Muxtar respublikada sosial və iqtisadi sahələrdə qazanılmış uğurlar Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinin qeyd olunduğu və “Muxtariyyət ili” elan edilmiş 2014-cü ilin yanvar-sentyabr ayları ərzində də qorunub saxlanılmışdır.
Cari ilin ötən dövründə ən mühüm hadisələrdən biri ölkə başçısı cənab İlham Əliyevin muxtar respublikaya səfəri olmuşdur. Ölkə Prezidenti Naxçıvan Beynəlxalq Hava Limanının, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun inzibati binalarının, Gənclər Mərkəzinin, Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolunun, Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksinin, Kəngərli Rayon Mərkəzi Xəstəxanasının, “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyalarının açılışında iştirak etmiş, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə, Naxçıvan Biznes Mərkəzində muxtar respublikada istehsal edilən məhsulların sərgisi ilə tanış olmuş, muxtar respublikanın ərazisində yerləşən hərbi hissələrə daxil olan yeni texnika və silahlara baxmışdır.
Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli tədbirdə buradakı irimiqyaslı quruculuq tədbirlərini yüksək qiymətləndirən ölkə başçısı demişdir: “Sevinirəm ki, bu gün Naxçıvan çiçəklənən bir diyardır. Dünən son bir il ərzində Naxçıvanda görülən işlərlə bir daha tanış olarkən gördüm ki, nə qədər böyük işlər görülür, Naxçıvan rəhbərliyi muxtar respublikanın inkişafı üçün nə qədər böyük sevgi ilə, diqqətlə səylər göstərir. Bütün bu uğurlar münasibətilə naxçıvanlıları ürəkdən təbrik edirəm”.
Bu dövr ərzində Naxçıvan Muxtar Respublikasında tarixi-mədəni irsin qorunub saxlanılmasını, müasir şəhərsalma, istirahət və turizm infrastrukturunun yeniləşdirilməsini, abadlıq-quruculuq işlərinin davam etdirilməsini, habelə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 10 aprel tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 5 milyon manat vəsait ayrılmışdır.
Ötən dövrlər ərzində muxtar respublikada qəbul olunmuş mühüm dövlət proqramlarının uğurlu icrası nəticəsində iqtisadiyyatın diversifikasiyasına, kommunal xidmət və sosial infrastruktur təminatının yaxşılaşdırılmasına, məşğulluğun artırılmasına nail olunmuşdur. Əldə olunmuş sosial-iqtisadi inkişaf səviyyəsini qorumaq və daha da möhkəmləndirmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 1 sentyabr tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilmişdir.
İlin əvvəlindən ötən doqquz ay ərzində muxtar respublikada 1 milyard 631 milyon 311 min manatlıq Ümumi Daxili Məhsul istehsal olunmuşdur ki, bu da bir il öncəki müvafiq göstəricidən 1,5 faiz çoxdur. 2014-cü ilin yanvar-sentyabr aylarında hər bir nəfərə düşən Ümumi Daxili Məhsulun həcmi ötən ilin müvafiq dövrünə nisbətən 1,2 faiz artaraq 3731,3 manat (4757,5 ABŞ dolları) səviyyəsində olmuşdur.
2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2014-cü ilin yanvar-sentyabr ayları ərzində sənaye məhsulunun həcmi 1,3 faiz, kənd təsərrüfatının ümumi məhsulu 4,7 faiz, nəqliyyat sektorunda yük daşınması 1,7 faiz, informasiya və rabitə xidmətlərinin həcmi 2 faiz, o cümlədən mobil rabitə xidməti 0,8 faiz, pərakəndə əmtəə dövriyyəsi 1,8 faiz, əhaliyə göstərilən pullu xidmətlər 3,7 faiz, ixracın həcmi 5 faiz, əhalinin gəlirləri 2,9 faiz, hər bir nəfərə düşən gəlirlər 1,4 faiz, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı isə 3,3 faiz artmışdır.
Makroiqtisadi göstəricilər
*) müqayisəli qiymətlər üzrə
Sənaye
Ötən dövr ərzində müasir sənaye müəssisələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sənaye məhsulu istehsalının artımını şərtləndirmişdir.
Cari ilin yanvar-sentyabr ayları ərzində muxtar respublikada 719 milyon 129 min manat həcmində sənaye məhsulu istehsal olunmuşdur ki, bu da ötən ilin müvafiq dövründəki göstəricini 1,3 faiz üstələyir.
Sənaye məhsulu istehsalının 95,8 faizi malların, 4,2 faizi isə xidmətlərin payına düşmüşdür. Dövlət sektorunda 49 milyon 92 min manatlıq, qeyri-dövlət sektorunda isə 670 milyon 37 min manatlıq sənaye məhsulu istehsal edilmişdir. İstehsal olunan məhsulun 93,2 faizi özəl sektorun payına düşmüşdür.
Sənaye məhsulu istehsalının dinamikası, min manatla
Cari ilin ötən dövrü ərzində muxtar respublikada dövlət dəstəyi ilə 36 layihə üzrə istehsal və xidmət obyektləri istifadəyə verilmiş, iqtisadi fəaliyyətin müxtəlif sahələrində 45 layihə üzrə istehsal və xidmət obyektlərinin qurulması isə hazırda davam etdirilməkdədir.
Cari ilin ötən dövrü ərzində sənaye sahəsinin inkişafı istiqamətində bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 2 milyon 258 min 300 manat həcmində kredit verilmişdir.
Sənayedə istehsalın genişlənməsi ixracın da həcminə müsbət təsir göstərmiş və cari ilin ötən dövrü ərzində daxili tələbatdan artıq istehsal edilmiş 202 milyon 461 min Amerika Birləşmiş Ştatları dolları dəyərində sənaye məhsulu ixrac olunmuşdur.
Hərbi quruculuq
Muxtar respublikanın etibarlı müdafiəsinin təşkili istiqamətində həyata keçirilən genişmiqyaslı hərbi quruculuq tədbirlərini yüksək qiymətləndirən ölkə başçısı cənab İlham Əliyev demişdir: “Naxçıvanın hərbi potensialı böyük dərəcədə möhkəmlənmişdir. Naxçıvan ordusu bu gün güclü ordudur. Naxçıvan ordusunun hərbi texnika ilə təminatı ən yüksək səviyyədə təşkil edilir”.
Muxtar respublikada ordu quruculuğu üzrə tədbirlər çərçivəsində cari ilin ötən dövrü ərzində Naxçıvan şəhərində mərkəzi hərbi xəstəxananın, “N” hərbi hissənin qərargah binasının, iki əsgər yataqxanasının, iki anbarın, iki yaşayış binasının və “Naxçıvan” Sərhəd Diviziyasında yeni infrastruktur obyektlərinin inşası davam etdirilmişdir.
Şahbuz şəhərindəki hərbi hissədə əsgər yataqxanasının təmiri başa çatdırılmış, Kəngərli rayonundakı hərbi hissədə Təlim-Tədris Mərkəzinin tikintisi, Ordubad rayonundakı hərbi hissədə təmir işləri davam etdirilmişdir.
Naxçıvan şəhərində hərbi hissədə su anbarının inşası başa çatdırılmış, Ordubad rayonunda hərbi hissənin avtomobil yolunun yenidən qurulması davam etdirilir.
Cari ilin ötən dövrü ərzində muxtar respublikada Əlahiddə Ümumqoşun Ordusuna 15 ədəd “Mitsubishi-PAJERO”, 11 ədəd “Mitsubishi L-200”, 10 ədəd “UAZ”, 2 ədəd “FİAT” markalı xidməti avtomobil, 2 ədəd “Ford” markalı səyyar tibbi yardım və 1 ədəd rentgen flüoroqrafiya avtomobilləri verilmişdir.
Tikinti-quruculuq və su təchizatı tədbirləri
İnfrastruktur quruculuğu çərçivəsində cari ilin yanvar-sentyabr ayları ərzində muxtar respublikada əsas kapitala 696 milyon 535 min manat həcmində investisiya yönəldilmişdir ki, bunun da 607 milyon 302 min manatı və ya 87,2 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.
Muxtar respublikada tikinti-quruculuq işlərini sürətləndirmək məqsədilə cari ilin ötən dövrü ərzində 1 ədəd 12 tonluq kran, 3 ekskavator, 3 yükləyici və 6 yük avtomobili alınmışdır.
2014-cü ilin yanvar-sentyabr ayları ərzində muxtar respublikada 164 müxtəliftəyinatlı obyekt tikilmiş, yenidən qurulmuş və ya əsaslı təmir olunmuş, 209 müxtəliftəyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri hazırda davam etdirilir.
2014-cü ilin yanvar-sentyabr ayları ərzində 11 inzibati binanın tikintisi və ya yenidən qurulması başa çatdırılmışdır. 24 inzibati binanın tikintisi, yenidən qurulması və ya əsaslı təmiri işləri davam etdirilir.
Həyata keçirilən irimiqyaslı infrastruktur quruculuğu tədbirləri bütün inzibati ərazimizi, o cümlədən ucqar yaşayış məntəqələrini də əhatə edir. Cari ilin ötən dövrü ərzində 3 kənd mərkəzi istifadəyə verilmiş, 11 kənd mərkəzinin inşası hazırda davam etdirilir.
Ötən dövr ərzində muxtar respublikada 4 yaşayış binasının tikintisi, 1 yaşayış binasının yenidən qurulması, 1 yaşayış binasının təmiri başa çatdırılmış, 4 yaşayış binasının tikintisi, 7 yaşayış binasının yenidən qurulması, 3 yaşayış binasının əsaslı təmiri, 5 yaşayış binasının isə təmiri davam etdirilir. Bundan əlavə, Naxçıvan şəhərində “Gənclər şəhərciyi” yaşayış kompleksinin tikintisi davam etdirilmiş, yeddi yaşayış binasında istilik xətlərinin yenidən qurulması, dörd yaşayış binasında istilik xətlərinin təmiri başa çatdırılmışdır.
Əhalinin həyat səviyyəsinin yaxşılaşması fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərmişdir. 2014-cü ilin yanvar-sentyabr ayları ərzində muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 357 min 899 kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir ki, bu da 2013-cü ilin müvafiq dövründəki göstəricidən 0,2 faiz çoxdur.
Muxtar respublikada su və kanalizasiya sistemlərinin müasir standartlar səviyyəsində qurulması istiqamətində reallaşdırılan tədbirlər davam etdirilir. Naxçıvan şəhərində əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi, kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi istifadəyə verilmiş, 1 oktyabr 2014-cü il tarixə Naxçıvan şəhərində 215,3 kilometr məsafədə kanalizasiya və 224,1 kilometr məsafədə içməli su xətləri çəkilmişdir. Bundan əlavə, Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək rayonlarının mərkəzləri və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya şəbəkələrinin tikintisi layihələri üzrə, ümumilikdə, 527 kilometr məsafədə içməli su və 316,6 kilometr məsafədə kanalizasiya xətləri çəkilmişdir. Layihə çərçivəsində 19 subartezian quyusunun tikintisi davam etdirilir.
Kənd təsərrüfatı və yaşıllaşdırma tədbirləri
Muxtar respublikada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı üçün davamlı tədbirlər görülməkdədir. Bu istiqamətdə görülən işləri yüksək qiymətləndirən ölkə başçısı cənab İlham Əliyev demişdir: “Naxçıvanda ərzaq təhlükəsizliyi məsələləri, demək olar ki, tam şəkildə öz həllini tapmışdır. Bu da böyük nailiyyətdir, böyük uğurdur”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 17 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası istiqamətində bir sıra işlər görülmüşdür. Belə ki, proqramın qəbul olunduğu 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə bitkiçilik məhsullarının həcmi 2,4 dəfə artaraq 185 milyon 881 min manata, heyvandarlıq məhsullarının həcmi isə 81,8 faiz artaraq 84 milyon 787 min manata çatmışdır.
Məhsul istehsalçılarının kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatı davamlı olaraq yaxşılaşdırılır. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 236 ədədi 2014-cü ilin yanvar-sentyabr aylarında olmaqla, cəmi 1481 ədəd müxtəliftəyinatlı kənd təsərrüfatı texnikası muxtar respublikaya gətirilmişdir. 2014-cü ilin yanvar-sentyabr ayları ərzində 242 ədəd müxtəliftəyinatlı kənd təsərrüfatı texnikası nağd hesablaşma və ya lizinq yolu ilə məhsul istehsalçılarına verilmişdir. Ötən dövr ərzində məhsul istehsalçıları 3765,6 ton mineral gübrə ilə təmin olunmuşlar.
2014-cü ilin məhsulu üçün muxtar respublikada 60 min 829 hektar sahədə əkin aparılmışdır ki, bu da 2013-cü ilin məhsulu üçün əkilmiş sahədən 702 hektar çoxdur.
Cəmi əkin sahələri, hektarla
Muxtar respublikada məhsuldar və keyfiyyətli toxum növləri istehsalının stimullaşdırılması məqsədilə toxumçuluq təsərrüfatlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər davam etdirilir. Hazırda Naxçıvan şəhərində toxumçuluq təsərrüfatı üçün yeni kompleks inşa olunur. Muxtar respublikanın əsas toxumçuluq bazası olacaq bu kompleksdə taxılla yanaşı, digər bitki toxumlarının satışının da həyata keçirilməsi nəzərdə tutulmuşdur. Hazırda muxtar respublikada 6 toxumçuluq təsərrüfatı fəaliyyət göstərir.
Ötən dövr ərzində taxılçılıq əsas əkinçilik sahəsi kimi diqqət mərkəzində saxlanılmışdır. 2014-cü ilin məhsulu üçün 35749,7 hektar sahədə taxıl əkilmişdir ki, bunun da 26274,1 hektarını buğda, 9475,6 hektarını isə arpa təşkil etmişdir. Bir il öncəyə nisbətdə taxıl əkini sahələrinin həcmi 425,7 hektar artmışdır. Taxıl zəmilərindən 103 min 70 ton məhsul toplanmışdır ki, bu da 2013-cü illə müqayisədə 0,1 faiz çoxdur.
Tələbata uyğun olaraq, kartofçuluğun inkişafında da müsbət dinamika saxlanılmışdır. 2014-cü ildə 2962 hektar sahədə kartof əkini aparılmış və sahələrdən 41405,5 ton kartof yığılmışdır ki, bu da bir il öncəki göstəricini 0,3 faiz üstələyir.
1 oktyabr 2014-cü il tarixə 109624 ton dənli və dənli-paxlalı məhsulu (qarğıdalısız), 4225,5 ton dən üçün qarğıdalı, 662,8 ton dən üçün günəbaxan, 63752,8 ton tərəvəz, 34338,9 ton ərzaq üçün bostan məhsulları, 34495 ton meyvə, 9427,2 ton üzüm toplanmışdır. Bir neçə məhsul növü üzrə yığım hazırda davam edir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası istiqamətində cari ilin ötən dövrü ərzində 2 yeni istixana kompleksi yaradılmış, hazırda 5 istixana kompleksinin yaradılması istiqamətində işlər davam etdirilir.
Kənd təsərrüfatının əsas sahələrindən biri olan heyvandarlığın inkişafının davamlı olaraq dəstəklənməsi iribuynuzlu mal-qaranın və xırdabuynuzlu heyvanların baş sayının, ət və süd məhsulları istehsalının həcminin artmasına öz təsirini göstərmişdir. 2014-cü ilin doqquz ayı ərzində 3 heyvandarlıq təsərrüfatının yaradılması, 2 heyvandarlıq təsərrüfatının genişləndirilməsi başa çatdırılmış, hazırda 1 heyvandarlıq təsərrüfatının yaradılması üzrə işlər davam etdirilir.
2014-cü ilin yanvar-sentyabr aylarında heyvandarlıq təsərrüfatlarında 5694 baş inək və düyə süni yolla mayalandırılmışdır. Əvvəlki ildə mayalandırılmış inək və düyələrdən 4833 baş sağlam buzov alınmışdır. Bununla yanaşı, yüksək məhsuldarlıq göstəricilərinə malik olan mal-qaranın xüsusi çəkisi də davamlı olaraq artmışdır.
1 oktyabr 2014-cü il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 109 min 822 baş, qoyun və keçilərin sayı isə 668 min 933 baş olmuşdur ki, bu da 1 oktyabr 2013-cü il tarixə olan göstəriciləri müvafiq olaraq 1,6 və 1,8 faiz üstələmişdir. 2014-cü ilin yanvar-sentyabr aylarında muxtar respublikada diri çəkidə 14968,5 ton ət, 66399,4 ton süd istehsal olunmuşdur ki, bu da 2013-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə müvafiq olaraq 1,9 və 0,2 faiz çoxdur.
Daxili bazarda quş əti və yumurtaya olan tələbatın tam şəkildə yerli istehsal hesabına ödənilməsi istiqamətində tədbirlər davam etdirilir. İlin əvvəlindən ötən dövr ərzində 4 quşçuluq təsərrüfatı yaradılmışdır. Hazırda 2 quşçuluq təsərrüfatının yaradılması və 1 quşçuluq təsərrüfatının genişləndirilməsi istiqamətində iş aparılır.
Kənd təsərrüfatının mühüm sahələrindən olan arıçılığın və balıqçılığın inkişafı məqsədilə tədbirlər görülmüş, cari ilin ötən dövrü ərzində 1 arıçılıq təsərrüfatının yaradılması davam etdirilmiş, 1 balıqçılıq təsərrüfatının fəaliyyətinin genişləndirilməsi başa çatdırılmışdır.
Ümumilikdə, cari ilin yanvar-sentyabr ayları ərzində kənd təsərrüfatı subyektlərinə 13 milyon 211 min manatdan çox həcmdə kreditin verilməsi təmin olunmuşdur ki, bu da bir il öncəki müvafiq göstəricidən 35,2 faiz çoxdur.
2014-cü ilin yanvar-sentyabr aylarında 270 milyon 668 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bu da 2013-cü ilin müvafiq dövründəki göstəricini 4,7 faiz üstələyir.
Kənd təsərrüfatının ümumi məhsulu, min manatla
Etibarlı ərzaq təminatı sisteminin qurulması daxili bazarda tələbatın səmərəli ödənilməsi ilə yanaşı, ixrac potensialını gücləndirməkdədir. Belə ki, ötən dövr ərzində muxtar respublikada tələbatdan çox istehsal edilmiş 76 milyon ABŞ dolları dəyərində kənd təsərrüfatı məhsulları, xüsusilə də meyvə və tərəvəz məhsulları ixrac olunmuşdur.
Muxtar respublikada meliorasiya-irriqasiya sistemlərinin təkmilləşdirilməsi və yeniləşdirilməsi davam etdirilir. Ötən dövr ərzində bu sahədə görülən işləri daha da sürətləndirmək məqsədilə muxtar respublikaya 10 ədəd ekskavator və 1 ədəd yükünü özüboşaldan ağırtonnajlı avtomobil gətirilmişdir.
Babək və Sədərək rayonlarının hər birində bir nasos stansiyasının tikintisi, Uzunoba Su Anbarının yenidən qurulması başa çatdırılmış, Kəngərli rayonunun Yeni Kərki, Xıncab, Təzəkənd və Böyükdüz kəndlərinin torpaq sahələrinin suvarma suyu ilə təmin olunması məqsədilə Uzunoba Su Anbarından qidalanan su xəttinin, Böyükdüz və Xok kəndlərinin torpaq sahələrinin suvarılması üçün əlavə su xətlərinin çəkilişi davam etdirilir.
Şərur rayonunun Kərimbəyli, Babək rayonunun Cəhri kəndlərində drenaj xətlərinin çəkilişi, Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək rayonlarının ərazilərində kanal və arxların, Babək rayonunun Nehrəm kəndində kollektorun lildən təmizlənməsi başa çatdırılmış, Naxçıvan şəhərinin Qaraçuq, Babək rayonunun Güznüt kəndlərində drenaj xətlərinin çəkilişi, Şərur rayonunda kollektor-drenaj şəbəkəsinin lildən təmizlənməsi davam etdirilmişdir.
Babək rayonunun Xalxal, Ordubad rayonunun Aşağı Əylis və Nüsnüs, Şahbuz rayonunun Kolanı kəndlərində suvarma su xətlərinin, Ordubad rayonunun Dəstə kəndində suvarma su kanalının çəkilişi başa çatdırılmış, Babək rayonunda yeraltı suvarma şəbəkəsinin tikintisi hazırda davam etdirilir.
Şahbuz rayonunda Badamlı çayında istiqamətləndirici bəndin tikintisi, Şərur rayonunda Arpaçay sol sahil kanalı üzərindəki selötürücünün bərpası, Ordubad rayonunun Yuxarı Əylis kəndində suvarma su xəttinin yeni əraziyə köçürülməsi başa çatdırılmış, Araz çayında sahilbərkitmə işlərinin, Şərur rayonunda Arpaçayda və Babək rayonunun Vayxır kəndi ərazisində istiqamətləndirici bəndlərin tikintisi, Şərur rayonunun Bəhruz Kəngərli kəndində suvarma şəbəkəsinin bərpası davam etdirilmişdir.
Muxtar respublikada 6 kəhrizin təmiri başa çatdırılmışdır. 1 kəhrizin bərpası və 6 kəhrizin təmiri davam etdirilməkdədir.
Meşə fondunun mühafizə olunması, bərpası, yeni meşəliklərin salınması istiqamətində aparılan tədbirlərin intensivliyi cari ilin ötən dövrü ərzində də saxlanılmış, ilin əvvəlindən 286,2 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, 228 min ədəd ağac və bəzək kolları əkilmişdir.
Nəqliyyat, informasiya və rabitə, energetika
Muxtar respublikada müasir yol-nəqliyyat kompleksinin yaradılması istiqamətində tədbirlərin intensivləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti 2014-cü il avqustun 27-də “Naxçıvan Muxtar Respublikasının Babək rayonunda Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulmasının maliyyələşdirilməsi haqqında” Sərəncam imzalamışdır. Sərəncama əsasən, Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ilkin olaraq 5 milyon manat vəsait ayrılmış və işin icrasına başlanılmışdır.
Ötən dövrdə 88,8 kilometr uzunluğunda Naxçıvan- Şahbuz-Batabat magistral avtomobil yolunun tikintisi, 15,9 kilometr uzunluğunda Yarımca-Qahab-Nəcəfəlidizə-Naxışnərgiz, 11 kilometr uzunluğunda Dizə-Axura avtomobil yollarının yenidən qurulması başa çatdırılmış, Qıvraq-Püsyan-Xanlıqlar, Şəkərabad-Hacıvar və Qarababa-Nursu avtomobil yollarının yenidən qurulması davam etdirilmişdir.
Şahbuz rayonunun Badamlı kəndində 9 paqonometr uzunluğunda körpünün, Aşağı Qışlaq və Yuxarı Qışlaq kəndlərini birləşdirən avtomobil yolunda istinad divarlarının tikintisi, Şərur rayonunun Diyadin kəndində 2 kilometr, Ordubad rayonunun Aşağı Əylis kəndində 1,3 kilometr və Yuxarı Əylis kəndində 1,1 kilometr uzunluğunda avtomobil yollarının yenidən qurulması başa çatdırılmışdır.
Naxçıvan şəhərində Əziz Əliyev və “İstiqlal” küçələrində, Şərur rayonunun Kürkənd, Püsyan və Dizə, Babək rayonunun Vayxır, Şahbuz rayonunun Gömür kəndlərində avtomobil yollarının yenidən qurulması davam etdirilmişdir.
Muxtar respublikada müasir avtomobil yollarının çəkilişində istifadə olunması məqsədilə cari ilin ötən dövrü ərzində 2 ədəd yük avtomobili, 2 ədəd ekskavator, 1 ədəd qreyder və 1 ədəd vərdənə alınmışdır.
Naxçıvan Beynəlxalq Hava Limanının inzibati binasının tikintisi başa çatdırılmış, əhaliyə göstərilən xidmətlərin səviyyəsini yüksəltmək məqsədilə yeni maşın-mexanizmlər gətirilmişdir. Aerovağzal kompleksində yenidənqurma işləri davam etdirilir. Şərur və Ordubad şəhərlərində aviakassa binalarının tikintisi hazırda davam etdirilməkdədir. Bu dövr ərzində dəmir yolu nəqliyyatının ahəngdar işi təmin olunmuşdur.
Cari ilin yanvar-sentyabr ayları ərzində muxtar respublikanın nəqliyyat sektorunda yük daşınması 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz, sərnişin daşınması 1,5 faiz artmışdır. Yük və sərnişin daşınmasından 35 milyon 556 min manat gəlir əldə edilmişdir ki, bu da 2013-cü ilin müvafiq dövründəki göstəricidən 1,9 faiz çoxdur.
Muxtar respublikada cari ilin ötən dövrü ərzində informasiya-kommunikasiya xidmətləri infrastrukturunun yaxşılaşdırılması məqsədilə Şahbuz Rayon Rabitə İdarəsinin binası əsaslı təmir olunmuş, Şahbuz və Babək rayonlarını əhatə edən 13952 abunəçi tutumlu 38 ədəd yeni nəsil telefon stansiyaları quraşdırılmışdır.
Ötən dövr ərzində “Naxtel” simsiz telefon şəbəkəsinin əhatəsinin genişləndirilməsi üçün 5 yeni baza stansiyası istifadəyə verilmiş, “Naxtel” üzərindən qısa mesaj xidmətinin göstərilməsi üçün avadanlıqlar qurulmuş, digər mobil operatorlarla SMS mübadiləsi təmin edilmişdir. Bundan əlavə, “Naxtel”in Toplu SMS xidməti mərkəzi də yaradılmışdır.
Muxtar respublikada bütün yaşayış məntəqələrinin genişzolaqlı internetlə təmin edilməsi məqsədilə cari ilin ötən dövrü ərzində Naxçıvan şəhərində EV-DO texnologiyası əsasında genişzolaqlı simsiz internet xidməti təşkil edilmiş, Babək rayonunun Zeynəddin, Şıxmahmud, Şərur rayonunun Diyadin, Ordubad rayonunun Vənənd, Aza, Gənzə, Parağa, Behrud və Dizə, Culfa rayonunun Əlincə, Əbrəqunus, Ərəfsə, Milax və Ləkətağ, Kəngərli rayonunun Təzəkənd və Qabıllı, Şahbuz rayonunun Kolanı və Daylaqlı, Sədərək rayonunun Sədərək kəndlərində və Kəngərli rayonunun Qıvraq qəsəbəsində DSLAM avadanlığı qurulmuşdur. Hazırda muxtar respublikanın yaşayış məntəqələrinin 92 faizində genişzolaqlı internet xidməti təşkil edilmişdir. Bundan əlavə, Naxçıvan şəhərində “Evədək optika” layihəsinin icrası davam etdirilir.
Muxtar respublikanın yaşayış məntəqələrində rəqəmsal televiziya yayımını təmin edən 7 güclü, 30 azgüclü televiziya vericisi istifadəyə verilmişdir. Hazırda muxtar respublikanın yaşayış məntəqələrinin 94 faizində sosial paketdə olan 12 televiziya kanalının rəqəmsal yayımı təmin edilmişdir. Bundan əlavə, muxtar respublika ərazisində internet televiziyasının yayımı təşkil edilmiş, əhaliyə Yeni Nəsil Telekommunikasiya Sistemi üzərindən televiziya kanallarını izləmək və digər xidmətlərdən yararlanmaq imkanı yaradılmışdır.
Cari ilin yanvar-sentyabr ayları ərzində Şərur rayonunun Diyadin, Ordubad rayonunun Yuxarı Əylis və Babək rayonunun Qahab kəndlərində yeni poçt bölmələri, Naxçıvan şəhərinin “İstiqlal” küçəsində 256, B.Abbasov küçəsində 512, Xətai məhəlləsində 320 və Qaraxanbəyli kəndində 512, Şərur rayonunun Alışar kəndində 448, Diyadin kəndində 160, Babək rayonunun Gülşənabad kəndində 256, Culfa rayonunun Yaycı kəndində 384 və Kəngərli rayonunun Qıvraq qəsəbəsində 160 nömrə tutumlu avtomat telefon stansiyaları istifadəyə verilmişdir.
Cari ilin ötən dövrü ərzində muxtar respublikada Elektron İmzanın Sertifikat Mərkəzi yaradılmış və “Elektron imza”nın tətbiqinə başlanılmışdır.
Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi ilə əlaqədar internet saytı yaradılmış, buklet, poçt markası və zərf hazırlanmışdır.
Ümumi uzunluğu 240 kilometr olan Ordubad-Sədərək alternativ fiber-optik magistral kabel xəttinin tikintisi başa çatdırılmış, ümumilikdə, muxtar respublika üzrə fiber-optik telekommunikasiya xətlərinin uzunluğu 1096,8 kilometr təşkil etmişdir.
2014-cü ilin yanvar-sentyabr ayları ərzində muxtar respublikada 4456 ədəd yeni telefon sabit şəbəkəyə qoşulmuş, 1 oktyabr 2014-cü il tarixə hər yüz ailəyə düşən telefon aparatlarının sayı 70-ə çatmışdır.
2014-cü ilin yanvar-sentyabr ayları ərzində muxtar respublikada informasiya və rabitə xidmətlərinin həcmi 2013-cü ilin müvafiq dövründəki göstəricini 2 faiz üstələyərək 35 milyon 746 min manat olmuşdur. Ümumi xidmətlərin 84,7 faizi mobil rabitə xidmətinin payına düşmüşdür ki, bu da 2013-cü ilin müvafiq dövründəki göstəricidən 0,8 faiz çoxdur.
Muxtar respublikada enerji təhlükəsizliyi ilə bağlı həyata keçirilən tədbirləri yüksək qiymətləndirən ölkə başçısı cənab İlham Əliyev demişdir: “Naxçıvanda enerji təhlükəsizliyi məsələləri öz həllini tam şəkildə tapıbdır. Bu da çox sevindirici haldır. Bu gün Naxçıvan 100 faiz səviyyəsində qazlaşdırılıbdır. Bütün yaşayış məntəqələrində təbii qaz vardır. Naxçıvan bu gün elektrik enerjisi ilə təchizat baxımından öz enerji təhlükəsizliyini tam şəkildə təmin edə bilibdir. Hətta ixrac imkanları yaranmışdır”.
Bu sahədə tədbirlərin intensivləşdirilməsi məqsədilə 2014-cü il martın 14-də Azərbaycan Respublikasının Prezidenti Naxçıvan Muxtar Respublikasında “Arpaçay-2” Su Elektrik Stansiyasının tikintisinin maliyyələşdirilməsi haqqında Sərəncam imzalamışdır. Sərəncama əsasən, “Arpaçay-2” Su Elektrik Stansiyasının tikintisini başa çatdırmaq məqsədilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 4 milyon manat vəsait ayrılmışdır.
Cari ilin ötən dövrü ərzində Şərur rayonunda 20,5 meqavat gücündə “Arpaçay-1” və 1,4 meqavat gücündə “Arpaçay-2” Su Elektrik stansiyaları istifadəyə verilmişdir. Ordubad rayonunda 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının inşası işləri davam etdirilir.
Muxtar respublikada 26 ədəd müxtəlif güclü transformator yarımstansiyasının quraşdırılması, 60 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq yeni elektrik verilişi xətlərinin çəkilişi başa çatdırılmışdır.
Enerji təhlükəsizliyinin əsas tərkib hissəsi kimi istehlakçıların təbii qazla təminatı təsərrüfat fəaliyyətinin inkişafında mühüm rola malikdir. 1 oktyabr 2014-cü il tarixə 81 min 880 əhali abonenti təbii qazla təmin olunmuşdur.
Muxtar respublikaya yanacaq-sürtgü materiallarının daşınmasını təmin etmək məqsədilə cari ilin ötən dövrü ərzində Almaniya istehsalı olan 10 ədəd “Man” markalı avtomobil gətirilmişdir. Bundan əlavə, hazırda Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsində yanacaqdoldurma məntəqəsinin tikintisi davam etdirilir.
Sahibkarlıq fəaliyyəti, əhalinin gəlirləri və məşğulluq məsələləri
Muxtar respublikada azad sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması iqtisadiyyatın davamlı inkişafına və əhalinin güzəranının daha da yaxşılaşmasına səbəb olmuşdur.
İqtisadi aktivliyin yüksəldilməsi məqsədilə sahibkarlara güzəştli şərtlərlə maliyyə dəstəyinin göstərilməsi ötən dövr ərzində də davam etdirilmişdir. 2014-cü ilin yanvar-sentyabr ayları ərzində bank və kredit təşkilatları tərəfindən sahibkarlara verilmiş kreditlərin həcmi 2013-cü ilin müvafiq dövrünə nisbətən 25,4 faiz artaraq 41 milyon 636 min 471 manat təşkil etmişdir.
2014-cü ilin yanvar-sentyabr ayları ərzində muxtar respublikada 19 hüquqi və 1963 fiziki şəxs qeydiyyata alınmışdır.
Yerli istehsalın inkişafı strategiyasına uyğun olaraq, hazırda muxtar respublikada 350 növdə məhsul istehsal olunmaqdadır. Bu məhsulların 116 növü ərzaq, 234 növü qeyri-ərzaq məhsullarıdır. 107 növdə ərzaq, 229 növdə qeyri-ərzaq məhsulları olmaqla, ümumilikdə, 336 növdə məhsula olan tələbatın yerli istehsal hesabına ödənilməsi təmin edilmişdir.
Cari ilin ötən dövrü ərzində muxtar respublikada əhalinin gəlirləri bir il öncəyə nisbətdə 2,9 faiz artaraq 1 milyard 226 milyon 742 min manata, onun hər bir nəfərə düşən həcmi isə 1,4 faizlik artımla 2806 manata çatmışdır. Bu dövr ərzində bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 388,1 manata çatmışdır ki, bu da 2013-cü ilin müvafiq dövründəki göstəricidən 3,3 faiz çoxdur.
Muxtar respublikada əmək bazarının tənzimlənməsi və əhalinin səmərəli məşğulluğunun təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası istiqamətində tədbirlər görülmüş, “isaxtar.nmr.az” internet saytı yaradılmışdır. Bu saytda muxtar respublikada əmək bazarının tələblərinə uyğun təşkil olunan peşə kursları, ictimai işlər, habelə vakansiyalar barədə məlumatlar işaxtaranlara çatdırılır.
2014-cü ilin yanvar-sentyabr aylarında 2703 yeni iş yeri yaradılmışdır ki, bunun da 2627-si və ya 97,2 faizi daimi iş yerləridir.
İstehlak bazarı
Əhalinin alıcılıq qabiliyyətinin dinamik yüksəlişi əmtəə dövriyyəsinin həcminin də artmasını şərtləndirir. 2014-cü ilin yanvar-sentyabr ayları ərzində muxtar respublikanın istehlak bazarında əhaliyə 924 milyon 871 min manat həcmində istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir ki, bu da bir il öncəki göstəricidən 1,9 faiz çoxdur.
Əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi məqsədilə cari ilin ötən dövrü ərzində Şərur rayonunun Diyadin, Babək rayonunun Qahab kəndlərində xidmət mərkəzləri yaradılmış, Naxçıvan şəhərinin Qaraçuq, Şərur rayonunun Cəlilkənd, Dizə, Kürkənd, Püsyan və Axura, Babək rayonunun Qoşadizə və Güznüt, Culfa rayonunun Bənəniyar və Şurud, Kəngərli rayonunun Qarabağlar, Şahbuz rayonunun Nursu və Gömür kəndlərində xidmət mərkəzlərinin yaradılması davam etdirilmişdir.
Xarici ticarət, bank işi və sığorta fəaliyyəti
Muxtar respublikada sahibkarlığın inkişafına yönəldilmiş islahatlar ixracyönümlü məhsulların istehsalının artmasına şərait yaratmışdır.
2014-cü ilin yanvar-sentyabr ayları ərzində muxtar respublikada xarici ticarət dövriyyəsinin həcmi 361 milyon 621 min ABŞ dollarına çatmışdır ki, bu da bir il öncəki müvafiq göstəricidən 1,2 faiz çoxdur. Xarici ticarət dövriyyəsinin 278 milyon 902 min ABŞ dollarını ixrac, 82 milyon 719 min ABŞ dollarını isə idxal təşkil etmiş və 196 milyon 183 min ABŞ dolları həcmində müsbət saldo yaranmışdır. Son bir il ərzində ixracın həcmi 5 faiz artmış, idxalın həcmi isə 9,8 faiz azalmışdır.
Bank sektorunun inkişafı hazırkı yüksək iqtisadi aktivliyə paralellik təşkil edir. Pul əməliyyatlarının nağdsız hesablaşmalar vasitəsilə aparılması üçün cari ilin ötən dövrü ərzində 569 POS-terminal istifadəyə verilmiş və bu göstərici 1 oktyabr 2014-cü il tarixə 817-yə çatmışdır. POS-terminallardan geniş istifadə vəsaitlərin dövriyyəsinin sürətləndirilməsinə, nağd pulların daşınması, saxlanması və təsərrüfat əməliyyatları xərclərinin azaldılmasına müsbət təsir göstərmişdir.
1 oktyabr 2014-cü il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 35198-ə çatmışdır ki, bunun da 32163-ü və ya 91,4 faizi aktiv hesablardır. Cari ilin ötən dövrü ərzində açılmış 14850 bank hesabının 14794-ü və ya 99,6 faizi aktiv hesab olmuşdur.
Cari ilin yanvar ayından etibarən “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti tərəfindən kənd təsərrüfatı sahəsi və biznes üzrə verilən kreditlərin faiz dərəcələri 15 faizədək endirilmiş, kiçikhəcmli kreditlərin verilməsi qaydaları sadələşdirilmiş, bankın Naxçıvan şəhər, Şərur və Culfa rayon filialları yaradılmışdır. Həyata keçirilən tədbirlər sahibkarların kiçik maliyyə resurslarına olan tələbatlarının ödənilməsi ilə yanaşı, muxtar respublikada kənd təsərrüfatının davamlı inkişafına əlverişli şərait yaradacaqdır.
İqtisadiyyatın tarazlı fəaliyyətini təmin edən, sahibkarları potensial risklərdən qoruyan, iqtisadi inkişaf üçün uzunmüddətli investisiya mənbələrini yaradan səmərəli sığorta sisteminin formalaşdırılması ilə bağlı tədbirlər davam etdirilir. 2014-cü ilin yanvar-sentyabr ayları ərzində muxtar respublikada bütün sığorta növləri üzrə daxilolmalar 4359,3 min manat olmuşdur ki, bu da bir il öncəki müvafiq göstəricidən 539,6 min manat və ya 14,1 faiz çoxdur.
Təhsil, səhiyyə, sosial təminat, mədəniyyət və turizm
Sosial siyasətin mühüm tərkib hissəsi kimi təhsil sahəsində infrastruktur quruculuğu tədbirləri cari ilin ötən dövrü ərzində də diqqət mərkəzində saxlanılmışdır.
İlin əvvəlindən Naxçıvan Özəl Universitetində yeni infrastruktur obyektlərinin tikintisi, Naxçıvan Dövlət Universitetinin əsas korpusunun, Tibb fakültəsində klinik xəstəxananın, Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin baytarlıq korpusunun yenidən qurulması davam etdirilmişdir.
Şərur rayonunun Diyadin kəndində 88 şagird yerlik, Ordubad rayonunun Aşağı Əylis kəndində 234 şagird yerlik tam orta məktəb binalarının tikintisi, Naxçıvan şəhərində 1100 şagird yerlik 11 nömrəli, Babək rayonunun Qahab kəndində 612 şagird yerlik, Culfa rayonunun Əlincə kəndində 252 şagird yerlik, Şahbuz rayonunun Sələsüz kəndində 234 şagird yerlik tam orta məktəb binalarının yenidən qurulması başa çatdırılmışdır.
Ordubad şəhərində 3 nömrəli, Şahbuz şəhərində 2 nömrəli, Babək rayonunun Naxışnərgiz kəndində məktəb binalarının tikintisi, Babək rayonunun Nehrəm kəndində 2 nömrəli, Kəngərli rayonunun Qarabağlar kəndində 1 nömrəli, Naxçıvan şəhərinin Qaraçuq, Şərur rayonunun Püsyan, Dizə, Kürkənd və Axura, Babək rayonunun Güznüt və Qoşadizə, Culfa rayonunun Bənəniyar, Şahbuz rayonunun Gömür və Nursu kəndlərində məktəb binalarının yenidən qurulması davam etdirilmişdir.
Babək rayonunun Babək qəsəbəsindəki 242 yerlik uşaq bağçası üçün bina tikilmiş, Şahbuz şəhərində uşaq bağçası binasının tikintisi davam etdirilmişdir.
Naxçıvan şəhərində, Culfa rayonunun Bənəniyar kəndində uşaq musiqi məktəbi binalarının tikintisi, Naxçıvan şəhərinin Qaraçuq kəndində uşaq musiqi məktəbi binasının yenidən qurulması davam etdirilir.
Şərur Texniki-Peşə və Sürücülük Məktəb kompleksinin tikintisi başa çatdırılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq, məhdud fiziki imkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzi yaradılmışdır. Binada mərkəzi server və çevirici avadanlıqlar quraşdırılmış, tədris sinfinə intellektual-elektron lövhə, kompüter, smart kamera, monitor və digər avadanlıqlar qoyulmuşdur. Hazırda muxtar respublika üzrə sağlamlıq imkanı məhdud 18 uşaq distant təhsilə cəlb edilmiş, onların yaşadığı mənzillərdə asinxron rəqəmsal abunəçi avadanlığı, noutbuk və vebkameralar quraşdırılmışdır.
Hazırda muxtar respublikanın bütün təhsil müəssisələrində ən müasir kompüter avadanlıqlarından istifadə olunur. Muxtar respublikanın ümumtəhsil məktəblərində 3580 dəst kompüter quraşdırılmış, hər 12 şagird bir dəst kompüterlə təmin olunmuşdur. İstifadədə olan 3580 dəst kompüterin 3026-sı və ya 84,5 faizi internetə qoşulmuşdur. Muxtar respublikanın ümumtəhsil məktəblərində tədrisin daha keyfiyyətli aparılması məqsədilə 518 elektron lövhə quraşdırılmışdır.
Təhsil sahəsinə göstərilən yüksək diqqət və qayğı bu sahənin keyfiyyət göstəricilərini ilbəil yaxşılaşdırmışdır. Cari ildə ali və orta ixtisas məktəblərinə keçirilən qəbul imtahanlarında iştirak edən məzunlardan 1725-i tələbə adını qazanmışdır. 500-700 intervalında bal toplayan tələbələrin sayı bir il öncəyə nisbətdə 35 nəfər artaraq 347 nəfər olmuşdur.
Səhiyyə sahəsində də görülən işlər davam etdirilmiş, cari ilin ötən dövrü ərzində Kəngərli Rayon Mərkəzi Xəstəxanasının yenidən qurulması, Naxçıvan Əlillərin Bərpa Mərkəzinin əsaslı təmiri, Babək rayonunun Qahab kəndində həkim ambulatoriyası binasının, Şərur rayonunun Diyadin, Ordubad rayonunun Aşağı Əylis, Culfa rayonunun Əlincə kəndlərində feldşer-mama məntəqələrinin tikintisi başa çatdırılmış, Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklərlə Mübarizə Mərkəzinin, Dəri-Zöhrəvi Dispanserinin və Qazanılmış İmmun Çatışmazlığı Sindromu ilə Mübarizə Mərkəzinin tikintisi, Naxçıvan Muxtar Respublika Xəstəxanasının yenidən qurulması davam etdirilmişdir.
Naxçıvan şəhərinin Qaraçuq, Şərur rayonunun Dizə və Püsyan, Babək rayonunun Güznüt kəndlərində həkim ambulatoriyası binalarının tikintisi, Şahbuz rayonunun Nursu kəndində həkim ambulatoriyası binasının yenidən qurulması davam etdirilməkdədir.
Naxçıvan Muxtar Respublika Xəstəxanasının müasir tibbi avadanlıqla təchiz olunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 9 milyon manat vəsait ayrılmışdır.
2014-cü il fevralın 17-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının kütləvi tibbi müayinədən keçirilməsi barədə ölkə Prezidentinin müvafiq tapşırığı muxtar respublikamızda da uğurla icra olunmuşdur. Bu aksiyanın mütəşəkkil keçirilməsi üçün xüsusi tədbirlər planı hazırlanmış, dispanserizasiya tədbirlərinin səmərəliliyinə nail olmaq üçün kütləvi informasiya vasitələrində çıxışlar təşkil edilmiş, şəhər və rayon tibb müəssisələrində maarifləndirici seminarlar keçirilmişdir. Bu dövr ərzində muxtar respublikada 273 min 555 vətəndaş tibbi müayinədən keçirilmiş, tibbi müayinə zamanı aşkar olunan ilkin, eləcə də qeydiyyatda olan xroniki xəstələr əlavə müayinələrə cəlb edilmişlər.
Sosial layihələr çərçivəsində cari ilin yanvar-sentyabr ayları ərzində yüksək ixtisaslı həkim heyəti tərəfindən, ümumilikdə, 195 cərrahi əməliyyat, o cümlədən 44 xəstədə açıq ürək, 1 xəstədə periferik damar, 6 xəstədə plastik əməliyyat, 78 xəstədə göz əməliyyatları aparılmışdır.
2014-cü ilin yanvar-sentyabr aylarında muxtar respublikada hər bir nəfərə düşən aylıq gəlirləri ehtiyac meyarından aşağı olan ailələrə 2 milyon 584 min manatdan artıq həcmdə ünvanlı dövlət sosial yardımı ödənilmişdir. Ünvanlı dövlət sosial yardımı alanların sayı ümumi əhalinin 2,7 faizini təşkil etmişdir ki, bu da öz minimal həddi ilə ümumi inkişafa uyğun mütənasiblikdədir.
Ümumilikdə, bu dövr ərzində 530 tənha ahıl və sağlamlıq imkanları məhdud şəxsə evlərində sosial-məişət xidmətləri göstərilmiş, Naxçıvan Əlillərin Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud olan 138 nəfərin, Naxçıvan Uşaq Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud olan 250 uşağın müalicəsi təşkil edilmiş, istirahət etmələri üçün bu kateqoriyadan olan 47 uşaq Ağbulaq İstirahət Mərkəzinə göndərilmişdir. Sağlamlıq imkanları məhdud 6 uşaq valideynlərinin müşayiəti ilə Latviya Respublikasına, 15 uşaq Acarıstan Muxtar Respublikasına, 6 nəfər isə Yunanıstan Respublikasına müalicəyə göndərilmişdir.
Cari ilin ötən dövrü ərzində muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası istiqamətində keçirilmiş yarış və müsabiqələrdə, ümumilikdə, 303 uşağın iştirakı təmin edilmişdir.
Ötən dövr ərzində 118 nəfər əlil müxtəlif sanatoriya və müalicə pansionatlarına yollayışlarla təmin edilmiş, 143 nəfərə protez-ortopedik xidməti göstərilmiş, 260 nəfər texniki reabilitasiya vasitələri ilə təmin olunmuş, 22 nəfər əlilin ölkə daxilində müalicəsinə, 50 nəfər əlilin isə sosial-məişət şəraitinin yaxşılaşdırılmasına köməklik göstərilmişdir.
Sosial qayğıya ehtiyacı olan 60 nəfərə minik avtomobilləri verilmişdir. Bu kateqoriyadan olan iki ailə üçün yaşayış evinin tikintisi hazırda davam etdirilir.
Əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, öz növbəsində, demoqrafik vəziyyətə də müsbət təsir göstərmiş, muxtar respublika əhalisinin sayı 1 sentyabr 2014-cü il tarixə bir il öncəyə nisbətdə 5 min 336 nəfər artaraq 438 min 588 nəfər olmuşdur.
Muxtar respublikada pensiya və müavinətlərin dayanıqlı maliyyə təminatı formalaşdırılmışdır. Cari ilin ötən dövrü ərzində Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya və müavinətlərin ödənilməsinə 84 milyon 528 min manatdan çox vəsait yönəldilmişdir. Bu dövr ərzində pensiya və müavinətlərin ödənişi üçün tələb olunan vəsaitin 51 faizi məcburi dövlət sosial sığorta haqqı kimi muxtar respublikada toplanmışdır. 2014-cü ilin ötən dövrü ərzində Dövlət Sosial Müdafiə Fonduna cəmi daxilolmalar 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 13,4 faiz, o cümlədən özəl sektor üzrə 19,9 faiz artmışdır.
Bədən tərbiyəsi və idman infrastrukturu müntəzəm olaraq yaxşılaşdırılmışdır. Hazırda Kəngərli Rayon Uşaq-Gənclər Şahmat Məktəbi binasının tikintisi, Şərur şəhərində əltopu oyunları idman meydançasının əsaslı təmiri davam etdirilir.
Muxtar respublikada tarixi-mədəni irsin qorunması və təbliği, mədəni potensialın inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılmış, mədəniyyət obyektlərinin inşası və bərpası davamlı xarakter almışdır. 2014-cü ilin ötən dövrü ərzində Naxçıvan şəhərində “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi istifadəyə verilmişdir. Hazırda Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin, Xatirə Muzeyinin, Naxçıvançay vadisində və Əziz Əliyev küçəsində parkların tikintisi davam etdirilir.
Ordubad şəhərində Akademik Yusif Məmmədəliyevin ev-muzeyinin yenidən qurulması, tarixi Buzxana abidəsinin bərpası başa çatdırılmışdır. Şərur rayonunda Cəlilkənddə Cəlil Məmmədquluzadənin xatirə muzeyinin tikintisi, Şahbuz rayonunun Nursu kəndində Məmməd Arazın ev-muzeyinin, Şərur rayonunda Cəlilkənddə mədəniyyət evinin yenidən qurulması, Culfa rayonunda “Əlincəqala” tarixi abidəsinin, Gülüstan türbəsinin, Şərur rayonunda Cəlilkənddə tarixi Buzxana abidəsinin bərpası davam etdirilir.
Ordubad rayonunun Yuxarı Əylis kəndində məscidin tikintisi başa çatdırılmış, Naxçıvan şəhərində məscidin tikintisi hazırda davam etdirilir.
Naxçıvan şəhərində hamam kompleksinin tikintisi davam etdirilir.
Muxtar respublikada gənclərin sosial müdafiəsinin və məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda böyüməsi, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği də diqqət mərkəzində saxlanılır. Cari ilin ötən dövrü ərzində Naxçıvan şəhərində istifadəyə verilmiş Gənclər Mərkəzi gənclərin xüsusi layihələr vasitəsilə muxtar respublikada aparılan quruculuq tədbirlərinə cəlbi və asudə vaxtlarının səmərəli təşkili baxımından xüsusi əhəmiyyətə malikdir.
Muxtar respublikada turizm potensialının mövcud imkanlarından səmərəli istifadə edilmiş, 2014-cü ilin ötən dövrü ərzində Uzunoba Su Anbarında yeni istirahət mərkəzi – Naxçıvan şəhər çimərliyi istifadəyə verilmişdir. 2014-cü ilin yanvar-sentyabr ayları ərzində muxtar respublikamıza ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən, ümumilikdə, 298 min 436 nəfər turist gəlmişdir ki, bu da 2013-cü ilin müvafiq dövründəki göstəricini 2,2 faiz və ya 6 min 468 nəfər üstələyir.
Hüquq-mühafizə orqanları ilə iş
2014-cü ilin yanvar-sentyabr ayları ərzində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Sədərək Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin xidməti binasının tikintisi başa çatdırılmışdır. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin inzibati binasının tikintisi davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Hava Nəqliyyatında Gömrük İdarəsinin, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun inzibati binaları, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Şərur Rayonlararası Müayinə Mərkəzi tikilərək istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Culfa Rayonlararası Müayinə Mərkəzinin, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin “Naxçıvanterminalkompleks” Birliyi üçün inzibati binanın və anbar kompleksinin tikintisi, Sədərək sərhəd gömrük-buraxılış məntəqəsinin yenidən qurulması davam etdirilir.
Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin zabitləri üçün yataqxana binasının, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin yeməkxanasının tikintisi davam etdirilir.
Aparılan təhlillər göstərir ki, muxtar respublikada sosial və iqtisadi sahələrin kompleks inkişafı uzunmüddətli dövr üçün iqtisadi artımın və dayanıqlılığın təmin edilməsinə, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına möhkəm zəmin yaradır.
Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsi