Əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin rifah halının yaxşılaşdırılması Naxçıvan Muxtar Respublikasında həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindəndir. Dövlət dəstəyi ilə özəl müəssisələrin fəaliyyətə başlaması sahəsində görülən kompleks tədbirlər muxtar respublikanın sosial-iqtisadi uğurlarını artıran səbəblərdəndir. Kənd təsərrüfatında məhsul istehsalının stimullaşdırılması, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi məqsədilə həyata keçirilən tədbirlər muxtar respublikanın iqtisadi mənzərəsinin dəyişməsində əhəmiyyətli rol oynayır. Bütün bunlar – iqtisadiyyatın şaxələndirilməsi, sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi özəl sektorun inkişaf etməsinə şərait yaratmışdır. Bu isə, öz növbəsində, Ümumi Daxili Məhsul istehsalında özəl bölmənin payının 87 faiz olması ilə nəticələnmişdir.
Muxtar respublikada həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindən biri də ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Bunun üçün daxili bazarın tələbatına uyğun yerli məhsul istehsal edən müəssisələrin yaradılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Nəticə etibarilə, bazar iqtisadiyyatının tələblərinə uyğun rəqabətqabiliyyətli müəssisələr yaradılır. Belə müəssisələrdən biri də Naxçıvan şəhərində fəaliyyət göstərən “Gəmiqaya Bərəkət Qida Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Dövlət maliyyə dəstəyi ilə müəssisədə 2003-cü ildə çörək, 2004-cü ildə makaron, peçenye və kolbasa, 2005-ci ildə isə süd məhsulları istehsalı sahələri yaradılmışdır. Bu istehsal sahələrində Almaniya, Türkiyə və İtaliya istehsalı olan müasir texnoloji avadanlıqlar quraşdırılmışdır. Müəssisənin fəaliyyətinin genişləndirilməsi, müasir texnoloji avadanlıqlar tətbiq olunmaqla istehsal gücünün artırılması, yeni istehsal sahələrinin yaradılması və əlavə işçi qüvvəsinin cəlb edilməsi məqsədilə Sahibkarlığa Kömək Fondundan 2008-ci ildə əlavə dövlət maliyyə dəstəyi göstərilmişdir. Bu vəsaitlə inzibati binada və yeməkxanada əsaslı təmir işləri aparılmış, müəssisə müasir avadanlıqlarla təmin edilmişdir. Eyni zamanda çörək sexində istehsal gücü saatda 3000 ədəd çörək olan tam avtomatik yeni xətt istifadəyə verilmişdir. Burada çörək dəmir üzərində deyil, daş üzərində bişirilir ki, bu da məhsulun daha keyfiyyətli istehsalı deməkdir. Daxili bazarın yüksək keyfiyyətli ərzaq məhsulları ilə təmin olunmasına öz töhfəsini verən “Gəmiqaya Bərəkət Qida Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətində istehsal sahələri ilbəil genişləndirilir. Bu istiqamətdə işlər uğurla davam etdirilmiş, 2011-ci ildə Türkiyə istehsalı olan müasir texnoloji avadanlıqlar tətbiq olunmaqla Şərq şirniyyatları istehsalı sahəsi fəaliyyətə başlamışdır.
“Taxıl Məmulatları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində 18 min ton tutuma malik uzunmüddətli və 20 min ton tutuma malik qısamüddətli taxıl ehtiyatı anbarlarının, gündəlik istehsal gücü 200 ton olan un dəyirmanının fəaliyyət göstərməsi yerli sahibkarlardan tədarük olunan taxılın saxlanılmasına, yüksək keyfiyyətli un istehsalına imkan verir. Bu, çörək istehsalında mühüm amildir. Əla, birinci və qara növdə un istehsal olunan dəyirmanda ötən ilin sonunda kəpəkli un istehsalına başlanılması dünya praktikasında yüksək qiymətləndirilən və insan orqanizmi üçün vacib elementlərlə zəngin olan yeni çeşiddə kəpəkli çörək istehsalına da əlverişli şərait yaratmışdır. “Gəmiqaya Bərəkət Qida Məhsulları” MMC-də kəpəkli çörək istehsalına daxili bazarın tələbatının öyrənilməsi məqsədilə ötən ilin sonundan başlanılmışdır.
