən­lər Konfederasiyasının İdarə Heyətinin sədri Kadır Baykenov çıxış etmiş, türkdilli dövlətlər arasında iqtisadi əlaqələrin genişlənməsi istiqamətində görülən işlərdən, nəzərdə tutulan tədbirlərdən danışmışlar.
Tədbir çərçivəsində Türkiyə Qida Konfederasiyasının prezidenti Hakan Yüksəl “Regionda ərzaq təhlükəsizliyi çağırışları fövqündə regional aqrar inteqrasiya layihələri haqqında” təqdimatla çıxış etmişdir. Forum zamanı Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəflərinin təqdimatları olmuşdur.
Daha sonra Türkdilli Dövlətlərin Biznes Şurasının 3-cü Toplantısı keçirilmiş və iş adamları arasında ikitərəfli görüşlər təşkil olunmuşdur.
Tədbir iştirakçıları Naxçıvan Muxtar Respublikasında bir sıra sənaye-istehsal müəssisələrinin – “Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi”, “Dizayn Sənaye Kompleksi”, “Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli cəmiyyətlərinin, “Cahan” AVM-in fəaliyyəti ilə tanış olmuşlar. Qonaqlar Naxçıvan şəhərinin tarixi-memarlıq abidələri ilə də tanış olmuş, Duzdağ Fizioterapiya Mərkəzini gəzmişlər.
Tədbir Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin möhtəşəm konsert proqramı ilə başa çatmışdır. 

 Rauf ƏLİYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR