Muxtar respublikanın rayonlarının quruculuq xəritəsi ildən-ilə genişlənir. Qədim diyarımızın ən böyük bölgələrindən biri olan Babək rayonunda da geniş quruculuq işləri aparılır. “Muxtariyyət ili”ndə quruculuq tədbirləri rayonun kənd yaşayış məntəqələrini də əhatə edib. Belə kəndlərdən biri də Qoşadizə kəndidir.
Hazırda kənddə kompleks quruculuq və abadlıq tədbirləri həyata keçirilir. Belə ki, əvvəllər mövcud olmuş ikimərtəbəli məktəb binası yenidən qurulur, kənd və xidmət mərkəzləri üçün yeni binalar inşa olunur. İnşaat işləri “Naxçıvan Əcəmi Tikinti-Quraşdırma” Açıq Səhmdar Cəmiyyətinin inşaatçılarına həvalə edilib. İş icraçısı Müşfiq Abbasovun verdiyi məlumata görə, əvvəllər 2 mərtəbəli olan məktəb binasına 1 mərtəbə də əlavə olunub.
Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan binanın birinci və ikinci mərtəbələrində hörgü işləri başa çatdırılıb, daxildə suvaq işləri aparılır. Digər əlavə olunmuş korpusun üçüncü mərtəbəsində isə arakəsmələr hörülür, elektrik xətlərinin çəkilişi aparılır. 270 şagird yerlik nəzərdə tutulmuş məktəb binası istifadəyə verildikdən sonra birinci mərtəbədə idman zalı, kitabxana, yeməkxana, soyunub-geyinmə otaqları və laboratoriyalar, ikinci mərtəbədə müəllimlər otağı, şahmat və elektron lövhəli sinif otaqları, kompüter və digər sinif otaqları, üçüncü mərtəbədə isə sinif otaqları ilə yanaşı, elektron lövhəli sinif və digər fənn kabinələri yerləşəcək.
Kənddə digər yeni quruculuq ünvanları isə son tamamlama işləri aparılan kənd və xidmət mərkəzləridir. Hər iki obyektdə əsas işlər yekunlaşıb, dam örtüyü vurulub, pəncərələr salınıb. Hazırda daxildə boyaq işləri aparılır, binaların fasad hissəsi üzlük daşla üzlənir. İşlər yekunlaşdıqdan sonra ikimərtəbəli kənd mərkəzində kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, polis sahə və baytarlıq məntəqələri, rabitə evi, arxiv, mədəniyyət evi, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı üçün iş otaqları və feldşer-mama məntəqəsi yerləşəcək. Xidmət mərkəzində isə bərbərxana, qadın gözəllik salonu, ərzaq və sənaye mallarının satışı mağazaları fəaliyyət göstərəcək.
Qeyd edək ki, kənd və xidmət mərkəzlərinin tikintisinə cari ilin aprel ayından, məktəb binasının yenidən qurulmasına isə iyun ayından başlanılıb.
Xəbərlər şöbəsi