Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2014-cü il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram”ın qarşıya qoyduğu vəzifələr uğurla icra olunur. Proqramda şəhər infrastrukturunun tamamilə yeniləşdirilməsi nəzərdə tutulmuşdur. Belə ki, sənəddə yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi, su, kanalizasiya, qaz, elektrik enerjisi, istilik təchizatının yaxşılaşdırılması, təhsil, səhiyyə, mədəniyyət və idman infrastrukturunun inkişafı, yeni sosial obyektlərin və yaşayış binalarının tikintisi, sahibkarlığın dəstəklənməsi, sənaye, kənd təsərrüfatı, turizm, ekologiya, əhalinin sosial müdafiəsi və digər istiqamətlər üzrə konkret vəzifələr müəyyənləşdirilmişdir. Ötən dövrdə qeyd olunan istiqamətlər üzrə bir sıra tədbirlər həyata keçirilmişdir.
Proqramda nəzərdə tutulan quruculuq tədbirlərinin əsasını yeni inzibati və yaşayış binalarının tikintisi, eləcə də mövcud olanların yenidən qurulması təşkil edir. Bu ilin fevral ayından başlayaraq şəhərin Əliabad qəsəbəsində geniş abadlıq-quruculuq tədbirləri görülmüşdür. Qəsəbənin məhəllə və yolları yenidən qurulmuş, Əcəmi Naxçıvani küçəsindəki 7 ictimai yaşayış binasının dam örtüyü, fasadı, qapı və pəncərələri dəyişdirilmişdir.
Şəhərin Əziz Əliyev və Kazım Talıblı küçələrindəki bir sıra ictimai yaşayış binaları da aparılan təmir işlərindən sonra yeni görkəminə qovuşmuşdur. Hazırda Atatürk, “İstiqlal”, Əziz Əliyev, “Atabəylər” küçələrində və Heydər Əliyev prospektində yerləşən ictimai yaşayış binalarının yenidən qurulması davam etdirilir. Proqramda əhalinin istirahətinin mənalı təşkilinə xidmət edən obyektlərin tikintisi də nəzərdə tutulmuşdur. Bu məqsədlə Naxçıvançay vadisində yeni park salınmış, Uşaq Əyləncə Mərkəzi istifadəyə verilmişdir. İslam Səfərli küçəsində isə bu istiqamətdə işlər davam etdirilir. Quruculuq tədbirləri aparılarkən inzibati binaların tikintisi və təmiri də diqqət mərkəzində saxlanılır. Hazırda Naxçıvan şəhərinin Qaraçuq kəndində inzibati ərazi dairəsi üzrə nümayəndəlik və xidmət mərkəzi üçün yeni binalar inşa olunur.
Naxçıvan şəhərinin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin mərkəzində insan amili dayanır. Əhalinin rahatlığına xidmət edən müasir infrastrukturun yaradılması da məhz bu məqsədə xidmət edir. Xüsusilə son illər gənclərin mənzil-kommunal şəraitinin yaxşılaşdırılmasına hesablanmış kompleks tədbirlər bu baxımdan mühüm əhəmiyyət daşıyır. Belə ki, yeni yaşayış komplekslərinin tikilməsi gənc ailələrin mənzillə təmin olunmasına imkan verir. Proqramda bu məsələnin qeyd edilməsi və icrası istiqamətində görülən işlər isə sakinlər tərəfindən razılıqla qarşılanır. Belə ki, bu ilin may ayında Naxçıvan şəhərinin Əziz Əliyev küçəsində gənclər üçün yeni yaşayış kompleksi istifadəyə verilmişdir. Hər biri 5 mərtəbədən ibarət olan 3 yaşayış binasında, ümumilikdə, 80 mənzil vardır. Həmçinin həmin küçədə geniş bir ərazini əhatə edən daha bir yaşayış kompleksinin – “Gənclər şəhərciyi”nin tikintisi isə davam etdirilir.
Bu il Naxçıvan şəhərində Gənclər Mərkəzi də istifadəyə verilmişdir. Dövlət gənclər siyasətinin daha bir təzahürü olan bu mərkəz gənclərin müxtəlif səpgili layihələrlə çıxışına geniş imkanlar açır, onların elmi-intellektual potensialının inkişafına, eləcə də asudə vaxtlarının səmərəli təşkilinə və dünyagörüşlərinin formalaşmasına şərait yaradır.
Proqramın tələblərinə uyğun olaraq, Naxçıvan şəhərində əhalinin rahat həyat şəraitinin təmin olunması, kommunal-məişət şəraitinin günün tələbləri səviyyəsində qurulması diqqət mərkəzində saxlanılır. Bu məqsədlə şəhərin müxtəlif küçələrində 4 kilometr uzunluğunda hava elektrik verilişi xətləri yeraltı kabellərlə əvəz edilmiş, 14 ictimai yaşayış binasında istilik sistemi yenidən qurulmuş, 8 binanın su xətləri yenilənmişdir. Şəhərdə içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində də mühüm işlər həyata keçirilməkdədir. Kəhrizlərin bərpası və təmiri də bu baxımdan mühüm əhəmiyyət daşıyır.
