Ölkə iqtisadiyyatında getdikcə daha çox diqqət cəlb etməyə başlayan məsələlərdən biri də sənaye sferasında atılan addımlar və burada regionların potensialından daha geniş şəkildə istifadə olunmasıdır. Müasir dövrdə iqtisadiyyatın sənaye sektorunun inkişafında sənaye parklarının yaradılması böyük əhəmiyyət kəsb edir. Belə layihələr müxtəlif sənaye istiqamətlərinin paralel, eyni zamanda tarazlı inkişafını təmin edir, habelə istehsal sahələrinin və onların innovasiya istiqamətlərinin inkişafını nəzərdə tutan dövlət siyasətinin reallaşdırılmasına şərait yaradır.
Xarici ölkələrin təcrübəsi göstərir ki, sənaye parklarının yaradılması ölkə iqtisadiyyatında ixracın, idxalı əvəz edən məhsulların istehsalının, məhsulların rəqabət qabiliyyətinin artırılması, məşğulluğun təmin edilməsi, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi prioritet vəzifələrin həyata keçirilməsində xüsusi əhəmiyyətə malikdir. Buna görə də müxtəlif sənaye sahələrini inkişaf etdirmək istəyən, ölkə iqtisadiyyatının tarazlı inkişafında maraqlı olan dövlətlər iqtisadi siyasətlərində sənaye parklarının yaradılmasına üstünlük verirlər.
Sənaye parkı sənaye sahələrini inkişaf etdirmək üçün ayrılan torpaq sahəsi olaraq nəzərdə tutulur. Sənaye parklarının üç əsas sahibkarlıq modeli var: dövlət sənaye parkı və onu idarə edən orqan, özəl sektorun mülkiyyətində və idarəsində olan sənaye parkı, dövlətlə özəl sektor arasında dövlət-özəl tərəfdaşlıqları və müştərək müəssisələr.
Sənaye parkları müxtəlif cür adlana bilər: sənaye torpaqları, şəhərciyi, ixrac-emal zonaları, biznes parkları, texnologiya parkları, sənaye inkişaf zonaları, eko-sənaye parkları və sair.
Sənaye parkları, adətən, rabitə və nəqliyyat infrastrukturuna malik, kommunikasiya xətləri ilə təmin edilmiş ərazilərdə yerləşir. Digər hallarda isə bu imkanlar əvvəlcədən yaradılır. Həmçinin həmin zonalar işçi qüvvələri ehtiyatına malik olmalıdır.
Sənaye parkında yerləşən biznes müəssisəsinin kənarda yerləşən müəssisələrdən bir sıra üstünlükləri var. Belə ki, sənaye parkında müəssisə yaratmaq torpaq əldə etmək, onu hazır vəziyyətə gətirmək, kommunal xidmətlərdən istifadəyə icazə almaq, əraziyə yol çəkdirmək və digər vaxt aparan, əziyyət tələb edən işlərdən azad olmaq deməkdir. Sənaye parklarında biznes təşkilatları bu cür çətinliklər yaşamır. İlk növbədə, ona görə ki, sənaye parklarında biznesin təşkilində dövlət maraqlı olur. Həmçinin sənaye parklarında müxtəlif maddi (vergi, gömrük) güzəştlər tətbiq edilir.
Sənaye parkı ilə bağlı bəzi stimullaşdırıcı tədbirlərə gəlincə, bura vergi və gömrük sahəsində güzəştlər, sənaye parkının infrastrukturla təmin edilməsi, torpaq sahəsinin icarə haqqının aşağı həddə nəzərdə tutulması, güzəştli kreditlərin verilməsi, inzibati prosedurların sadələşdirilməsi daxildir. Bundan başqa, sənaye parklarında sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün xidmətlərin təşkili, istilik və elektrik enerjisinin, suyun və qazın satışına, tullantı sularının axıdılmasına və məişət tullantılarının yığılmasına görə güzəştli tariflərin tətbiqi də mümkündür.
Sənaye parklarının yaradılması və orada güzəştlərin tətbiq olunması ölkə iqtisadiyyatının şaxələnməsinə, müxtəlif sənaye sahələrinin inkişafına xidmət edir. Sənaye parkları, əsasən, böyük ənənələri və potensialı olan sahələrdə yaradılmalıdır. Ona görə də sənaye parkları daha çox hər bir regionun xammal bazasına uyğun olaraq təşkil edilməlidir. Məsələn, üzümçülük regionlarında şərab, dağətəyi rayonlarda isə konserv zavodları yaratmaq, faydalı qazıntılar olan bölgələrdə metallurgiya və tikinti materialları sənayesini inkişaf etdirmək mümkündür. Bu cür bölgü həm də iqtisadiyyatın balanslaşdırılmış inkişafını təmin edər. Yəni bir bölgədə böyük sənaye müəssisələri tikib, digərini boş saxlamaq regionlararası iqtisadi bərabərsizlik yaratmış olar.
Azərbaycanda bu işlərə bir neçə ildir ki, start verilmişdir. Ölkədə sənaye parkının (şəhərciyinin) yaradılması ilk dəfə ümummilli lider Heydər Əliyevin “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət himayəsi sahəsində əlavə tədbirlər haqqında” 2002-ci il 10 sentyabr tarixli Fərmanında müəyyən edilmişdir. Sənaye parkının yaradılması, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda və Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nda nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 24 aprel 2013-cü il tarixli Fərmanı ilə “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi ilə ölkədə müxtəliftəyinatlı sənaye parklarının yaradılması istiqamətində tədbirlər həyata keçirilmişdir. Hazırda Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı Sənaye Parkı, Pirallahı Yüksək Texnologiyalar Parkı yaradılmış, növbəti sənaye parklarının Gəncə və Mingəçevir şəhərlərində yaradılması istiqamətində isə iş aparılır.
Sənaye parklarının əhəmiyyətli cəhətlərini nəzərə alaraq, Naxçıvan Muxtar Respublikasında da sahibkarlığın dəstəklənməsinin bir yolu kimi sənaye parklarının yaradılmasına başlanılmışdır. Qeyd edək ki, bu sahədə artıq müvafiq qanunvericilik bazası yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 6 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Sənaye parkları haqqında Əsasnamə” sənaye parklarının yaradılması, idarə edilməsi və onlarda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məsələləri tənzimləyən çox mühüm dövlət sənədidir.
Sahibkarların həvəsləndirilməsi üçün stimullaşdırıcı tədbirləri də nəzərdə tutan əsasnaməyə görə, iş adamları və özəl şirkətlər sənaye parkında parkın operatoru ilə müqavilə bağlamaqla fəaliyyət göstərə bilərlər. Bunun üçün onlar parkda həyata keçirmək niyyətində olduqları investisiya layihəsi və başqa sənədlərlə idarəedici şirkətə müraciət etməlidirlər.
Qeyd edilən mühüm sənəddə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinə verilmiş tapşırıqların icrası ilə bağlı bir sıra tədbirlər həyata keçirilmişdir.
Sənaye parkının yaradılması uyğun hesab edilən, dövlət, xüsusi, həmçinin bələdiyyə mülkiyyətində olan torpaq sahələri haqqında təkliflərin hazırlanması istiqamətində işlər tamamlanmış və aşağıdakı layihələr hazırlanmışdır: sənaye parkının nizamnaməsinin layihəsi, sənaye parkı üzrə operatorun müsabiqə əsasında seçilməsi qaydasının layihəsi, sənaye parkının rezidentlərinin fəaliyyətləri haqqında hesabat-statistik məlumatların alınması və onların fəaliyyətinin monitorinqinin həyata keçirilməsi qaydalarının layihəsi, sənaye parkında həyata keçirilən fəaliyyət haqqında yarımillik hesabat, habelə öz fəaliyyətinin kənar auditor hesabatının hazırlanması və təqdim edilməsi qaydalarının layihəsi, hüquqi və fiziki şəxslərlə operatorun niyyət razılaşmasının nümunəvi formasının layihəsi, hüquqi və fiziki şəxslərin qeydiyyatdan keçmələri üçün ərizə forması və ona əlavə edilən sənədlərin siyahısının layihəsi, təqdim olunan investisiya layihəsinin müəyyən edilmiş meyarlara uyğunluğunun qiymətləndirilməsi qaydalarının layihəsi, sənaye parkının rezidentlərinin reyestrinin aparılması qaydalarının və qeydiyyat şəhadətnaməsinin formasının layihəsi, sənaye parkının ərazisində dövlət mülkiyyətində olan torpaq sahələrinin icarə müqaviləsinin nümunəvi formasının layihəsi, birgə sənaye parkının fəaliyyətinin təşkili və idarə olunması qaydalarının layihəsi.
Naxçıvan-Sədərək magistral avtomobil yolunun 12-ci kilometrliyində 50 hektar ərazidə və Babək rayonunun Araz kəndindəki 20 hektar ərazidə dövlət mülkiyyətinə aid olan torpaq sahələri sənaye parklarının yaradılması üçün təklif olunmuşdur.
Sənaye parklarının bir əhəmiyyəti də ondadır ki, burada istehsal olunan məhsullar kiçik və orta sahibkarlığın inkişafına zəmin yaradacaq, onlarla yeni istehsal sahələrinin yaradılmasına və inkişafına təkan verəcəkdir. Elə bu məqsədlə muxtar respublikamızda istehsal sahələri və infrastruktur nəzərə alınmaqla izolyasiya materialları, qiymətli metallardan hazırlanmış zərgərlik məmulatları, kafel, metlax və seramik məmulatları, elektrik akkumulyatorları, elektrik naqilləri, fərdi mənzillər üçün kombi, su, qaz və elektrik sayğacları, birdəfəlik tibbi şpris, qaynaq üçün elektrod, məişət avadanlıqları və elektronik cihazlar, məktəbli və ofis ləvazimatları, sumbata bezi (pas kağızı), divar kağızı (oboy), qələm istehsalı, istismar müddəti başa çatmış avtomobil şinlərinin utilizasiyası, şurup istehsalı, yivli metal qapaq, element, birdəfəlik plastik tara, dərman preparatları, kosmetik məqsədli yağ, ekstrat və preparatlar, balıq yemi, konservləşdirilmiş qarğıdalı, südlü uşaq yeməyi, meyvəli yoğurt, bitki yağı istehsalı sahələri və digər bu kimi 32 məhsul istehsalı üzrə layihələrin hazırlanması üçün təkliflər verilmişdir.
Xarici ölkələrin bu sahədəki müsbət təcrübəsinin öyrənilməsi istiqamətində də bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, muxtar respublikanın nümayəndə heyəti Araz Azad Ticarət Zonası ilə tanışlıq məqsədilə İran İslam Respublikasına səfər etmiş, bu sahədə həmin ölkənin təcrübəsi ilə yaxından tanış olmuşdur. Həmçinin Çin Xalq Respublikasında “Azərbaycanda sənaye parkının tikintisi” mövzusunda keçirilmiş seminarda Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşı iştirak etmişdir. Təlim proqramı çərçivəsində Çin Xalq Respublikasının Kommersiya Nazirliyi yanında Məmurlar üçün Beynəlxalq Biznes Akademiyası ekspertlərinin tövsiyə və təcrübələri öyrənilmişdir.
Əminliklə demək olar ki, qazanılmış təcrübələr sayəsində gələcəkdə sənaye parklarının timsalında iri sərmayə qoyuluşundan ibarət yeni layihələr reallaşdırılacaqdır.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidməti