Azərbaycan 1993-cü ildə Ümumdünya Poçt İttifaqının üzvlüyünə qəbul olunmuşdur. Həmin tarixdən etibarən hər il oktyabrın 9-u ölkəmizdə də “Ümumdünya Poçt Günü” kimi qeyd olunur.
Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafında əsaslı dönüş ötən əsrin 70-ci illərində başlanmışdır. Ümummilli liderimiz Heydər Əliyevin ölkəyə rəhbərliyinin ilk illərindən başlayaraq ictimai-siyasi və sosial-iqtisadi həyatın bütün sahələrində olduğu kimi, rabitə sahəsində də əsaslı dəyişikliklər baş vermiş, o dövrün tələblərinə uyğun poçt və rabitə sistemi yaradılmışdır. Azərbaycan müstəqillik qazandıqdan sonra isə poçt sistemi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ulu öndərin rəhbərliyi ilə 1997-ci ilin mart ayında poçt rabitəsinin “Dirçəliş və inkişaf proqramı” qəbul olunmuş, həmin ilin dekabr ayında isə “1998-2003-cü illər üçün poçt rabitəsinin inkişaf konsepsiyası” təsdiq edilmişdir.
XXI əsr informasiya əsri kimi xarakterizə edilir. Bütün bunları uzaqgörənliklə dəyərləndirən dünya şöhrətli siyasi xadim, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: “İndiki zamanda rabitə hər bir insan üçün lazım olan bir vasitədir”. Dahi şəxsiyyətin imzaladığı 2003-cü il 17 fevral tarixli Sərəncamla təsdiq etdiyi 2003-2012-ci illər üzrə Azərbaycanın inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiyada Azərbaycanda informasiya texnologiyaları sahəsində məqsədyönlü fəaliyyət və gələcək perspektivlər müəyyən olunmuşdur.
Hazırda bu strategiya ümummilli liderin layiqli davamçısı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Poçt rabitəsi yeni inkişaf dövrünü yaşayır. 2004-cü ildə “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi bu sahənin qanunvericilik bazasını xeyli gücləndirmişdir. Bu gün ölkəmizdə bütün poçt şöbələrinin müasir standartlara uyğun avtomatlaşdırılması, texniki avadanlıqlarla tam təchizatı və informasiya texnologiyalarının ən son nailiyyətlərinin bu sahədə tətbiqi göstərilən xidmətlərin keyfiyyətinə və etibarlılığına təminat verir. Artıq Azərbaycan poçtu dünya poçt sisteminə inteqrasiya yolunda uğurlu addımlar atmaqdadır.
Naxçıvan Muxtar Respublikasının poçt-rabitə sistemi də özünəməxsus inkişaf yolu keçmişdir. Naxçıvanda ilk poçt ekspedisiyası hələ 1828-ci ildə yaradılmış, 1864-cü ildə Tiflis-Naxçıvan teleqraf xətti çəkilmişdir. 1918-ci ildə Naxçıvan şəhərində ilk poçt kontoru açılmış, 1927-ci ildə isə Ordubad, Culfa, Şərur poçt-teleqraf şəbəkələri və Naxçıvan şəhərində Poçt-Teleqraf Agentliyi yaradılmışdır. Sonrakı illərdə durğunluq dövrünü yaşayan Naxçıvanın poçt xidməti 1996-cı ildən başlayaraq öz dirçəliş dövrünə qədəm qoymuşdur. Həmin dövrdən etibarən Naxçıvanda poçt xidmətlərinin keyfiyyəti mərhələ-mərhələ yüksəldilmiş, bu sahənin texniki imkanları genişləndirilmişdir. Telekommunikasiya sisteminin modernləşdirilməsi və yeni rabitə şəbəkələrinin istifadəyə verilməsi, poçt bölmələrinin sayının artırılması, birbaşa internetə qoşulmaq imkanına malik olan kompüter mərkəzinin istifadəyə verilməsi ilə Naxçıvan Muxtar Respublikasının informasiya şəbəkəsi xeyli genişləndirilmişdir.
Ötən dövrlər ərzində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində poçt müəssisələrinin bütün növ xidmətlərin təşkili üçün müasir texnika və texnologiya ilə təmin edilməsi işin keyfiyyətinə müsbət təsir göstərmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında” 2013-cü il 30 iyul tarixli Sərəncamı bu sahədə görüləcək işlərin miqyasını daha da genişləndirmişdir.
Hazırda muxtar respublika ərazisində 8 poçt filialı və 149 poçt bölməsi fəaliyyət göstərir. Bunlardan 8 poçt filialı və 98 poçt bölməsinin elektron sistemi Naxçıvan şəhərində yerləşən məlumat hesablama mərkəzi şəbəkəsinə qoşulmuş, poçt əməliyyatlarının operativ həyata keçirilməsi təmin olunmuşdur. Poçt filiallarında beynəlxalq və ölkədaxili pul baratlarının, teleqramların göndərilməsi və qəbulu, kommunal xidmət haqlarının ödənişi tamamilə kompüterlər vasitəsilə həyata keçirilir. Bununla yanaşı, internet üzərindən rabitə xidməti haqlarının ödənilməsi də təşkil edilmişdir. Əhaliyə göstərilən poçt xidmətinin keyfiyyətinin daha yüksək səviyyədə təşkil edilməsi üçün poçt filiallarında və bölmələrində POS-terminallar quraşdırılmışdır.
Muxtar respublika ərazisində poçtdaşıma işlərinin yaxşılaşdırılması, beynəlxalq poçtdaşımalarının həyata keçirilməsi üçün “Express Mail Servis”, DHL beynəlxalq ekspress poçt xidmətləri fəaliyyət göstərir ki, bu da məktubların, sənədlərin və bağlamaların ən qısa zamanda ünvana etibarlı çatdırılmasını təmin edir. Eyni zamanda göndərişlərin hansı məntəqədə olduğunun internet üzərindən izlənməsinə imkan yaradır.
Bu ilin ötən 8 ayında Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin ünvanına 13 min 495 sayda, 73 min 229 kiloqram çəkidə bağlama daxil olmuş, 1816 sayda, 11 min 106 kiloqram çəkidə bağlama göndərilmişdir. Ümumilikdə, muxtar respublikaya 102 min 402 kiloqram çəkidə poçt göndərişi və bağlamalar daxil olmuşdur. Həmçinin EMS xidməti vasitəsilə muxtar respublikaya 162-si beynəlxalq göndəriş olmaqla, 1993 göndəriş daxil olmuş və göndərilən göndərişlərin sayı 48-i beynəlxalq olmaqla, 822 ədəd təşkil etmişdir. Həmçinin COLVİR sistemi üzrə maniqram ödənişi 7 milyon 566 min 804 manat, qəbulu isə 5 milyon 271 min 869 manat təşkil etmişdir.
Muxtar respublikada poçt sisteminin fəaliyyətinin genişləndirilməsi, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi, hər il onlarla yeni rabitə evinin istifadəyə verilməsi əhalinin müasir poçt xidmətlərindən istifadə etməsinə şərait yaradır. Poçt işçiləri bundan sonra da səylə çalışacaq, yaradılan şəraitdən səmərəli istifadə edərək muxtar respublika sakinlərinə daha keyfiyyətli xidmət göstərəcəklər.
Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti