Bu bəhrələrdən Culfa rayonuna da pay düşür
Xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə başlanmış genişmiqyaslı sosial-iqtisadi islahatlar nəticəsində iqtisadi və siyasi sabitlik təmin edilib, beynəlxalq aləmdə ölkəmizin nüfuzu əhəmiyyətli dərəcədə yüksəlib və iqtisadiyyatın dinamik inkişafının əsası qoyulub. Həyata keçirilən islahatların başlıca məqsədi isə güclü iqtisadiyyata malik müstəqil dövlətin qurulması və inkişaf etdirilməsi olub. İqtisadi sahədə həyata keçirilən tədbirlər bazar iqtisadiyyatı mexanizmləri əsasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, yerli və xarici investisiyaları, müasir texnologiyaları cəlb etmək və qabaqcıl idarəetmə təcrübəsindən faydalanmaqla rəqabətədavamlı məhsul istehsal edən müəssisələrin, həmçinin yeni iş yerlərinin yaradılmasına və nəticə etibarilə, ölkənin iqtisadi qüdrətinin artırılmasına yönəldilib. Bu sahədə görülən işlərin nəticəsidir ki, Naxçıvan Muxtar Respublikasında da özəl sektorun inkişaf etdirilməsinə böyük diqqət göstərilib, yeni müəssisələrin qurulmasına, iş yerlərinin açılmasına nail olunub.
Muxtar respublikada sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına köməklik etmək, onlara maliyyə dəstəyi göstərmək və əhalinin məşğulluğunun təmin edilməsinə şərait yaratmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Sahibkarlığa Kömək Fondu fəaliyyət göstərir. Fondun vəsaitləri sosial-iqtisadi inkişafın prioritet istiqamətləri üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilir. Yerli sahibkarlarla iş başında görüşmək üçün bu dəfə yolumuzu Culfa rayonundan saldıq.
Culfa Rayon İcra Hakimiyyətindən öyrənirik ki, Sahibkarlığa Kömək Fondu tərəfindən indiyədək rayonda 27 sahibkara 1 milyon 269 min manat kredit verilib. Bu vəsait 1 arıçılıq, 1 dekorativ istixana kompleksi, 9 bağçılıq təsərrüfatı, 1 tərəvəzyetişdirmə, 2 heyvandarlıq, 5 quşçuluq, 1 kompot istehsalı, 1 qarışıq yem istehsalı, 1 bərk pendir istehsalı, 1 meyvə-tərəvəzlərin qəbulu və qurudulması, 1 kimyəvi təmizləmə, 1 qənnadı məhsulları istehsalı, 1 göbələk yetişdirmə və 1 lavaş istehsalı müəssisələrinin yaradılmasına yönəldilib.
Müxtəlif istiqamətlər üzrə istehsal fəaliyyəti ilə məşğul olan bu müəssisələrdən əvvəlcə “Təbiət” Göbələk İstehsalı Müəssisəsində oluruq. Müəssisənin rəhbəri Cəfər Əhmədov bildirir ki, bu istehsal müəssisəsi 2011-ci ildə qurulub. Dövlət dəstəyi hesabına qurulan müəssisəyə Sahibkarlığa Kömək Fondu tərəfindən 90 min manat kredit verilib. Müasir tələblərə uyğun olaraq qurulan müəssisədə göbələyin yetişdirilməsi, toplanması və qablaşdırılması üçün hərtərəfli şərait yaradılıb. Müsahibimiz deyir ki, müəssisədə 4 üstüqapalı göbələkyetişdirmə bölməsi var. Yetişdiriləcək göbələklər üçün xammal (torf) xaricdən gətirilir və burada əkinə hazırlıq prosesindən sonra polietilen torbalarda mərtəbəli rəflərə qoyulur. Burada havanın temperaturuna və nəmliyə müəssisənin texnoloqu tərəfindən daim nəzarət edilir. Məhsulun hasil olunması 33 gün çəkir. Göbələyin əkini elə tənzimlənir ki, məhsulun yığım prosesi davamlı olsun. Cəfər Əhmədov qeyd edir ki, müəssisənin gündəlik istehsal gücü 200 kiloqrama yaxındır. Bu göbələklərin üstünlüyü ondadır ki, onların istehsalı zamanı heç bir kimyəvi preparatdan istifadə olunmur. Buna görə də bu göbələklərdən zəhərlənmə ehtimalı yoxdur. 400 qramlıq xüsusi qablarda istehsal olunan bu məhsullar, əsasən, daxili bazarda satılır.
Culfa rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin əksəriyyəti kənd yaşayış məntəqələrində yerləşir. Belə müəssisələrdən biri də rayonun Kırna kəndində yerləşən “Kırna” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Quş əti istehsalı ilə məşğul olan bu müəssisə 2012-ci ildə fəaliyyətə başlayıb. Müəssisənin sahibi İmaməddin Quliyevdən aldığımız məlumata görə, müəssisədə Türkiyə istehsalı olan avadanlıqlar quraşdırılıb. “Kırna Broyler” adı ilə satışa çıxarılan quş əti məhsulları dadına görə seçilir və 1,8-2,5 kiloqram çəkilərdə olur. Bu quşçuluq təsərrüfatında quşların yemlənməsi yerli yem hesabına ödənilir. Müəssisədə illik 250 min başa yaxın quş yetişdirilir. Quşların kəsilməsi prosesi İslam dini qaydalarına uyğun olaraq əllə aparılır. Buna görə də 10 nəfər işçi heyəti olan müəssisəyə müxtəlif dövrlərdə mövsümi olaraq əlavə işçilər də cəlb edilir. Müəssisə rəhbəri qeyd edir ki, istehsal edilən quş əti əvvəlcə burada yeni yaradılmış soyuducu anbara yığılır və qaydalara uyğun olaraq 36 dərəcəyədək dondurulur. Bir gündən sonra isə məhsul satış üçün mağazalara göndərilir.
Polietilen torba istehsalı üzrə ixtisaslaşan digər sahibkarlıq subyekti isə Bənəniyar kəndində yerləşir. Bu müəssisə 1995-ci ildə qurulub. 500 kvadratmetrlik sahədə qurulan müəssisədə xarici ölkələrdən alınıb gətirilmiş avadanlıqlar vasitəsilə ərzaq və qeyri-ərzaq məhsullarının daşınması üçün polietilen torbalar istehsal edilir. Sahibkar Bəhruz Nurinin verdiyi məlumata görə, müəssisədə gün ərzində 500 kiloqramadək 3,5,10 və 25 kiloqram yükgötürmə qabiliyyətinə malik 4 çeşiddə polietilen torba istehsal olunur. 3-5 kiloqramlıq bu torbalar, əsasən, daxili bazarda satılır. Sahibkar bizimlə söhbətində bildirdi ki, istehsalda həm xaricdən gətirilən xammaldan, həm də istifadə olunmuş köhnə polietilen torbalardan istifadə edilir. Müvafiq avadanlıqlar vasitəsilə polietilen 300 dərəcəyədək qızdırılır ki, bu da istehsal olunan məhsulun keyfiyyətində mühüm rol oynayır.
Həmin kənddə fəaliyyət göstərən digər sahibkar – Məhəmməd Hüseynov isə qarışıq yem istehsalı ilə məşğuldur. 2013-cü ildə Sahibkarlığa Kömək Fondundan 12 min 500 manat kredit alan Məhəmməd Hüseynovun istehsal müəssisəsi, hələlik, 55 kvadratmetrlik sahəni əhatə edir. Gələcəkdə istehsal sahəsini böyüdəcək sahibkar qeyd edir ki, burada ev heyvanlarının qidalanmasında istifadə olunan yem məhsulları istehsal olunur. Yem istehsal edən avadanlığın gücü saatda 400 kiloqramdan çoxdur. Əsas müştərilər Bənəniyarın və qonşu kəndlərin heyvandarlıqla məşğul olan sakinləridir. Məhəmməd Hüseynovun dediklərindən: “Kənddə təsərrüfatımıza aid 20 hektar torpaq sahəmiz var ki, burada da, əsasən, taxıl əkirik. Çalışırıq ki, istehsal etdiyimiz qarışıq yem məhsulları üçün xammalı özümüz əkib-becərək. Kənd zəhmətkeşlərinin bu müəssisənin imkanlarından istifadə etməsi onlar üçün nəqliyyat xərclərinin minimuma endirilməsi baxımından faydalıdır”.
“Nazlı” Meyvə-Tərəvəzqurutma Müəssisəsi rayonun Əbrəqunus kəndində yerləşir. Sahibkar İntiqam Hüseynovla da elə müəssisədə görüşüb söhbət etdik. Sahibkar bildirdi ki, muxtar respublikamız öz dadlı meyvələri, keyfiyyətli tərəvəz məhsulları ilə tanınır. Bu meyvə-tərəvəzlərin qurudularaq digər fəsillərdə istifadəsi məni hər zaman düşündürürdü. Buna görə də muxtar respublikamızda sahibkarlığın inkişafına göstərilən dövlət qayğısından yararlanaraq 2013-cü ildə Sahibkarlığa Kömək Fondundan 34 min manat kredit alaraq düşündüklərimizi həyata keçirməyə başladıq. Türkiyə Respublikasından müasir avadanlıqlar alıb gətirdik. Yaxın gələcəkdə bu sahəni daha da genişləndirəcəyik. Müəssisədə, əsasən, yerli meyvələr qurudulur və paketlənir. Muxtar respublikamızın müxtəlif bölgələrindən yığılan bu məhsullar əvvəlcə burada təmizlənib yuyulur, sərilir, müəyyən vaxtdan sonra qurutma avadanlıqlarına qoyulur və burada məhsulun qurudulması üçün gözlənilir. Qurudulan meyvələr 200, 400, 800 qramlıq qablarda və 10 kiloqramlıq taralarda paketlənir.
Bəli, Culfa rayonunda fəaliyyət göstərən istehsal müəssisələrinin bir neçəsi ilə tanışlıq bizə onu deməyə imkan verir ki, bu diyarın hər bölgəsində sahibkarlıq ruhunu özündə yaşadan zəhmətkeş insanlar var. Doğrudur, bu yazıda adıçəkilən müəssisələrin məhsulları, hələlik, muxtar respublikanın daxili bazarında satılır. Gələcəkdə bu məhsulların ölkəmizin digər regionlarına, eləcə də xarici bazarlara çıxarılması da diqqət mərkəzindədir. Bunun üçün isə, ilk növbədə, biz özümüz yerli məhsullardan istifadəyə önəm verməliyik. Muxtar respublikada istehsal olunan istənilən istehlak məhsulları keyfiyyətinə görə idxal məhsullardan xeyli fərqlənir. İnsan sağlamlığı üçün də faydalı olan bu məhsullardan istifadə həm də sahibkarlığın inkişafına bir töhfəmiz olar. Yaddan çıxarmayaq ki, o ölkə güclü sayılır ki, orada güclü sahibkarlar yetişir. Güclü sahibkar güclü iqtisadiyyat deməkdir. İqtisadiyyatı güclü olan dövlət isə hər şeyə qadirdir.
Səbuhi HƏSƏNOV