Məlumat üçün qeyd edək ki, sağlamlıq baxımından olduqca faydalı olan vitaminlər buğda üyüdülən zaman vitaminlərin daha çox olduğu üst qabığının kəpək olaraq ayrılması nəticəsində ağ unun tərkibində qalmır. Buğdanın üst qabığı B2 və B6 vitaminləri, niyasin, fol turşusu, dəmir və sinklə zəngindir. Ağ un hazırlanarkən kəpəyin ayrılması nəticəsində buğdanın tərkibində olan B2 vitamini 50 faiz, B6 vitamini 77 faiz, niyasin 65 faiz, fol turşusu 60 faiz, dəmir 65 faiz, sink 85 faiz miqdarında azalır. Kəpəkli çörəkdən təkcə artıq çəkidən və şəkərli diabetdən əziyyət çəkənlər deyil, heç bir sağlamlıq problemi olmayanlar da istifadə etməlidirlər. Çünki kəpəkli çörəkdən istifadə həm bol miqdarda vitamin qəbuluna, həm də mədə-bağırsaq sisteminin düzgün fəaliyyətinə səbəb olur. Elə bunun nəticəsidir ki, satışa çıxarılan kəpəkli çörəyə tələbat get-gedə artır.
Müəssisədə istehsal olunan digər ərzaq məhsulları da alıcılar tərəfindən rəğbətlə qarşılanır. Makaron sexində istehsal edilən müxtəlif növdə yüksək keyfiyyətli makaron 350, 500 qramlıq, 10 kiloqramlıq kisələrdə, Şərq şirniyyatları istehsalı sexində hazırlanan Azərbaycan milli şirniyyatları – şəkərbura, Ordubad və Şəki paxlavaları, müxtəlif çeşidlərdə qurabiyə, qat-qat, şəkərçörək, milli şirin çörək, biskvit və digər unlu-qənnadı məmulatları nəfis tərtibatla bəzədilmiş taralarda satışa çıxarılır.
Fermer və fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən xammal şəklində alınan ət və süd məhsulları xüsusi maşınlarla müəssisəyə daşınıb laborator analizdən keçirildikdən sonra istehsalata buraxılır. Ətdən bir neçə növ kolbasa, süddən isə kərə yağı, pendir, qatıq və ayran istehsal olunur. Ayran 200, kərə yağı 250, 400 qramlıq, 1 və 4 kiloqramlıq, pendir isə 0,5, 1 kiloqramlıq plastik və 17 kiloqramlıq dəmir taralarda qablaşdırılır.
Sanitar-gigiyenik qaydalara ciddi əməl olunduğu müəssisədə müasir avadanlıqlarla təchiz olunmuş iki laboratoriya fəaliyyət göstərir. Müəssisəyə daxil olan xammal və ya hazır məhsul həmin laboratoriyalarda analizdən keçirildikdən sonra istehsala buraxılır və ya satışa çıxarılır.
İldən-ilə fəaliyyəti genişləndirilən müəssisədə çörək sexi üç, digər sexlər isə birnövbəli iş rejimində fəaliyyət göstərir. Burada 174 nəfər çalışır.
Bütün göstəriciləri ilə seçilən yerli məhsul artıq xaricdən idxal olunan, mənşəyi məlum olmayan keyfiyyətsiz məhsulları bazardan sıxışdırıb çıxarır. Gələcəkdə müəssisədə istehsal olunan məhsulların Azərbaycanın digər regionlarında və xarici bazarlarda satışa çıxarılması nəzərdə tutulur. Bu məqsədlə kompleks tədbirlər həyata keçirilmiş, yüksək keyfiyyət göstəriciləri ilə seçilən yerli ərzaq məhsullarının xarici bazarlara çıxarılmasına əlverişli şərait yaradılmışdır. “Gəmiqaya Bərəkət Qida Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətində bütün istehsal prosesi İSO keyfiyyəti idarəetmə sisteminin və qida təhlükəsizliyinin tələblərinə tam uyğun şəkildə təşkil edildiyi üçün müəssisə mərkəzi ofisi İngiltərədə yerləşən Beynəlxalq “Global Group” sertifikatlaşdırma təşkilatı tərəfindən 2011-ci ilin oktyabr ayında İSO 9001-2008 və İSO 22000 sertifikatına uyğunluğu təsdiq olunaraq sertifikatlaşdırılmışdır. Bu, yerli ərzaq məhsullarının yüksək keyfiyyətli istehsalının göstəricisi və xarici bazara çıxışının təminatı deməkdir.
Kərəm HƏSƏNOV