Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsi və yeni iqtisadi münasibətlərə keçid üçün kompleks islahatlar strategiyası müəyyənləşdirilmiş, dövlətin iqtisadi həyatında yeni mərhələnin əsası qoyulmuşdur. Dahi şəxsiyyətin həyata keçirdiyi islahatlar nəticəsində ölkə iqtisadiyyatı bazar iqtisadiyyatı prinsipləri əsasında yenidən qurulmuş, makroiqtisadi sabitliyə və iqtisadiyyatın tarazlı inkişafına nail olunmuşdur.
Bu dövrdə iqtisadi siyasətin ayrılmaz tərkib hissəsi olan vergi siyasətində də əsaslı islahatlar aparılmış, bu sistem müasir standartlar səviyyəsində formalaşdırılmışdır. Ulu öndərin 2000-ci il 11 fevral tarixli Fərmanına əsasən, Baş Dövlət Vergi Müfəttişliyinin bazasında mərkəzi icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikası Vergilər Nazirliyi yaradılmış, ölkəmizdə vergi siyasətinin həyata keçirilməsi, dövlət büdcəsinə vergilər və digər daxilolmaların vaxtında və tam yığılmasının təmin edilməsi, vergitutma sahəsində dövlət nəzarətinin həyata keçirilməsi bu quruma tapşırılmışdır. Aparılan struktur islahatları nəticəsində yaradılan yeni idarəetmə sistemi operativliyin təmin edilməsinə və vergi inzibatçılığının əhəmiyyətli şəkildə yaxşılaşmasına səbəb olmuşdur. Qısa zamanda vergi sistemində təkmil qanunvericiliyin yaradılmasına nail olunmuş, 2000-ci ilin iyulunda Azərbaycan Respublikasının Vergi Məcəlləsi qəbul edilmişdir.
Ümummilli liderimiz tərəfindən əsası qoyulan sosial-iqtisadi inkişaf strategiyası bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının 2005-ci il 12 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunan Azərbaycan Respublikasında vergi inzibatçılığının təkmilləşdirilməsinə dair Dövlət Proqramı Vergilər Nazirliyinin ölkə iqtisadiyyatının inkişafı sahəsində vəzifə və məsuliyyətinin gələcək istiqamətlərini müəyyən etmişdir. Vergi xidmətinin inkişaf strategiyasını müəyyənləşdirən bu proqramın həyata keçirilməsi ölkəmizdə sivil vergi sisteminin yaradılmasını şərtləndirmişdir.
Azərbaycanın vergi sistemində aparılan islahatlar muxtar respublikanı da əhatə etmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2000-ci il 12 fevral tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Baş Dövlət Vergi Müfəttişliyinin bazasında Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi yaradılmışdır. Fəaliyyət göstərdiyi 13 il ərzində nazirlik böyük inkişaf yolu keçmiş, onun maddi-texniki bazası xeyli gücləndirilmiş, nazirlik və onun rayon vergilər şöbələri, Naxçıvan Şəhər Vergilər İdarəsi üçün müasir standartlara cavab verən binalar tikilərək istifadəyə verilmiş, əməkdaşlar üçün hərtərəfli iş şəraiti yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bu sahənin daim dövlət qayğısında olduğunu bildirərək demişdir: “Vergilər Nazirliyi yarandığı gündən daim dövlət qayğısı ilə əhatə olunmuş, maddi-texniki bazasının möhkəmləndirilməsi üçün lazımi tədbirlər həyata keçirilmişdir. Vergi orqanlarının tam fəaliyyət göstərməsi üçün həm hüquqi və maddi-texniki baza, həm də kadr potensialı mövcuddur. Bunun nəticəsidir ki, muxtar respublikamızda büdcəyə gəlirlərin daxil olmasında vergi orqanlarının payı ildən-ilə artır”.
Muxtar respublikada vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin genişləndirilməsi, elektron xidmətlərdən istifadənin kütləviləşdirilməsi müasir dövrün ən aktual məsələlərindən biridir. Burada məqsəd perspektivdə vergi ödəyiciləri ilə canlı əlaqə formalarını məhdudlaşdırmaq və bu sahədə müasir informasiya texnologiyalarından istifadə etməklə, vergi orqanları tərəfindən göstərilən xidmətlərin elektron formada tətbiqinin genişləndirilməsinə nail olmaqdan ibarətdir. Vergilər Nazirliyində 2007-ci ilin dekabr ayından avtomatlaşdırılmış vergi informasiya sistemi (AVİS) tətbiq edilərək daxili sənəd dövriyyəsi, hesabat-məlumat sistemi tam elektronlaşdırılmış, bəyannamələrin elektron formada göndərilməsinə və vergi ödəyicilərinə elektron xidmətlərin daha geniş şəkildə göstərilməsinə başlanılmışdır. Nazirlik tərəfindən “Elektron-bəyannamə” sisteminin tətbiqi isə vergi orqanları ilə vergi ödəyiciləri arasında əlaqələrin tam şəffaflaşmasına səbəb olmuş, vergi öhdəliklərinin yerinə yetirilməsinə sərf olunan vaxt itkisinin qarşısını almışdır.
Vətəndaşlar və vergi ödəyiciləri ilə vergi orqanları arasında elektron sənəd mübadiləsini təmin etmək məqsədilə 2010-cu ildən etibarən “onlayn kargüzarlıq” sisteminin tətbiqinə başlanmışdır. Artıq vergi ödəyiciləri vergi orqanları ilə yazışmaları internet vasitəsi ilə aparır. Bu sistemlə həm də vergi ödəyicilərinin məlumatlandırılması, onların ərizə, şikayət və təkliflərinə baxılması, vergi orqanlarına göndərilən məktubların daxili hərəkətinə nəzarət həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi tərəfindən sahibkarlarla işin operativ nəzarət formasında həyata keçirilməsi də diqqət mərkəzində saxlanılır. 2008-ci il yanvar ayının 1-dən sahibkarlıq subyektlərinin qeydiyyatında “bir pəncərə” prinsipinin tətbiqi kommersiya hüquqi şəxslərin qeydiyyat prosedurlarının təkmilləşdirilməsi və sərf edilən müddətin azalması ilə nəticələnmişdir. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyində 2011-ci il iyul ayının 1-dən etibarən fiziki şəxslərin elektron qeydiyyatına başlanmışdır. Bu sistemin tətbiqi ilə fiziki şəxslərin vergi orqanlarına getmədən, vaxt itkisinə yol vermədən bir neçə dəqiqəyə elektron qaydada qeydiyyata düşməsi təmin edilir. Ona görə də sahibkarlıq fəaliyyətinə başlamaq üçün qeydiyyata düşənlərin sayı sürətlə artır. Belə ki, 2008-ci il yanvar ayının 1-dən 2013-cü il yanvar ayının 1-dək 143 kommersiya hüquqi şəxs və 7067 sahibkar qeydiyyata alınmış, ümumi vergi daxilolmalarında özəl sektor üzrə daxilolmaların həcmi 60 faizi ötmüşdür.
Bu gün informasiya texnologiyalarının ən son nailiyyətlərinin vergi orqanlarında tətbiqi biznesə başlama prosedurlarının sadələşdirilməsinə yol açmışdır. Artıq nəzarət-kassa aparatlarının qeydiyyata alınması əvvəllər olduğu kimi 3 günə deyil, elektron qeydiyyatın tətbiqi nəticəsində 15-20 dəqiqəyə həyata keçirilir.
Ölkəmizdə vergi orqanlarının fəaliyyətinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərlə yanaşı, bu sahənin qanunvericilik sistemi də təkmilləşdirilir. 2013-cü il yanvarın 1-də Azərbaycan Respublikası Vergi Məcəlləsinə dəyişikliklər edilmişdir. Dəyişikliklərə əsasən, vergi ödəyicilərinə və vətəndaşlara müxtəlif vergi güzəştlərinin verilməsi, sahibkarlıq mühitinin yaxşılaşdırılması, ölkəmizin investisiya cəlbediciliyinin artırılması təmin olunmuşdur. Məcəllədə ilk dəfə olaraq vergi partnyorluğu məsələsi öz əksini tapmış, ölkəmizin müxtəlif yerlərində yaradılan sənaye və texnologiyalar parkları 7 il müddətinə vergilərdən azad edilmişdir. Qanunvericiliyin yeni tələblərinə əsasən, POS-terminalların quraşdırılması da vergi ödəyicilərinin vəzifələri kimi müəyyənləşdirilmişdir.
Bu il fevralın 4-də 2012-ci ilin yekunları və qarşıda duran vəzifələr mövzusunda Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin də qarşısında konkret vəzifələr qoyulmuşdur. Ali Məclisin Sədri ticarət obyektlərində alğı-satqı əməliyyatlarının digər valyutalarla aparılmasının qarşısının alınması, Azərbaycan manatının əsas tədavül vasitəsi olmasına nəzarətin artırılması və quraşdırılan POS-terminallardan səmərəli istifadənin təmin olunması üçün konkret tapşırıqlar vermişdir. Nazirlik tərəfindən müşavirədə qarşıya qoyulan vəzifələrin icrası istiqamətində tədbirlər davam etdirilir. Bu ilin sonunadək Naxçıvan şəhərində POS-terminalların quraşdırılmasının təsdiq edilmiş qrafikə uyğun olaraq başa çatdırılması nəzərdə tutulmuşdur.
Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinə göstərilən dövlət qayğısı təkcə maddi-texniki bazanın yaxşılaşdırılması ilə məhdudlaşmır. Belə ki, vergi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir, əməkhaqları artırılır, səmərəli fəaliyyət göstərən vergi əməkdaşlarının əməyi dövlətimiz tərəfindən qiymətləndirilir, onlar müxtəlif dövlət mükafatlarına layiq görülürlər. Vergilər Nazirliyinin kollektivi göstərilən dövlət qayğısının və yaradılan şəraitin müqabilində qarşıya qoyulan vəzifələri bundan sonra da layiqincə yerinə yetirməyə çalışacaq, muxtar respublikanın davamlı inkişafına öz töhfəsini verəcəkdir.
Naxçıvan Muxtar Respublikası
Vergilər Nazirliyinin mətbuat xidməti