22 Dekabr 2024, Bazar

Abonentlərin etibarlı elektrik enerjisi ilə təmin olunması istiqamətində həyata keçirilən tədbirlər bu ilin ilk 9 ayında da uğurla davam etdirilib. Ötən dövr ərzində Babək rayonunda yeni 1260 kilovolt-amper güclü 2 transformatorlu müasir avadanlıqlar, mühafizə və avtomat qurğular qoyulub, 35/10 kilovoltluq “Kərimbəyli” transformator yarım­stansiyası tikilib istismara verilib.
Bu məlumatı qəzetimizə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin Baş direktoru Yasin Səfərov verib.

Agentlik rəhbəri onu da bildirib ki, Kəngərli rayonu ərazisində 110/35/10 kilo­voltluq 35 meqavolt-amper güclü 2 transformatorlu müasir yarımstansiyanın, 10 kilometr uzunluqlu 110 kilovoltluq, 4 kilometr uzunluqlu 35 kilovoltluq, ikidövrəli elektrik verilişi xətlərinin tikintisinə başlanılıb, zəruri avadanlıqlar alınıb, 10 meqavolt-amper güclü transformator sifariş verilib. Eyni zamanda 26 ədəd yeni transformator yarım­stansiyası quraşdırılıb, 60 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq yeni elektrik verilişi xətləri çəkilib, 20 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq hava elektrik xətləri kabel xətləri ilə əvəz edilib. Naxçıvan, Şərur və Culfa transformator təmiri sexləri lazımi materiallarla təmin edilib, 101 ədəd 35/6-10 və 10/04 kilovoltluq transformator təmir edilərək şəbəkələrə qaytarılıb. Əsas avadanlıq və materialların birbaşa xarici ölkələrin istehsalçı müəssisə və təşkilatlarından alınıb gətirilməsi işləri davam etdirilib.
Baş verə biləcək qəza hallarının vaxtında aradan qaldırılmasında operativliyi təmin etmək məqsədilə mütəxəssislərdən ibarət təmir-bərpa briqadalarının fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılıb. İstehsal olunan elektrik enerjisindən səmərəli istifadə edilməsi və sərf olunan elektrik enerjisinin dəyərinin ödənilməsində mühüm rol oynayan sayğacların quraşdırılması işi də diqqət mərkəzində saxlanılıb. Muxtar respublikada sakinlərin ev və mənzillərinə digital elektron sayğaclar qoyulub, enerji haqqının sayğacların göstəriciləri əsasında ödənilməsi təmin edilib.
Əhali arasında aparılan maarifləndirici söhbətlər öz bəhrəsini verib, cari ilin 9 ayında 7 faiz texniki itki nəzərə alınmaqla, 315 milyon 670 min kilovat-saat elektrik enerjisi sərf olunub, sərf olunan elektrik enerjisinin dəyəri 99,40 faiz ödənilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR