Nağdsız ödənişlər iqtisadi inkişafa, vətəndaşlarımızın rahatlığına və şəffaflığa xidmət edir
Müasir mərhələdə ölkədə pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri iqtisadi artımın və inkişafın başlıca şərti olan makroiqtisadi sabitliyin qorunmasına, bank sektorunda stabilliyin təmin edilməsinə və maliyyə vasitəçiliyinin dərinləşməsinə yönəldilmişdir. Bu hədəflərə nail olmaq üçün pul siyasətinin və bank nəzarətinin strateji çərçivəsinin davamlı təkmilləşdirilməsi həyata keçirilir, habelə makroiqtisadi siyasətin koordinasiyasının daha da təkmilləşdirilməsinə zəruri dəstək verilir və ən əsası, nağdsız pul kütləsinin dövriyyəsinin artırılmasına istiqamətlənmiş kompleks tədbirlər reallaşdırılır.
Nağdsız ödəniş sistemi və onun növləri
Dünyanın inkişaf etmiş ölkələrinin maliyyə bazarında nağdsız ödəniş sistemi geniş yayıldığından adi əməliyyat mexanizminə çevrilib. Nağdsız ödəniş pul və pul vəsaitlərinin nağd olmadan banklar və səlahiyyəti olan digər maliyyə mənbələri vasitəsilə həyata keçirilən pul dövriyyəsi formasıdır.
Son illər respublikamızda da nağdsız ödəniş sisteminin inkişafı məqsədilə müvafiq addımlar atılır. Düzdür, hələ ki, bəzi maliyyə subyektlərinin bu sistemi həyata keçirmək üçün POS-terminalların tətbiqinə və eyni zamanda əhalinin də nağd ödənişlərin aparılmasına az maraq göstərmələri müşahidə edilir. Bunu statistik rəqəmlər də göstərir. Belə ki, nağd pul kütləsinin ümumi pul dövriyyəsində xüsusi çəkisi inkişaf etmiş ölkələrdə 7-10 faiz arasında olduğu halda, bu göstərici Azərbaycanda 50-55 faiz təşkil edir. Bu sistemin genişləndirilməsi bu gün Azərbaycanın maliyyə-iqtisadi siyasətinin əsas istiqamətlərindən biridir. Bu sahədə beynəlxalq təcrübədən, inkişaf etmiş ölkələrdə tətbiq olunan stimullaşdırıcı və məhdudlaşdırıcı tədbirlərdən istifadə etməklə, habelə əhalinin maarifləndirilməsi və məlumatlandırılması yolu ilə sözügedən sistemin genişləndirilməsinə nail olmaq mümkündür.
Müasir dövrdə respublikamızda nağdsız ödənişlər müxtəlif formalarda (bankomatlar, POS-terminallar, internet vasitəsilə və digər) həyata keçirilir.
“Bankomat” deyilən aparatları bu gün əksər vətəndaşlarımız ancaq nağd pul vəsaitlərinin çəkildiyi cihaz kimi başa düşürlər. Lakin həmin aparatlarda kommunal xərclərin ödənilməsi, mobil telefonlara konturların yüklənməsi, digər şəxslərə (kard transferi) pul vəsaitinin göndərilməsi və sair bu kimi nağdsız ödənişlər aparmaq olar.
İnternet üzərindən ödəniş plastik kartların köməyilə günün istənilən vaxtında istər respublikamızdan kənarda, istərsə də ölkə daxilində fəaliyyət göstərən şirkətlərin təqdim etdiyi malların alınması, göstərilən xidmətlərin dəyərinin ödənilməsi, mobil telefonlarda danışıq dəqiqələrinin artırılması, kommunal xərclərin, banklara kreditlərin ödənilməsi və sair bu kimi digər xidmət növləri üzrə ödənişlərin xidmət göstərilən obyektə getmədən internet məkanı olan yerdən aparılmasıdır.
Artıq muxtar respublikamızda da elektrik enerjisi, telefon, internet, qaz pullarının plastik kartlar vasitəsilə istər internet üzərindən, istərsə də poçt şöbələrində quraşdırılmış POS-terminallar vasitəsilə ödənilməsi həyata keçirilir.
POS-terminal bank sistemi ilə onlayn rejimində işləyən elektron qurğudur. Bu qurğu quraşdırılmış obyektlərdə vətəndaşlarımız əllərində olan plastik kartlar vasitəsilə onlara göstərilən işin (xidmətin) dəyərinin nağdsız qaydada ödənilməsini təmin edirlər.
Nağdsız ödəniş sisteminin əhəmiyyəti
Nağdsız ödəniş sistemi maliyyə vəsaitlərinin dövriyyəsinin sürətlənməsi, nağd pul kütləsinin ixtisarı, maliyyə əməliyyatlarında şəffaflığın qorunması, vergidənyayınma hallarının qarşısının alınması, ödəniş məbləğinin dəqiq aparılması, vaxt itkisinin aradan qaldırılması, pulitirməmək, saxta pullarla rastlaşmamaq və digər bu kimi iqtisadi və sosial üstünlüklərə malikdir.
Nağdsız ödənişlər, ilk növbədə, vətəndaşlarımızın rahatlığını və təhlükəsizliyini təmin edən ödəniş vasitəsidir.
İstənilən bir şəxs əməkhaqqını və ya təqaüdünü alarkən həmin vəsaitin çəkilməsi üçün müəyyən edilmiş ərazilərdə quraşdırılmış bankomat aparata (nəzərə alsaq ki, “bankomat” deyilən aparat böyükhəcmli olduğuna görə hər bir obyektdə və ünvanlarda tətbiqi mümkün deyil) yaxınlaşır, burada uzun-uzadı növbə gözləməklə və vaxt itirməklə pullarını nağd qaydada çəkir. Sonradan istər alış-veriş aparılan zaman, istərsə də kommunal xərclərin ödənilməsi zamanı həmin vəsaitlərin xərclənməsi üçün hər hansı ticarət, xidmət obyektlərinə və ya poçt şöbələrinə üz tutur və orada ona göstərilən xidmətə görə vəsaitini nağd qaydada ödəyir.
Yaxşı olar ki, vətəndaşlarımız vaxt itkisi yaşamadan, pulun itirilməsi, ciblərdə sıradan çıxması və sair bu kimi problemlərlə rastlaşmamaq üçün pulunu nağd qaydada çəkmədən, plastik kartdan istifadə etməklə həmin obyektlərdə POS-terminal vasitəsilə və yaxud evində, iş yerində, ofisində oturaraq internet vasitəsilə nağdsız qaydada ödənişlər aparsın.
Plastik kart sahibləri evində oturub öz səyahətini asanlıqla planlaşdırır, digər ölkədə mehmanxana nömrələrinin, aviabiletlərin qabaqcadan sifarişini verə bilirlər. Elə səyahət zamanı da kartların faydasını görənlər çoxdur. Belə ki, xarici ölkələrə səyahət edərkən üzərimizdə külli miqdarda pul gəzdirmək məcburiyyətində qalmırıq.
Nağdsız ödəniş formasının kütləviləşməsində dövlət də maraqlıdır. Çünki bu sistem maliyyə intizamına nəzarət etməyə, maliyyə əməliyyatlarında şəffaflığın qorunmasına, makroiqtisadi proseslərin nizama salınmasına, eyni zamanda vətəndaşların rahatlığının təmin olunmasına, müştərilərin və bankların əməliyyatlarının təhlükəsizliyinə əhəmiyyətli təsir göstərir.
Muxtar respublikamızda nağdsız hesablaşmaların əhatə dairəsi genişlənir
Ayrı-ayrı dövrlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilmiş müşavirələrdə Ali Məclisin Sədri tərəfindən muxtar respublika ərazisində nağdsız ödənişlərin genişləndirilməsi ilə bağlı aparılan işlərin sürətləndirilməsi, POS-terminalların tətbiqi və onlardan səmərəli istifadənin təmin edilməsi məqsədilə Vergilər Nazirliyinə və Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinə mühüm tapşırıqlar verilmişdir.
Məhz bu məqsədlə də muxtar respublikamızda son dövrlər nağdsız dövriyyənin stimullaşdırılması istiqamətində apardığımız maarifləndirici və stimullaşdırıcı tədbirlər öz müsbət nəticələrini verməkdədir. Belə ki, statistik göstəricilərdən məlum olur ki, 1 yanvar 2014-cü il tarixə muxtar respublika ərazisində ticarət, iaşə, xidmət və sair bu kimi obyektlərdə 248 Pos-terminal quraşdırılmışdırsa, artıq cari ilin 9 ayında 569 POS-terminal quraşdırılaraq onların sayı 817-yə çatdırılmışdır.
Qeyd edilməlidir ki, tətbiq edilən POS-terminalların 77-si muxtar respublikanın kənd mərkəzlərində fəaliyyət göstərən ticarət obyektlərinin payına düşür. Bu da kənd sakinlərinin rahatlığını təmin edəcəkdir. Çünki kənd ərazisində yaşayan plastik kart sahibləri nağd pul çəkilməsi üçün şəhər və rayon mərkəzlərinə üz tutmadan kənddə fəaliyyət göstərən ticarət obyektlərində onlara göstərilən xidmətin dəyərini nağdsız qaydada POS-terminal vasitəsilə ödənilməsini həyata keçirə biləcəklər.
Nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsi nağdsız ödənişlərin aparılmasında da artımla müşahidə olunmuşdur. Əgər 2013-cü ilin oktyabr ayı ərzində muxtar respublika ərazisində nağdsız ödənişlərin həcmi 82 min 105 manat təşkil edirdisə, artıq 2014-cü ilin sentyabr ayında bu rəqəm 1 milyon 547 min manata çatmışdır. Təbii ki, bu, insanlarımızın bu sahəyə marağının artdığını göstərir.
Nağdsız ödənişlərin genişləndirilməsində stimullaşdırıcı tədbirlər
İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə nağdsız ödənişlərin genişləndirilməsi, əsasən, 3 istiqamətdə aparılır. Bunlar stimullaşdırıcı tədbirlər, məhdudlaşdırma və cərimələrin tətbiqidir.
Nağdsız ödənişlərin ümumi pul dövriyyəsindəki payı kifayət qədər olan ölkələrin təcrübəsi və psixoloji amillərin təhlili göstərir ki, əhalinin bu vərdişlərə yiyələnməsi müəyyən zaman tələb edir. Bu vərdişlərə yiyələnməkdə əsas amil kimi stimullaşdırıcı tədbirlərin həyata keçirilməsinin rolu böyükdür. Məhz bu məqsədlə istər Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin “Nağdsız ödə, hədiyyə qazan” və istərsə də “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin özünəməxsus plastik kart və POS-terminallarla aparılan nağdsız ödənişlərə görə 5 faiz endirim güzəştinin verilməsi kimi stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi vətəndaşlarımızın son dövrlər bu sahəyə marağını xeyli artırmışdır. Məlumat üçün bildirək ki, 6 aydan bir həyata keçirilməsi nəzərdə tutulan “Nağdsız ödə, hədiyyə qazan” stimullaşdırıcı tədbirin ilk tirajı iyul ayında keçirilmişdir. Keçirilən tədbirdə 6 ay ərzində 500 manatdan yuxarı nağdsız ödəniş aparan 76 şəxs qiymətli hədiyyələrlə təltif olunmuşdur. Bu cür tədbirlərin gələcəkdə də aparılması nəzərdə tutulur.
Son söz...
İnanırıq ki, qısa müddətdə muxtar respublikamızda da nağdsız ödənişlərin inkişaf etdirilməsi sahəsində kompleks tədbirlərin görülməsi həm iqtisadi sistemdə şəffaflığın artırılmasına, həm də maliyyə sisteminin güclənməsinə imkan verəcək.
Nağdsız ödənişlərə keçidlə insanlarımız vaxt itkisi yaşamamaq, müəyyən streslərdən azad olmaq baxımından daha rahat olan nağdsız əməliyyat növünü seçməklə ödənişlərini aparmağa və bunun nəticəsi olaraq vergidənyayınma hallarının qarşısının alınmasında öz köməkliklərini göstərə bilər, muxtar respublikamızın daha da sürətli inkişafına öz töhfələrini vermiş olarlar.
Rəşad ƏLİYEV
Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin
şöbə rəisi, vergi xidməti müşaviri