22 Dekabr 2024, Bazar

Muxtar respublikada istehsalçıların təbii qazla fasiləsiz təmin olunması üçün ardıcıl tədbirlər həyata keçirilir. “Naxçıvanqaz” İstehsalat Birliyindən bildiriblər ki, istehlakçıların təbii qazla fasiləsiz təmin edilməsi ilə yanaşı, bu sahədə infrastrukturun təkmilləşdirilməsi məsələləri də diqqət mərkəzində saxlanılır, mövcud qaz xətlərində təmir işləri aparılır, istismar müddəti başa çatmış xətlər yeniləri ilə əvəz olunur.
Əhali abunəçilərinin normal, sabit və təhlükəsiz qaz təchizatını təmin etmək məqsədilə alınmış qaztənzimləyici şkaflar və qaztənzimləyicilər tələb olunan yerlərdə quraşdırılıb. Təbii qazın itkisiz olaraq yerlərə çatdırılması, israfçılığın qarşısının alınması və sərf olunan qazın dəyərinin vaxtında ödənilməsi ilə əlaqədar tədbirlər davam etdirilib, istismarda olan qaz sayğaclarına mütəmadi olaraq baxışlar keçirilib, istismara yararsız 27 min 532 ədəd sayğac yenisi ilə əvəzlənib.

O da bildirilib ki, abonentlərin təhlükəsizliyi də diqqət mərkəzində saxlanılıb, baş verə biləcək hər hansı bir qəzanın vaxtında aradan qaldırılması üçün şəhər və rayon Qaz İstismarı idarələrində qəza dispetçer xidmətlərinin 24 saat fəaliyyəti təmin edilib, qəza briqadaları ixtisaslı mütəxəssislərlə komplektləşdirilib və onlar lazımi texnika ilə təmin olunublar. Ayrı-ayrı yaşayış məntəqələrində vaxt­aşırı olaraq reydlər keçirilir, abonentlər tərəfindən istifadə edilən qeyri-standart qaz sobalarının xətdən kənarlaşdırılması ilə əlaqədar tədbirlər görülür. Eyni zamanda əhali arasında maarifləndirici söhbətlər aparılır, abonentlərə təhlükəsizlik qaydaları izah olunur.
Muxtar respublikamızın yaşayış məntəqələrində yeni tikilən yaşayış evlərinin vətəndaşların müraciətinə əsasən qazlaşdırılması işi də uğurla aparılıb, yeni sayğaclar quraşdırılıb və qaz təchizatı haqqında müqavilə bağlandıqdan sonra təbii qazın verilməsinə başlanılıb. Ümumilikdə, muxtar respublikada 83 min 574 istehlakçı təbii qazdan istifadə edir ki, onlardan 888 abonent, 103 müəssisə cari ilin 9 ayında təbii qazla təmin olunub.
Sərf olunan qazın dəyərinin vaxtında ödənilməsi də diqqət mərkəzində saxlanılıb, 2014-cü ilin 9 ayında enerji istehsal edən müəssisələr nəzərə alınmadan istehlak olunan 127 milyon 31 min 451 kubmetr qazın satışından 11 milyon 914 min 655 manat vəsait əldə edilib, ödəmə 93,8 faiz olub. Əhali abunəçiləri üzrə istehlak olunan 73 milyon 135 min 397 kubmetr qazın satışından toplanan vəsait 6 milyon 694 min 907 manata çatıb ki, bu da 91,5 faiz ödəmə deməkdir.
2014-2015-ci ilin payız-qış mövsümünə hazırlıqla əlaqədar kompleks tədbirlər həyata keçirilib. Qaz təsərrüfatında istismarda olan magistral, daşıyıcı və paylayıcı qaz kəmərlərinə, eləcə də onlar üzərindəki kranlara, siyirtmələrə və qaztənzimləyici şkaflara müntəzəm olaraq texniki baxış keçirilib, aşkar edilmiş nöqsanlar aradan qaldırılıb. İstehlakçılara verilən təbii qazın təzyiqinə hər ay texnoloji rejim tətbiq edilib və ölçü qovşaqlarında nəzarət işi diqqətdə saxlanılıb. Qaz itkisi olan istiqamətlərin müəyyən edilməsi və onları doğuran səbəblərin aradan qaldırılması üçün təxirəsalınmaz işlər görülüb. Həyata keçirilən kompleks tədbirlər onu deməyə əsas verir ki, xətt təsərrüfatında baş verə biləcək hər hansı bir nasazlıq vaxtında aradan qaldırılacaq, əhali fasiləsiz və təhlükəsiz təbii qazla təmin ediləcəkdir.

 Kərəm HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR