22 Dekabr 2024, Bazar

Beynəlxalq Standartlaşdırma Təşkilatının yarandığı gün – ok­tyabrın 14-ü hər il Azərbaycanda da “Beynəlxalq Standartlaşdırma Günü” kimi qeyd edilir.
Standartlaşdırma, bilavasitə, ictimai istehsalın səmərəliliyini və istehsal olunan məhsulun keyfiyyətini nizamlayır. Beynəlxalq Standartlaşdırma Təşkilatının əsas məqsədi dünyada yaşayan insanların və ətraf mühitin təhlükəsizliyini qorumaqla yanaşı, beynəlxalq ticarətin inkişafı üçün dünya ölkələrini bir-birinə yaxınlaşdırmaq və onların iqtisadi gücünü artırmaqdan ibarətdir. Bu da istehsalatda bütün norma və qaydalara uyğun olan keyfiyyətli məhsul istehsal etmək və onun rəqabət qabiliyyətini yüksəltmək üçün standartlardan istifadənin mühüm şərt olduğunu göstərir. Müasir dövrdə standartlaşdırma çoxşaxəli inkişafın tənzimlənməsi üçün istər ölkə daxili, istərsə də beynəlxalq aləmdə əsas meyar kimi qəbul olunur.

Ölkəmizdə standartlaşdırma, metrologiya və patent sahələrinin inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin siyasi hakimiyyətə ikinci dəfə qayıdışından sonra bu sahəyə diqqət və qayğı daha da artırılmış, hüquqi baza möhkəmləndirilmişdir. Ümummilli liderimizin 2001-ci il 27 dekabr tarixli Fərmanı ilə Azərbaycanda hazırda komitə kimi fəaliyyət göstərən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi fəaliyyətə başlamış, sonrakı dövrlərdə “Standartlaşdırma haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Yeyinti məhsulları haqqında” qanunlar və digər hüquqi sənədlər qəbul edilmişdir.
Standartlaşdırma sahəsində həyata keçirilən islahatlar hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan Beynəlxalq Standartlaşdırma Təşkilatının, Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Avrasiya Standartlaşdırma Təşkilatının və Türkdilli Ölkələrin Bölgələrarası Standartlaşdırma Birliyinin üzvüdür. Ötən dövrdə bir çox dövlətlərlə standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə ikitərəfli sazişlər imzalanmış, Azərbaycan markası ilə xarici bazarlara çıxarılan məhsulların beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində ardıcıl işlər görülmüşdür.
Azərbaycanda iqtisadiyyatın sürətli inkişafı və buna paralel olaraq beynəlxalq ticarət əlaqələrinin dərinləşməsi istehsal olunan məhsulların ixrac qabiliyyətinin artırılması üçün beynəlxalq standartların qəbulu və tətbiqini vacib məsələyə çevirir. Hazırda ölkəmizdə beynəlxalq standartların tətbiqi ilə bağlı mühüm proqramların qəbulu və icrası uğurla davam etdirilir. Məqsəd istehsal prosesinin və istehlakçıların tələblərinə əsaslanan iqtisadiyyatın inkişafına yardım etmək, dünya bazarına keyfiyyətli məhsul çıxarılması prosesini sürətləndirməkdən ibarətdir.
Ölkəmizdə milli standartların beynəlxalq standartlara uyğunlaşdırılması, müasir tələblərə uyğun yeni milli standartların qəbulu və tətbiqi prosesi də uğurla icra olunmaqdadır. Əsas hədəf ölkədə standartlaşdırmanın inkişaf etdirilməsi, beynəlxalq tələblərə cavab verən yeni milli standartların yaradılması və standartlar fondunun təkmilləşdirilməsindən ibarətdir. Çünki standartlaşdırmanın təkmilləşdirilməsi ölkə iqtisadiyyatının, sahibkarlığın inkişafında, istehlakçı hüquqlarının etibarlı qorunmasında, məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsində başlıca amildir.
Naxçıvan Muxtar Respublikasında da keyfiyyətə nəzarət infra­strukturunun inkişafı və tənzimlənməsi standartlaşdırma, akkreditasiya, sertifikatlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi üzrə fəaliyyət istiqamətləri vasitəsilə həyata keçirilir. Muxtar respublika iqtisadiyyatının sürətli inkişafı, istehsal müəssisələrinin dünya standartlarına cavab verən maddi-texniki baza ilə təchiz olunması beynəlxalq tələblər səviyyəsində qəbul edilən yeni standartların tətbiqinə geniş imkanlar açmışdır. Muxtar respublikada istehsal olunan məhsulların yüksəkkeyfiyyətli, rəqabətqabiliyyətli olması, görülən işlərin və göstərilən xidmətlərin müasir standartlara cavab verməsi qarşıda duran prioritet vəzifələrdəndir. Məqsəd istehlakçıların tələblərinə əsaslanan iqtisadiyyatın inkişafına nail olmaq, daxili, eləcə də xarici bazara keyfiyyətli məhsul çıxarılması prosesini sürətləndirməkdir. Bu isə standartlaşdırma sahəsində fəaliyyətin müasir tələblər əsasında qurulması ilə mümkündür.
Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi keyfiyyətə nəzarət infrastrukturunun və bu sahədə texniki tənzimləmə sisteminin qabaqcıl tələblərə uyğunlaşdırılmasını, istehlakçılara təklif olunan məhsulların keyfiyyətinin müasir standartların tələblərinə cavab verməsini və əhalinin etibarlı ərzaq məhsulları ilə təmin olunmasını fəaliyyətində əsas istiqamət kimi götürür. Cari ilin ötən 9 ayı ərzində komitənin standartlaşdırma fonduna 11 dövlətlərarası standart, 58 milli standart, 10 türk standartı, 1 təsnifat daxil edilmiş, 10 texniki şərtin ekspertizası aparılaraq qeydiyyata alınmışdır. Hazır­da standartlaşdırma fondunda Azərbaycan Respublikasında qüvvədə olan 793 milli standart, 17 min 218 dövlətlərarası standart, 313 türk standartı, 23 beynəlxalq standart, 29 texniki şərt, 39 təsnifat, 1143 rəhbər­edici sənəd, 173 ədəd metodik sənəd, 2 ədəd təlimat, 1 ədəd texniki tələb olmaqla, ümumilikdə, 19 min 734 texniki normativ-hüquqi akt toplanmışdır. İlin əvvəlindən komitə tərəfindən 567 ədədi ərzaq, 1991 ədədi qeyri-ərzaq məhsulu olmaqla, 2558 məhsula uyğunluq sertifikatı verilmişdir. Bu sertifikatların 474 ədədi milli, 542 ədədi dövlətlərarası, 1482 ədədi beynəlxalq standartlara, 39 ədədi təhlükəsizlik göstəricilərinə, 21 ədədi müəssisələr tərəfindən hazır­lanmış texniki şərtlərə uyğun olaraq verilmişdir.
Komitə tərəfindən “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda və “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələrin icrası üçün ardıcıl tədbirlər görülür. Ötən dövrdə kənd təsərrüfatı məhsullarının topdansatışını həyata keçirən müəssisələrin rəhbərlərinin iştirakı ilə görüşlər keçirilmişdir. Ərzaq məhsullarının əmtəə nişanlarının saxtalaşdırılması hallarının aradan qaldırılması məqsədilə istehsal və xidmət sahələrində monitorinqlər keçirilə­rək mövcud olan nöqsanlar aradan qaldırılmışdır.
Bu gün dünyada keyfiyyət standartlarının tətbiqi əsas meyar sayılır. Müəssisələrin gəlirlərindən, fəaliyyət sahəsindən, işinin həcmindən və bazardakı mövqeyindən asılı olmayaraq, fəaliyyətlərinin ən səmərəli yolu beynəlxalq standartların tələblərinə uyğun idarəetmə sisteminin qurulmasıdır. Unutmaq olmaz ki, standartlaşdırma müasir iqtisadiyyatın əsas komponentidir. Bu səbəbdən də muxtar respublikamızda əhalinin sağlamlığının və istehlakçıların hüquqlarının qorunması, ətraf mühitin mühafizəsi məqsədilə standartlaşdırma sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər bundan sonra da uğurla davam etdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR