22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası qədimliyi və müasirliyi ilə yanaşı, həm də gözəl təbiəti və bərəkətli torpaqları ilə seçilir. Elə bu səbəbdəndir ki, bu diyarın dadlı meyvələri, tamlı tərəvəzləri dillər əzbəridir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 14 fevral 2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” adıçəkilən kənd təsərrüfatı məhsulları istehsalının həcminin artırılmasına, mövcud potensialdan istifadə imkanlarından tam yararlanmaq üçün stimul olmuşdur. Mühüm elmi-nəzəri, sosial-iqtisadi əhəmiyyət kəsb edən dövlət proqramında muxtar respublikada yüksək istehsal səviyyəli bağların yaradılması və ixtisaslaşdırılması, yerli şəraitə uyğunlaşdırılmış məhsuldar meyvə-tərəvəz növlərinin çeşidlərinin bərpa edilməsi, yeni texnologiyalara əsaslanan meyvə-tərəvəz emalı müəssisələrinin formalaşdırılması və yaradılması əsas vəzifə kimi müəyyənləşdirilmişdir. Təbii ki, proqramın qəbulundan ötən müddət ərzində muxtar respublikanın bütün bölgələrində dövlət proqramından irəli gələn vəzifələrin icrası istiqamətində mühüm işlər görülmüş və bu işlər bu gün də davam etdirilir. Həyata keçirilən tədbirlərdə Culfa rayonunun da öz payı var.

Qeyd edək ki, “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Pro­qramı”nın qəbul edildiyi 2012-ci ildən başlayaraq rayonun müxtəlif ərazilərində meyvə bağlarının salınmasına başlanılmış, torpaq xüsusiyyətləri nəzərə alınaraq meyvə ağaclarının əkilməsi kampaniyasına start verilmişdir. Belə ki, həmin ildə Culfa rayonunun Yaycı kəndində 2 hektar, Gülüstan kəndində 0,5 hektar ərik, Şurud kəndində 1 hektar badam tinglərinin yetişdirilməsi üçün təsərrüfatlar yaradılmış, 2013-cü ildə Dizə kəndində 0,5 hektar müxtəlif növ meyvə tinglərinin yetişdirilməsi təşkil olunmuşdur. 2012-ci ildən başlayaraq rayonda yerli iqlim və relyefə uyğun tezyetişən meyvə sortlarından ibarət bağların salınması dəstəklənmiş, torpaq mülkiyyətçiləri tərəfindən 19,1 hektar ərazidə meyvə bağları salınmışdır. O cümlədən rayonun Dizə kəndində 1 hektar ərik və badam, Yaycı kəndində 1 hektar ərik, Saltaq kəndində 2,3 hektar ərik, Xanəgah kəndində 4,9 hektar cəviz, Gülüstan kəndində 2,5 hektar ərik, Şurud kəndində 4 hektar badam, Ərəzin kəndində 1 hektar ərik və badam, Qazançı kəndində 0,7 hektar cəviz və fındıq, Milax kəndində 1,2 hektar alma bağları salınmış, 2013-cü ildə isə 9 hektar, o cümlədən Gülüstan kəndində 5 hektar, Culfa düzü sahəsində 4 hektar meyvə bağları salınmışdır. Qeyd etmək lazımdır ki, rayonda indiyədək meyvəçiliklə məşğul olan 9 vətəndaşa, ümumilikdə, 194 min manat kredit verilmişdir.
Təbii ki, meyvə bağlarının salınmasında həyata keçirilən əsas tədbirlərdən biri də suvarma suyuna olan tələbatın ödənilməsidir. Sututarlara yaxın ərazilərin və çay vadilərində istifadə olunmayan torpaqların müəyyənləşdirilib əkin dövriyyəsinə daxil edilməsi məqsədilə 2012-ci ildə Ərəzin kəndində istifadə olunmayan 2,5 hektar torpaq sahəsində ərik bağı, Xanəgah kəndində istifadə olunmayan 1 hektar ərazidə cəviz və badam, rayonun Darıdağ ərazisində isə 3,2 hektar ərik bağı salınmışdır. Suvarma sularından səmərəli istifadə olunması, suvarılan torpaq sahələrinin genişləndirilməsi və torpaqların su ilə təminatının yaxşılaşdırılması üçün rayon ərazisində yerləşən arx və kanallar lil və çöküntülərdən təmizlənmişdir. Bundan əlavə, rayonun müxtəlif ərazilərində su xətlərinin təmiri və ya yenilənməsi, nasos stansiyalarında mövcud aqreqatların sazlığı diqqətdə saxlanılmış, Culfa şəhərinin giriş hissəsindəki “Üçbucaq” deyilən ərazidə 400 metr məsafədə yeni suvarma kanalı qazılmış, yeni salınmış yaşıllıqlara 350 metr uzunluğunda su xətti çəkilmiş, 1 ədəd nasos aqreqatı quraşdırılmış, müxtəlif diametrli plastik borularla 1200 metr uzunluğunda əlavə suvarma xətti çəkilmişdir.
Culfa rayonunda meyvəçiliklə bərabər, tərəvəzçiliyin də inkişaf etdirilməsi diqqətdə saxlanılmış, kartof, pomidor, soğan, sarımsaq, yerkökü və digər tərəvəzlərin əkin sahələrinin artırılması mütəmadi olaraq dəstəklənmişdir. Bununla əlaqədar rayon ərazisində 2012-ci ildə 457 hektar kartof, 592 hektar tərəvəz (o cümlədən 51,2 hektar soğan), 2013-cü ildə 484 hektar kartof, 594 hektar ərazidə isə tərəvəz (o cümlədən 74 hektar soğan) əkini həyata keçirilmişdir. Cari ildə isə kartof əkini üçün sahə 484 hektar təşkil etsə də, tərəvəz əkini sahələri 1 hektar artırılaraq 595-ə çatdırılmış, o cümlədən soğan əkini sahələri 86,1 hektar, sarımsaq əkini isə 2,4 hektar olmuşdur.
Qeyd edək ki, ixtisaslaşmış meyvə və tərəvəzçilik təsərrüfatlarının müasir texnologiyalarla təchiz edilmiş emal müəssisələrinin yaradılması məqsədilə 2013-cü ildə rayonun Əbrəqunus kəndində meyvə-tərəvəzin qəbulu və qurudulması istehsalının təşkili üçün 1 nəfər sahibkara 34 min manat kredit verilmiş, meyvəqurutma istehsalı üçün 40 kvadratmetrlik bina inşa edilmiş, müvafiq avadanlıqlar alınıb gətirilərək quraşdırılmış və istehsala başlanılmışdır. Hazırda müəssisədə meyvə-tərəvəzin qəbulu və qurudulması prosesi davam etdirilir. Bundan əlavə, istehsal olunan meyvə-tərəvəz məhsullarının realizə edilməsi üçün rayon mərkəzində mütəmadi olaraq meyvə-tərəvəz məhsullarının satışı yarmarkaları təşkil edilmişdir. Məlumat üçün bildirək ki, 2014-cü ilin ötən dövrü ərzində bu yarmarkalarda əhaliyə 30 çeşiddə 140 ton, ümumilikdə isə 100,9 min manat dəyərində müxtəlif növ meyvə və tərəvəz məhsulları satılmışdır.
“2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası istiqamətində həyata keçirilən tədbirlər Culfa rayonunda bu gün də davam etdirilir. Əkinəyararlı torpaq sahələrindən maksimum istifadə olunması, keyfiyyətli meyvə-tərəvəz tədarükü üçün aqrotexniki qaydalara vaxtında və düzgün əməl edilməsi bu gün rayon təsərrüfatçılarının qarşısında duran əsas vəzifələrdəndir. İnanırıq ki, muxtar respublika əhalisinin yerli kənd təsərrüfatı məhsulları ilə təminatında culfalı zəhmətkeşlərin də öz payı olacaq.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR