Əsas diqqət nağdsız ödənişlərin həcminin artırılmasına yönəldilib
Muxtar respublikada fəaliyyət göstərən banklar və kredit təşkilatları tərəfindən həyata keçirilən kreditləşmə prosesi 2014-cü ilin ilk doqquz ayı ərzində artan templə davam etmişdir. Kredit qoyuluşu, əsasən, kiçik və orta sahibkarlığın, kənd təsərrüfatının və iqtisadiyyatın digər sahələrinin inkişafına yönəldilmişdir ki, bu da kənd təsərrüfatı, yerli sənaye və istehlak malları istehsalının həcminin artmasına və yeni iş yerlərinin yaranmasına, rəqabətədavamlı daxili bazarın formalaşmasına stimul olan amillərdir.
1 oktyabr 2014-cü il tarixə muxtar respublikanın iqtisadiyyatına yönəldilən kredit qoyuluşu 98,1 milyon manat, o cümlədən qısamüddətli kredit qoyuluşu 14,9 milyon manat, uzunmüddətli kredit qoyuluşu 83,2 milyon manat təşkil edir.
Bank və digər kredit təşkilatları tərəfindən 2014-cü ilin ilk 9 ayı ərzində 41,6 milyon manat kredit verilmişdir ki, bunun da 26,1 milyon manatını uzunmüddətli kreditlər təşkil edir. Verilmiş kreditin 13,2 milyon manatı kənd təsərrüfatının, o cümlədən 3,5 milyon manatı bitkiçiliyin, taxılçılığın, kartofçuluğun və bostan-tərəvəz məhsulları istehsalının, 498,8 min manatı isə arıçılıq və quşçuluğun payına düşür. Ümumilikdə, verilmiş kreditlərin 2,3 milyon manatı sənaye, 6,5 milyon manatı tikinti, 3,6 milyon manatı kommersiya, 16 milyon manatı daşınmaz əmlakla əlaqədar ipoteka kreditləri və digər kommunal, sosial və istehlak kreditlərinin verilməsi kimi sahələrə yönəldilmişdir.
2014-cü il 1 oktyabr tarixə əhalinin banklardakı əmanətlərinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 milyon manat artaraq 6,2 milyon manat təşkil etmiş və ya 35 faiz artmışdır. Xarici valyuta ilə cəlb olunan əmanətlərin həcmi isə 1,5 milyon manat təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 495 min manat və ya 47 faiz artım deməkdir.
Banklar tərəfindən 2014-cü il 1 oktyabr tarixə 2232 hüquqi, 32 min 966 fiziki şəxs olmaqla, 35 min 198 müştəriyə xidmət göstərilmişdir. Xidmət olunan hesabların 32 min 163-ü aktiv hesab olmuşdur ki, onların 1310-u hüquqi, 30 min 853-ü fiziki şəxsdir.
2014-cü ilin ilk doqquz ayında 91 hüquqi, 14 min 759 fiziki şəxs olmaqla, 14 min 850 müştəriyə yeni bank hesabı açılmışdır. Açılmış bank hesablarının 14 min 794-ü aktiv hesabdır.
Muxtar respublikada fəaliyyət göstərən banklar tərəfindən bankların əməliyyat kassalarına daxil olan nağd pul hasilatını artırmaq istiqamətində də lazımi işlər görülmüşdür.
1 oktyabr 2014-cü il tarixə bankların kassa mədaxili 218 milyon manat olmuş, bankların kassa məxarici isə 531,5 milyon manat təşkil etmişdir.
Cari ilin ilk doqquz ayı ərzində Mərkəzi Bankın ehtiyat fondundan bankların nağd pula olan tələbatının ödənilməsi məqsədilə 411,4 milyon manat nağd pul dövriyyəyə buraxılmışdır.
Elektron ödəniş sistemlərindən istifadənin genişləndirilməsi, nağdsız hesablaşmaların həcminin artırılması istiqamətində də bir sıra işlər görülmüş, iqtisadi sahədə fəaliyyət göstərən şəxslərin və əhalinin elektron ödəniş sistemlərindən daha fəal istifadə etməsi, dövriyyədə olan nağd pul kütləsinin həcminin azaldılması, ticarət, iaşə və digər xidmət müəssisələrində müştərilərlə hesablaşmaların ödəniş kartları vasitəsilə aparılması üçün POS-terminalların və bankomatların quraşdırılması daim diqqət mərkəzində saxlanılmışdır.
Bəhs olunan dövrdə POS-terminalların quraşdırılması davam etdirilmiş, 1 oktyabr 2014-cü il tarixə 817 ədəd olmaqla keçən ilin müvafiq dövrü ilə müqayisədə POS-terminalların sayı 605 ədəd artmışdır.
