Muxtar respublikada meyvə və tərəvəz istehsalının inkişaf etdirilməsini, yüksək istehlak xüsusiyyətlərinə malik yeni meyvə bağlarının salınmasını, onların ixtisaslaşdırılmasını, yerli şəraitə uyğun unudulmaqda olan məhsuldar sortların bərpasını, müasir standartlara cavab verən texnologiyalar əsasında yeni meyvə və tərəvəz emalı müəssisələrinin yaradılmasını əsas məqsəd kimi müəyyənləşdirmiş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın qəbulundan bir il keçir.
Proqramda nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi ilə bağlı ötən dövr ərzində xeyli tədbirlər həyata keçirilmişdir.
Muxtar respublikanın iqlim şəraitinə uyğun, yüksək məhsuldarlığa malik unudulmuş (aborigen) meyvə-tərəvəz sortlarının bərpa və tətbiq olunması üçün elmi-tədqiqat işlərinə başlanılmış, elmi-tədqiqat işləri çərçivəsində regionun torpaq-iqlim şəraitinə asan uyğunlaşan meyvə sortlarının yetişdirilməsi üçün tinglik təsərrüfatlarının yaradılması diqqət mərkəzində saxlanılmışdır. 2012-ci ildə torpaqların fiziki-kimyəvi və mexaniki tərkibinin öyrənilməsi istiqamətində torpaq-tədqiqat işləri davam etdirilmiş, muxtar respublikanın 4 rayonunun 20 kəndində 8651,2 hektar torpaq sahəsində tədqiqatlar aparılmışdır.
Bundan başqa, 37 nəfər torpaq mülkiyyətçisinin müraciəti əsasında öhdələrində olan 138,5 hektar meyvə-tərəvəz sahəsindən, ümumilikdə, 51 nümunə götürülmüş, Ordubad rayonunda meyvəçilik və tərəvəzçiliyin inkişaf etdirilməsi istiqamətində təhlillər aparılaraq rayon üzrə 183,36 hektar torpaq sahəsi yeni əkin dövriyyəsinə daxil edilməklə bu torpaqlarda meyvə bağlarının salınması və tərəvəz əkini keçirilməsi məqsədəmüvafiq hesab olunmuşdur. Bu dövr ərzində yeni meyvə bağlarının salınması da davam etdirilmiş, sahibkarlar tərəfindən Şahbuz rayonunda 30,5, Ordubad rayonunda 7, Culfa rayonunda 19, Babək rayonunda 30,5 hektar sahədə meyvə ağacları əkilmişdir. Ümumilikdə, 2012-ci ildə muxtar respublikada 192,3 hektar meyvə bağı salınmışdır.
Xəbərlər şöbəsi