Yeni informasiya texnologiyalarının həyatımıza tətbiqi müasir dövrdə günün tələbinə çevrilmişdir. Texnologiyalar əsrinə inteqrasiyanın əsas şərti hesab olunan bu məsələ Naxçıvanda şəhər infrastrukturunun ayrılmaz tərkib hissəsi kimi inkişaf etdirilir. Əhalinin keyfiyyətli rabitə, yüksək sürətli internet, rəqəmsal və IP televiziya yayımı ilə təmin olunması məqsədilə ardıcıl tədbirlər görülür. Artıq proqramda nəzərdə tutulan “Evədək optika” layihəsinin reallaşdırılmasına başlanılmışdır. Bu layihəyə əsasən, genişzolaqlı internet şəbəkəsinə qoşulma, IP televiziya və telefon xidmətlərinin daha da genişlənməsi, eləcə də simsiz internet şəbəkəsinin ən müasir texnologiyalar əsasında inkişafı istiqamətində ardıcıl tədbirlər görülür.
Proqrama əsasən, Naxçıvan şəhərində avtomobil yollarının tikintisinə də xüsusi diqqət yetirilir. Son illər şəhərin müxtəlif məhəllə və küçələrini əhatə edən müasir yol şəbəkəsi salınmış, avtomobillərin təhlükəsiz və rahat hərəkəti təmin edilmişdir. Hazırda Xətai məhəlləsində, Qaraçuq, Bulqan və Qaranxanbəyli kəndlərində yollar yenidən qurularaq asfalt örtük verilir. Bu istiqamətdə işlər şəhərin Behbud ağa Şahtaxtinski, Məmməd Araz, Abbas Zamanov, Məmmədcəfər Cəfərov, Əziz Əliyev, Pişəvəri küçələrində və “35-ci” məhəllədə də davam etdirilir. Həmçinin İslam Səfərli küçəsində avtomobil parkı, “Azərbaycan” küçəsində isə yerüstü piyada keçidi inşa olunur. Yolların genişləndirilməsi nəticəsində ictimai nəqliyyat vasitələrinin rahat və davamlı hərəkəti təmin olunmuş, “İstiqlal” küçəsində 1, Əliabad qəsəbəsində 3 yeni dayanacaq quraşdırılmışdır.
Proqramın icrası Naxçıvan şəhərində digər sahələrin, xüsusilə təhsil və səhiyyə müəssisələrinin müasir binalarla təminatına və maddi-texniki bazalarının gücləndirilməsinə səbəb olmuşdur. Bu sahəyə ayrılan diqqət nəticəsində bu il Naxçıvan şəhərində 11 nömrəli tam orta məktəb əsaslı şəkildə yenidən qurulmuşdur. Hazırda isə Qaraçuq kəndindəki 9 nömrəli tam orta məktəb binasında əsaslı təmir işləri davam etdirilir. Naxçıvan Özəl Universitetində tədris, inzibati və yataqxana binalarından ibarət yeni kompleks inşa olunur. Proqram çərçivəsində Naxçıvan Dövlət Universitetinin “baytarlıq” ixtisası üçün yeni bina tikilir və universitetin poliklinika binasında yenidənqurma işləri aparılır. Naxçıvan Muxtar Respublika Xəstəxanasının yenidən qurulması, Yoluxucu Xəstəliklər Mərkəzi üçün yeni binanın inşası, eləcə də Qaraçuq kəndində həkim ambulatoriyasının tikintisi ilə bağlı işlər davam etdirilir.
Muxtar respublikada mədəniyyət və turizmin inkişafı istiqamətində müxtəlif layihələr həyata keçirilir, milli-mədəni irsimizin qorunması və təbliği sahəsində uğurlu nəticələr qazanılır. Naxçıvan şəhərinin inkişaf proqramında bu məsələ də nəzərə alınmışdır. Belə ki, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində tikinti-bərpa işləri başa çatdırılmışdır. Naxçıvan Şəhər Uşaq İncəsənət Məktəbi üçün yeni bina inşa olunur, Qaraçuq Kənd Uşaq Musiqi Məktəbinin binası isə yenidən qurulur. Hazırda Naxçıvan şəhərində Bayraq Meydanının və Fəxri Xiyabanın inşası, “Atabəylər” məhəlləsində müasir hamam kompleksinin tikintisi layihə əsasında davam etdirilir. Kalbalıxan küçəsində tikilən yeni binada isə Xatirə Muzeyi fəaliyyət göstərəcəkdir.
Proqramın əsas hədəflərindən biri də sahibkarlığın inkişaf etdirilməsidir. Ötən dövr ərzində kiçik və orta sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyinin həcmi artmış, nəticədə, yeni istehsal sahələrinin tikintisinə başlanılmışdır. Bu il Naxçıvan şəhərində köynək, uşaq bezi istehsalı, konserv taraları, ətin konservləşdirilməsi və ət qovurması istehsalı, unlu-qənnadı məmulatları istehsalı, melamin lövhə, laminat örtüklü iş masası lövhəsi və PVC örtüklü parlaq lövhə istehsalı sahələrinin, eləcə də toxumçuluq təsərrüfatının yaradılması məqsədilə müvafiq işlər görülür.
“2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram”ın icrası qədim Naxçıvanın müasir inkişafında mühüm bir mərhələ təşkil edəcəkdir. Əhalinin rifah halının yaxşılaşdırılmasına və həyat səviyyəsinin daha da yüksəldilməsinə hesablanmış bu tədbirlər sakinlər tərəfindən minnətdarlıqla qarşılanır.
“Şərq qapısı”