2014-cü il oktyabr ayının 1-nə muxtar respublika iqtisadiyyatına kredit qoyuluşları 98 milyon 92 min manat təşkil edib.
2014-cü ilin yanvar-sentyabr aylarında verilmiş kreditlərin həcmi isə 41 milyon 636 min manat olub və ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 milyon 440 min manat (20,3%) artıb. Bu müddət ərzində verilmiş kreditlərin 31,7 faizi və ya 13 milyon 211 min manatı kənd təsərrüfatının inkişafı üçün yönəldilib. Sosial və şəxsi xidmətlərin göstərilməsi məqsədilə istehlaka yönəldilən kreditlərin həcmi isə 14 milyon 25 min manat (33,7%) olub. İnşaat və əmlak sahəsinin payına kreditlərin 6 milyon 520 min manatı (15,7%), biznesin inkişafına isə 3 milyon 629 min manatı (8,7%) düşüb. Sənaye və istehsal sahəsinə 2 milyon 258 min manat, iqtisadiyyatın digər sahələrinə isə 1 milyon 993 min manat kredit verilib.
2014-cü ilin yanvar-sentyabr aylarında verilmiş kreditlərin 15 milyon 542 min manatı (37,3%) qısamüddətli, 26 milyon 94 min manatı (62,7%) isə uzunmüddətli kreditlər olub.
Kreditlərin ötən illə müqayisədə artımı ilə bərabər, verilmiş kreditlərin ölkə üzrə ən aşağı faiz dərəcəsi də Naxçıvan Muxtar Respublikasında müşahidə edilib. Azərbaycan Respublikası Mərkəzi Bankının 1 sentyabr 2014-cü il tarixə açıqladığı hesabata əsasən, kreditlərin orta faiz dərəcəsi Abşeron iqtisadi rayonu üzrə 18,7 faiz, Lənkəran iqtisadi rayonu üzrə 23,7 faiz, Gəncə-Qazax iqtisadi rayonu üzrə 21,5 faiz, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 23,6 faiz, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 20,5 faiz olduğu halda, Naxçıvan Muxtar Respublikasında kreditlər üzrə orta faiz dərəcəsi 13 faiz olub.
Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar
Respublikası İdarəsinin mətbuat xidməti