Naxçıvan Muxtar Respublikasında aparılan genişhəcmli tikinti-quruculuq işlərinin bir hissəsini əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər təşkil edir. Bu sahədə görülən işlərin nəticəsidir ki, son illər xeyli ailə yeni, hər cür şəraitə malik mənzillərlə təmin olunub. Yeni yaşayış binalarının tikilməsi, təmirə ehtiyac olan binaların əsaslı şəkildə yenidən qurulması insanların rahatlığının təmin olunmasına xidmət edir. Bu istiqamətdə həyata keçirilən tədbirlər Naxçıvan şəhəri daxil olmaqla rayon mərkəzlərini də əhatə edir. Hazırda Babək rayon mərkəzi olan Babək qəsəbəsində 5 mərtəbəli yaşayış binasında əsaslı təmir işləri aparılır. Belə ki, qəsəbənin Heydər Əliyev prospektində yerləşən 60 mənzilli yaşayış binasında təmir işlərinə cari ilin iyul ayından başlanılıb. “Cahan İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən yaşayış binasının dam örtüyü vurulub, pəncərələri dəyişdirilib, su xətləri yenilənib. İş icraçısı Salman Abdullayevin verdiyi məlumata görə, hazırda daxildə suvaq işləri aparılır, döşəmə və pilləkənlərə yeni örtük vurulur. Yaxın günlərdə binanın girişlərinə yeni qapılar salınacaq. Eyni zamanda yaşayış binasının aşağı fasad hissəsinin 3 metr hündürlüyədək üzlük daşla üzlənməsi davam etdirilir.
Yerli tikinti materiallarından istifadəyə üstünlük verilən yaşayış binasında təhlükəsizlik qaydalarına da ciddi əməl olunur. Bina hazır olduqdan sonra burada yaradılmış şərait sakinlərə rahatlıq, binanın müasir görkəmi isə qəsəbəyə gözəllik bəxş edəcək.
Xəbərlər şöbəsi