22 Dekabr 2024, Bazar

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il 13 ok­tyabr tarixli Sərəncamı ilə hər il oktyabrın 20-si ölkəmizdə energetika sahəsində çalışanların peşə bayramı günü kimi qeyd olunur.
Azərbaycanda iqtisadiyyatın bütün sahələrində olduğu kimi, elektroenergetikanın inkişafı da ümummilli liderimizin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanın enerji sisteminin təkmilləşdirilməsi, ölkədə enerji təhlükəsizliyinin təmin olunması istiqamətində gərgin fəaliyyət göstərmişdir. O vaxta qədər ölkədə bütün elektrik stansiyalarının ümumi gücü 2200 meqavat təşkil edirdi və elektrik enerjisi təminatının tam ödənilməsində problemlər mövcud idi. Ümummilli liderin səyləri və təşkilatçılığı sayəsində hər birinin gücü 300 meqavatlıq 8 blokdan ibarət olan Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasının tikintisinə başlanıldı və hər il bir bloku istifadəyə verilən bu stansiya sayəsində Azərbaycan enerji sistemi bölgənin aparıcı sisteminə çevrildi. Həmin dövrdə İran İslam Respublikası ilə birgə tikilən 22 meqavatlıq Araz SES, 330 kilovoltluq Mingəçevir-Abşeron hava elektrik verilişi xətləri, yeni transformator yarım­stansiyaları istismara verilmişdir.

Müstəqillik illərində də ümummilli liderimiz ölkəmizdə enerji təhlükəsizliyinin təmin olunmasını diqqət mərkəzində saxlamış, bu sahənin maddi-texniki təchizatı xeyli gücləndirilmişdir.
Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkə iqtisadiyyatının bütün sahələri, o cümlədən elektrik enerjisi üzrə proqramlar hazırlanaraq uğurla icra edilir. Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının həyata keçirilməsi iqtisadiyyatın hərəkətverici qüvvəsi olan elektrik enerjisi sistemində də böyük nailiyyətlərin əldə olunmasına geniş imkanlar yaratmışdır.
Müstəqillik əldə olunduqdan sonra ölkəmizdə, eləcə də muxtar respublikada enerji təminatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər həyata keçirilmişdir. Ötən əsrin 90-cı illərinin əvvəllərində blokada şəraitində yaşayan Naxçıvan ciddi enerji böhranı ilə üzləşən zaman ulu öndərin apardığı danışıqlar nəticəsində 1993-cü ildə İran İslam Respublikasından 42 meqavat, Türkiyə Respublikasından isə 63 meqavat elektrik enerjisi nəqlinə başlanılmışdır. Bu dövrdən başlayaraq muxtar respublikada müxtəlif gücə malik olan transformator yarımstansiyaları quraşdırılmış, yüksəkgərginlikli elektrik verilişi xətləri çəkilmiş, idxal olunan elektrik enerjisinin itkisiz paylanması, avadanlıqların yüklənməsinin qarşısını almaq və enerji təchizatının etibarlılığını yüksəltmək məqsədilə ardıcıl tədbirlər görülmüşdür.
Elektrik enerjisi təchizatının yaxşılaşdırılması məqsədilə Prezident İlham Əliyev 2005-ci il mayın 2-də “Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalamışdır. Sərəncamın icrası muxtar respublikada da uğurla həyata keçirilmişdir. Belə ki, 2006-cı ildə Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasının təbii qazla işləmə rejiminə keçməsi təmin olunmuş, 220 kilovoltluq Babək yarımstansiyasında əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. Sərəncama əsasən, həmin il ümumi tutumu 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası tikilib istismara verilmiş və sonrakı mərhələlərdə bu istiqamətdə kompleks işlər davam etdirilmişdir. Nəticədə, bu gün muxtar respublikanın enerji təchizatı tamamilə daxili istehsal hesabına ödənilir.
Elektrik stansiyalarının tikilib istifadəyə verilməsi enerji təhlükəsizliyinin təmin olunmasında son dərəcə əhəmiyyətli rola malikdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov muxtar respublikanın elektrik enerjisinin daxili imkanlar hesabına ödənilməsinin strateji əhəmiyyət kəsb etdiyini bildirərək demişdir: “Hər bir ölkə üçün elektrik enerjisi strateji sahə hesab edilir. Bu gün dünya ölkələrində ərzaq və enerji təhlükəsizliyi üzrə proqramlar qəbul olunaraq icra edilir. Enerji, ərzaq təhlükəsizliyi təmin olunan ölkə­lərin iqtisadiyyatı isə sabit və davamlı inkişaf edir. Azərbaycan Respublikasında da ərzaq və enerji təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür. Ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da bu sahələrin inkişafı diqqət mərkəzində saxlanılır. Muxtar respublikada yeni elektrik stansiyaları tikilir, əhalinin və iqtisadiyyatın enerjiyə olan tələbatı etibarlı şəkildə ödənilir. Artıq Naxçıvan elektrik enerjisi idxal edən muxtar respublikadan elektrik enerjisi ixrac edən muxtar respublikaya çevrilmişdir. Enerji təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcəkdir”.
Muxtar respublikanın mövcud hidroenerji potensialından səmərəli istifadə olunmaqla ekoloji və iqtisadi cəhətdən daha səmərəli olan su elektrik stansiyalarının tikilib istifadəyə verilməsi də elektrik enerjisi təchizatında mühüm əhəmiyyətə malikdir. 2006-cı ilin dekabrında Heydər Əliyev Su Anbarı üzərində 4,5 meqavat gücündə su elektrik stansiyası, 2010-cu ilin oktyabrında isə Gilançay üzərində 22 meqavat gücündə Biləv Su Elektrik Stansiyası istismara verilmişdir. Bu il aprel ayının 7-də Şərur rayonu ərazisində 20,5 meqavat gücündə “Arpaçay-1” və 1,4 meqavat gücündə “Arpaçay-2” Su Elektrik stansiyaları fəaliyyətə başlamışdır. Muxtar respublikada bu istiqamətdə işlər davam etdirilir. Hazır­da Ordubad rayonu ərazisində 36 meqavat gücündə yeni derivasiyatipli su elektrik stansiyasının tikintisi davam etdirilir. Bu gün Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin balansında olan 7 elektrik stansiyasından 6-sı müstəqillik illərində istismara verilmişdir. Enerji təhlükəsizliyini daim diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev muxtar respublikada bu istiqamətdə həyata keçirilən tədbirləri yüksək qiymətləndirərək demişdir: “Naxçıvanın enerji təminatı məsələləri ön plandadır. Biz hamımız yaxşı xatırlayırıq ki, vaxtilə Naxçıvanı elektrik enerjisi ilə təmin etmək üçün çox böyük problemlər mövcud idi. Ulu öndərin rəhbərliyi ilə Naxçıvanın enerji təhlükəsizliyi məsələlərinin həllinə start verildi və bu gün biz bu siyasəti uğurla davam etdiririk. Son illərdə Naxçıvanda 5 elektrik stansiyası tikilmişdir. Demək olar ki, Naxçıvanın enerji təhlükəsizliyi məsələləri tam şəkildə öz həllini tapmışdır”.
Muxtar respublikada istehsal olunan elektrik enerjisinin istehlakçılara fasiləsiz və keyfiyyətli çatdırılması məqsədilə yeni transformator yarımstansiyaları tikilir, mövcud olanlar yenidən qurulur. Son illər “Xalxal”, “Koroğlu”, “Xalçaçılıq”, “Şərur”, “Naxçıvan” və “Ordubad” transformator yarımstansiyaları müasir şəkildə yenidən qurularaq istifadəyə verilmişdir. Bu il isə “Araz” və “Babək” transformator yarım­stansiyalarında yenidənqurma və təmir işləri aparılır. 2014-cü ilin ötən 9 ayında muxtar respublikanın şəhər və kəndlərində 26 ədəd yeni transformator yarım­stansiyası qoyulmuş, 60 kilometr uzunluğunda yeni 10 və 0,4 kilovoltluq elektrik verilişi xətləri çəkilmiş, 20 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq hava elektrik verilişi xətləri yeraltı kabellərlə əvəz edilmişdir. Bundan əlavə, muxtar respublikada alternativ və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində də ardıcıl tədbirlər görülür.
Hər il Naxçıvan Muxtar Respublikası Ali Məclisində payız-qış mövsümünə hazırlıqla bağlı keçirilən müşavirələrdə qarşıya konkret vəzifələr qoyulur. Müşavirələrdə verilən tapşırıqların icrası istiqamətində görülən işlər soyuq qış günlərində istehlakçıların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə etibarlı təminatına şərait yaradır, enerjinin verilməsində kəsinti hallarını minimuma endirir.
Elektrik enerjisindən qənaətlə istifadə olunması, israfçılığa yol verilməməsi də enerji təminatı baxımından vacib məsələdir. Ötən dövr ərzində bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilmiş, aparılan reydlər zamanı elektrik verilişi xətlərinə qanunsuz müdaxilələr aşkar olunaraq qarşısı alınmışdır. Həmçinin elektrik enerjisi haqlarının rəqəmsal elektron sayğacların göstərişləri əsasında ödənilməsi təmin edilmişdir. Sakinlərlə elektrik enerjisindən qənaətlə və qanun çərçivəsində istifadə olunması qaydaları barədə mütəmadi maarifləndirici söhbətlər aparılır, enerji itkisinin baş verməməsi nəzarətdə saxlanılır.
Muxtar respublikanın enerji təminatçıları olan energetiklərin əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Son illər 11 energetik “Tərəqqi” medalı ilə təltif edilmiş, 1 nəfərə “Azərbaycan Respublikasının əməkdar mühəndisi”, 2 əməkdaşa isə “Naxçıvan Muxtar Respublikasının əməkdar mühəndisi” fəxri adları verilmişdir. Bu sahədə çalışanların rifah halının yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılaraq əməkhaqları artırılmış, iş şəraitinin yaxşılaşdırılması məqsədilə yeni inzibati binalar tikilmiş, xidməti avtomobillər verilmişdir.
Muxtar respublikanın energetika sahəsində ixtisaslı kadrların hazırlanması da diqqət mərkəzində saxlanılır. Bu məqsədlə ali və orta ixtisas təhsili müəssisələrində, peşə məktəblərində müvafiq ixtisaslar üzrə mütəxəssislər hazırlanır. Kadr hazırlığının düzgün təşkili nəticəsində bu gün elektrik stansiyalarının idarə olunması, istifadəyə verilən yeni yarımstansiyaların qurulması yerli mütəxəssislər tərəfindən həyata keçirilir.
İnanırıq ki, peşə bayramlarını qeyd edən muxtar respublika energetikləri bundan sonra da qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcək, istifadəçilərin davamlı və keyfiyyətli elektrik enerjisi ilə təminatını diqqət mərkəzində saxlayacaqlar.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR