22 Dekabr 2024, Bazar

“Gəmiqaya Holdinq” Şirkətlər İttifaqı tərəfindən yaradılan, heyvandarlıq və quşçuluğun inkişafında mühüm rol oynayan qarışıq qüvvəli yem istehsalı müəssisəsinin fəaliyyətə başlaması heyvandarlıq və quşçuluq təsərrüfatlarının inkişafında mühüm əhəmiyyət kəsb edir.
Qarışıq qüvvəli yem istehsalı sahəsində Almaniya və Türkiyədən alınan, istehsal gücü saatda 3 ton olan müasir texnoloji avadanlıqlar və hər birinin tutumu 10 ton olan 4 ədəd bunker quraşdırılıb. Burada müxtəlif çeşiddə ətlik-südlük mal-qara və ətlik-yumurtalıq quş yemləri istehsalına başlanılıb. Lakin müəssisədə istehsal edilən qarışıq qüvvəli yem muxtar respublikamızda bu məhsula olan illik tələbatın 40 faizini ödəyirdi. Həmin məhsula olan tələbatın 100 faiz yerli istehsal hesabına ödənilməsi və yeni bir müəssisənin yaradılması üçün dövlət maliyyə dəstəyi ilə qısa zaman ərzində yeni müəssisə inşa olunub.

İstehsal gücü saatda 10 ton olan müəssisədə Türkiyədən alınmış müasir texnoloji avadanlıqlar və hər birinin tutumu 20 ton xammal olan 9 bunker quraşdırılıb. Beləliklə, heyvandarlıq və quşçuluq təsərrüfatlarının səmərəli fəaliyyətinə şərait yaradılıb, bu sahədə məhsul istehsalı artımına nail olunub. Muxtar respublikada fəaliyyət göstərən heyvandarlıq və quşçuluq təsərrüfatlarının yeni müəssisədə istehsal edilən qüvvəli yemlə təmin olunması əlavə xərclərin qarşısını alıb.
Onu da qeyd edək ki, muxtar respublikada ətlik-südlük heyvandarlıq və ətlik-yumurtalıq quşçuluq təsərrüfatlarının illik qüvvəli yemə olan tələbatı 70 min tona yaxındır. Bunun 50 min tonu ətlik-südlük heyvandarlıq, 20 min tonu isə ətlik-yumurtalıq quşçuluq təsərrüfatlarının payına düşür. Bu müəssisənin istifadəyə verilməsi ilə qüvvəli yemə olan tələbat 100 faiz ödənilib, idxaldan asılılıq tamamilə aradan qaldırılıb. Hazırda müəssisənin xammala olan tələbatının bir qismi yerli istehsal hesabına ödənilir. Gələcəkdə xammala olan tələbatın tamamilə yerli istehsal hesabına ödənilməsi təmin olunacaqdır.
İstehsal prosesi konveyer üsulu ilə təşkil edilən müəssisədə keyfiyyətli məhsul istehsalı həyata keçirilir. Qarışıq yem istehsalı sahəsində xammal kimi taxıl emalı müəssisəsində istehsal zamanı əldə olunan yarımfabrikantlardan da istifadə olunur. Ayrı-ayrı mərhələlərdən keçməklə hazırlanan 4 çeşiddə məhsul 50 kiloqramlıq kisələrdə “Bərəkət” əmtəə nişanı ilə satışa çıxarılır.
Yeni istehsal sahəsinin yaradılması keyfiyyətli məhsul istehsalı ilə yanaşı, əhalinin məşğulluğunun təmin olunmasına da əlverişli şərait yaradıb. Belə ki, müəssisədə 25 nəfər daimi işlə təmin olunub, işçilərə normal iş şəraiti yaradılıb.

Kərəm HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR