Taxılçılıqla məşğul olan torpaq mülkiyyətçilərinin kreditlərlə, müxtəlif yardımlarla, keyfiyyətli toxum sortları ilə təchiz olunmaları bu sahədə nailiyyətlər əldə edilməsinə imkan verib. Ötən ilin payızında və cari ilin yazında torpaq mülkiyyətçiləri tərəfindən 2014-cü ilin məhsulu üçün 29697,7 hektarı payızlıq, 6052 hektarı isə yazlıq olmaqla, 35749,7 hektar sahədə taxıl əkilmişdi. Taxıl zəmilərinin 26274,1 hektarı buğda, 9475,6 hektarı isə arpa üçün ayrılmışdı. Əvvəlcədən həyata keçirilən tədbirlər taxıl tədarükünü optimal müddətdə başa çatdırmağa və məhsulu itkisiz toplamağa imkan verib, ümumilikdə, muxtar respublikada 103 min 70 ton məhsul tədarük edilib.
Bundan ruhlanan taxılçılar 2015-ci ilin bol məhsulunun əsasını qoymaq üçün sahələrə çıxıblar. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyindən aldığımız operativ məlumata görə, oktyabrın 10-na qədər 6241 hektar sahədə şum aparılıb. Şum qaldırılmasında ilk yerdə Kəngərli rayonudur. Bu bölgədə 1549 hektar sahə əkinə hazır vəziyyətə gətirilib. Babəkli torpaq mülkiyyətçiləri 1483 hektar sahədə şum qaldırılmasına nail olublar. Şərurlular 1225 hektarda şum qaldırıblar. Culfa rayonunda bu rəqəm 827 hektar təşkil edir. Sədərəkdə 412, Şahbuz rayonunda 321, Naxçıvan şəhərində 224 və Ordubad rayonunda 200 hektar sahə şumlanıb.
Qeyd edək ki, şum qaldırılması ilə yanaşı, taxıl əkini də sürətlə davam etdirilir. 979 hektar sahədə əkin aparılıb ki, bunun 759 hektarını buğda, 220 hektarını arpa təşkil edir. Əkilmiş sahələrin 423 hektarı suvarılıb. Taxıl əkinində də ilk yerdə Kəngərli rayonu durur. Bu bölgədə 320 hektar sahədə əkin aparılıb. Sədərəkdə 267, Babək rayonunda 169, Culfada 85, Şərurda 60, Şahbuzda 50, Naxçıvan şəhərində 15, Ordubad rayonunda 13 hektar sahədə payızlıq taxıl əkilib.
Şum qaldırılması, əkin aparılması və əkilmiş sahələrin suvarılması işləri sürətlə davam etdirilir.
Muxtar MƏMMƏDOV