Muxtar respublika üzrə əməkhaqqı, pensiya və fərdi ödəniş kartı alanların sayı ötən ilin müvafiq dövründə 178 min 992 idisə, hazırda ödəniş kartlarının ümumi sayı 198 min 747 ədədə çatmışdır. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 19 min 755 ədəd və ya 11 faiz çoxdur.
Muxtar respublika sakinlərinin ödəniş kartları vasitəsilə vergi və rüsumları, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi, pasport və şəxsiyyət vəsiqəsi alınması üçün rüsumları, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu və yerli şöbələrinə sosial sığorta haqlarını, mobil və stasionar rabitə üzrə xərcləri, internet ödənişləri və gömrük rüsumlarını elektron ödəniş formasında apara bilmələri üçün lazımi infrastruktur yaradılmışdır. 2014-cü ilin ilk doqquz ayı ərzində “Naxçıvanqaz” İstehsalat Birliyində banklar tərəfindən 39 ədəd POS-terminal quraşdırılmışdır. Eyni zamanda bu xidmətləri göstərən “Naxçıvanpoçt” MMC-nin filial və şöbələrində quraşdırılmış 95 ədəd POS-terminal vasitəsilə də vətəndaşlar kommunal ödənişləri həyata keçirə bilərlər.
“Naxçıvanqaz” İstehsalat Birliyi və Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyi tərəfindən vətəndaşların kommunal ödənişlərini kartlardan istifadə edərək internet üzərindən həyata keçirmələri təmin edilmişdir.
Bütün bunlarla yanaşı, 2014-cü ilin ilk doqquz ayı ərzində elektron ödəniş alətlərinin və nağdsız hesablaşmaların həcminin artırılması məqsədilə Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi tərəfindən mütəmadi olaraq yerli mətbuat, radio və televiziya vasitəsilə müvafiq maarifləndirmə işləri aparılmışdır.
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi və Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi əməkdaşlarının iştirakı ilə ticarət, iaşə və digər xidmət müəssisələrində quraşdırılmış POS-terminallardan müştərilərlə hesablaşmaların ödəniş kartları vasitəsilə aparılmasının monitorinqi keçirilmiş, nağdsız əməliyyat aparmayan mal satan və xidmət göstərən sahibkarlarla xüsusi maarifləndirici görüşlər təşkil edilmiş, müvafiq tövsiyələr verilmişdir.
Eyni zamanda Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi və Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi əməkdaşlarının birgə iştirakı ilə muxtar respublikanın təhsil müəssisələrində, bir sıra nazirlik və digər dövlət orqanlarında çalışan ödəniş kartı istifadəçiləri ilə görüşlər keçirilmiş, onlara ödəniş kartlarından istifadənin üstünlükləri barədə məlumatlar verilmiş və nağdsız ödənişlərin iqtisadiyyatın inkişafında nə dərəcədə mühüm rol oynadığı bildirilmişdir. Görüşlər zamanı nağdsız ödəniş alətlərindən istifadə vərdişlərinin təbliği məqsədilə videoçarxlar nümayiş etdirilmiş, bu istiqamətdə əsaslı rol oynayan internet resursları haqqında məlumatlar verilmiş və internet üzərindən ödənişlərin həyata keçirilməsi əyani şəkildə iştirakçıların diqqətinə çatdırılmışdır. Bunlarla yanaşı, ödəniş alətlərinin üstünlükləri ilə bağlı təbliğat materialları, bukletlər dərc edilərək muxtar respublikada fəaliyyət göstərən idarə və müəssisələrdə çalışan ödəniş kartı istifadəçilərinə paylanmışdır.
Nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə muxtar respublikada nağdsız aparılan əməliyyatlara görə müxtəlif güzəştlər tətbiq edilmiş, nağdsız əməliyyat aparılmasında fəal olan şəxslərə bonuslar və mükafatlar verilmişdir.
Nağdsız ödəniş alətləri infrastrukturunun genişləndirilməsi, əhalinin bu istiqamətdə maarifləndirilməsi və həyata keçirilən digər tədbirlər nağdsız ödənişlərin həcminin artması ilə nəticələnmişdir. Belə ki, təkcə bu ilin sentyabr ayı ərzində banklar tərəfindən muxtar respublikada quraşdırılmış POS-terminallar, internet və digər ödəniş sistemləri vasitəsilə aparılan nağdsız əməliyyatların həcmi 1 milyon 547 min manat təşkil etmişdir.
Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar
Respublikası İdarəsinin mətbuat xidməti