22 Dekabr 2024, Bazar

Muxtar respublikanın dağlıq bölgələrindən biri olan Şahbuz rayonunda əkinçiliyin inkişafına yüksək önəm verilir. Çünki hər bir şahbuzlu öz həyat tərzinin yaxşılaşmasında bu sahənin bəhrəsini görür və dövlətimizin yaratdığı şəraitdən istifadə edərək məhsul bolluğu yaradılmasına çalışır. Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 17 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası istiqamətində bölgədə həyata keçirilən tədbirlər cari ilin ötən dövrü ərzində də davam etdirilərək bir sıra uğurlu nəticələr əldə olunub. Bölgədə daha çox inkişaf etdirilən əkinçilik sahələrindən biri taxılçılıqdır. Ötən ilin payızında və cari ilin yazında 2014-cü ilin məhsulu üçün torpaq mülkiyyətçiləri 1010,3 hektar sahədə buğda, 320,7 hektar sahədə arpa əkiblər. Taxılçılıqla məşğul olanların müxtəlif dövlət yardımları, kreditlər, məhsuldar toxum sortları, texnika, suvarma suyu ilə təchizatı diqqət mərkəzində saxlanılıb, sahələrə aqrotexniki qaydalar əsasında qulluq edilməsinə şərait yaradılıb. Çəkilən zəhmət isə Şahbuz taxılçılarının xeyli gəlir əldə etmələri ilə nəticələnib. Belə ki, sahələrdən 2898 ton buğda, 709 ton arpa götürülüb. Hektarın orta məhsuldarlığı müvafiq olaraq 29,7 və 22,1 sentner təşkil edib.

2014-cü ilin nəticələri şahbuzluları 2015-ci ilin bol taxıl məhsulunun əsasını qoymağa bir daha ruhlandırıb: onlar şum qaldırılmasını və payızlıq taxıl əkinini optimal müddətdə başa çatdırmağa çalışırlar.
Məlumatda o da vurğulanır ki, bölgədə ciddi önəm verilən əkinçilik sahələrindən biri də kartofçuluqdur. İlin ilk 9 ayı ərzində 461 hektar kartof əkini sahəsinin 370 hektarından 5735 ton kartof tədarük edilib. Rayon əhalisinin meyvə-tərəvəz məhsullarına olan tələbatını daxili imkanlar hesabına ödəmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri­nin 2012-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Pro­qramı” bu sahədə zəruri tədbirlərin həyata keçirilməsini təmin edib. Bölgənin torpaq mülkiyyətçiləri həm öz tələbatlarını ödəmək, həm də daxili bazara töhfələrini vermək üçün səylərini artıraraq uğurlu nəticələr qazanıblar. Barverən meyvə bağlarından 1285 ton meyvə, üzüm bağlarından 9,2 ton üzüm, 284 hektar tərəvəz əkini sahəsinin 265 hektarından 4404 ton məhsul tədarük edilib. Meyvə bağlarında və tərəvəz əkini sahəsində məhsul tədarükü davam edir.
Rayonda son illər bostan məhsulları istehsalına da maraq artıb. Cari ildə 6 hektar sahədən 69,7 ton məhsul yığılıb. Digər əkinçilik sahələrində də uğurlu nəticələrə nail olunub. 4 hektar günəbaxan əkini sahəsindən 8 ton, 3 hektar qarğıdalı əkini sahəsindən 11,9 ton məhsul tədarük edilib. Bütün əkinçilik sahələrində əldə olunan nəticələr ötən ilin müvafiq dövrü ilə müqayisədə daha yüksəkdir. Aqrar sahədə qazanılan bütün bu uğurlar belə deməyə əsas verir ki, şahbuzlular ən qiymətli sərvət olan torpağı özlərinin daimi iş yerinə çeviriblər. Onlar torpağı qorumağı bacardıqları kimi, əkib-becərməyi də bacarırlar.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR