22 Dekabr 2024, Bazar

Sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikasında əkinəyararlı torpaqlardan istifadə vəziyyəti müzakirə edilmişdir. Müşavirədən ötən müddət ərzində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində həyata keçirilən tədbirlər, görülməkdə olan işlər barədə bəzi aidiyyəti qurumlarla əlaqə saxladıq, təcrübəli təsərrüfatçıların fikirlərini öyrəndik.

İntizar Həziyev – Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin şöbə müdiri:
– İlk olaraq məlumat üçün bildirim ki, muxtar respublika üzrə şoranlaşmaqda olan əkin sahələri 1698 hektar, qrunt sularının üzə çıxması nəticəsində çəmənləşən əkin sahələri 5635 hektar, şoranlaşan örüş sahələri isə 2434 hektardır. Şoranlaşmaqda olan əkin sahəsinin 806 hektarı Sədərək, 187 hektarı Şərur, 124 hektarı Kəngərli, 66 hektarı Culfa, 94 hektarı Babək rayonlarının, 421 hektarı isə Naxçıvan şəhərinin ərazisindədir. Çəmənləşən əkin sahəsinin 112 hektarı Sədərək, 3073 hektarı Şərur, 1117 hektarı Kəngərli, 572 hektarı Culfa, 34 hektarı Ordubad, 690 hektarı Babək rayonlarının, 37 hektarı isə Naxçıvan şəhərinin payına düşür. 2434 hektar şoranlaşmış örüş sahəsinin 2301 hektarı Sədərək, 133 hektarı isə Şərur rayonunun ərazisindədir. Bu isə, təbii ki, kənd təsərrüfatına yararlı torpaq sahələrinin azalmasına gətirib çıxarmışdır.

Bunun da bir neçə səbəbi var. Səbəblərdən biri dağ və dağətəyi zonalarda torpaqların eroziyaya uğraması, düzən suvarılan zonalarda isə onların şoranlaşması və bunlara qarşı müvafiq tədbirlərin vaxtında və lazımınca aparılmamasıdır. Odur ki, komitə tərəfindən Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin, Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin mütəxəssislərinin, müvafiq rayon icra hakimiyyəti orqanlarının və kənd inzibati ərazi dairələri üzrə nümayəndələrin iştirakı ilə Sədərək, Şərur, Kəngərli, Culfa, Ordubad, Babək rayonlarında və Naxçıvan şəhərinin ərazisində olan eroziyaya uğramış, şoranlaşmış, şorakətləşmiş və digər səbəblərdən deqradasiyaya məruz qalmış torpaqlar müəyyən edilərək xəritələşdirilmiş, onlardan gələcəkdə səmərəli istifadə olunması ilə bağlı tədbirlərin həyata keçirilməsi məqsədilə hazırlanmış materiallar aidiyyəti orqanlara göndərilmişdir. Qeyd olunmalıdır ki, uzun illər yaz aylarında Araz çayının daşması nəticəsində bir sıra Arazboyu yaşayış məntəqələrinin ərazilərinə dolmuş sel suları və üzə çıxmış qrunt suları həmin ərazilərdəki əkinəyararlı torpaq sahələrinin şoranlaşmasına səbəb olmuşdur. Son illər həmin ərazilərdə aparılan sahilbərkitmə işləri bunun qarşısını almışdır. Lakin aparılan tədbirlərə baxmayaraq, həmin sahələrdə qrunt sularının üzdə olması görülən işlərə diqqətin daha da artırılmasını zəruri etmişdir. Əkin və örüş sahələrinin, həyətyanı torpaq sahələrinin şoranlaşması və çəmənləşməsinin əsas səbəbləri kimi qrunt sularının sahədən çıxarılması üçün istifadə olunan arxların, kanalların və drenajların vaxtlı-vaxtında təmizlənməməsini, suvarma normalarına düzgün əməl olunmamasını göstərmək olar. Bunun qarşısını almaq üçün qrunt sularının axıdılması üçün kanallar və açıqtipli drenaj şəbəkələri vaxtında təmizlənməlidir. Bütün bunlarla yanaşı, bir tərəfdən əhalinin, digər tərəfdən isə tikintinin və nəqliyyatın sürətlə artması bu günün reallığıdır. Bununla əlaqədar olaraq torpaq fondunun bu məqsədlər üçün intensiv istifadəsi nəticəsində əkinəyararlı torpaqlar, xüsusilə də suvarılan torpaqlar tikintilər üçün ayrılır. Eyni zamanda köhnə tikintilər sökülən zaman həmin tikintilərin yararsız tullantıları və yaşayış məntəqələrinin özlərində yaranmış məişət tullantıları nəzarətsiz olaraq örüş və əkin sahələrinə daşınır ki, bu da həmin sahələrin yararsız hala düşməsinə səbəb olur.
Ona görə də indiki mərhələdə torpaq ehtiyatlarını qoruyub saxlamaq və onlardan daha səmərəli istifadə etmək üçün komitə tərəfindən mövcud torpaq fondundan düzgün istifadə olunmasına diqqət artırılmışdır. Çünki kənd təsərrüfatına yararlı torpaqların sıradan çıxması bir qədər də sürətlənə bilər. Bu səbəbdən müşavirədən ötən müddət ərzində bu istiqamətdə həyata keçirilən tədbirlər daha da gücləndirilmişdir. Bunun üçün yerlərdə maarifləndirmə tədbirləri aparılır, torpaq mülkiyyətçilərinə torpaqlardan düzgün istifadə yolları göstərilir. Onlara izah olunur ki, sıradan çıxan torpaq sahəsi iqtisadiyyatımıza zərər vuran amillərdən biridir.
Muxtar respublika ərazisində əkinəyararlı torpaq sahələrinin məhdudluğunu nəzərə alaraq, komitənin kollektivi əkinəyararlı torpaq sahələrinin qorunub saxlanması və torpaqlardan səmərəli istifadə olunması sahəsindəki fəaliyyətini günün tələbləri səviyyəsində qurmağa çalışır, müşavirədə komitə qarşısında qoyulan vəzifələrin yerinə yetirilməsi üçün təsirli tədbirlərin həyata keçirilməsini davam etdirir.
Əsgər Həsənov – Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı:
–Mədəni torpaqların münbitliyinin artması və ya aşağı düşməsi insanların öz fəaliyyəti ilə əla­qədardır. İnsanlar torpağa iki cür təsir edə bilirlər:
1. Torpaqdan sistemsiz istifadə edərək onu yorur, qüvvədən salır və şoranlaşdırır, münbitlik cəhətdən yararsız hala gətirir.
2. Torpaqdan səmərəli istifadə edərək onu zənginləşdirir və münbitliyini artırır.
Qeyd edilməlidir ki, torpağı qorumaq üçün təkcə şoranlaşma proseslərini müəyyən etməklə kifayətlənmək olmaz. Başlıca məsələ şoranlaşmanın əsas səbəblərini öyrənmək və onların qarşısını almaq üçün lazımi tədbirlər görməkdən ibarətdir.
Suvarılan torpaqların şoranlaşmasında böyük rol oynayan amillərdən biri aqrotexniki tədbirlərin vaxtında aparılmamasıdır. Muxtar respublikada kollektor-drenaj şəbəkələrini qaydaya salmaq və yeni şəbəkələr çəkmək tikinti-quruculuq tədbirlərinin tərkib hissəsinə çevrilmişdir. Bu da suvarılan və daha dəqiq desək, əkilən torpaqların sıradan çıxmasının, istifadəsiz qalmasının qarşısını almağa yönəldilən tədbirlərdir. Təəssüf ki, torpaq mülkiyyətçilərinin hamısı bu imkanlardan səmərəli istifadə etmirlər.
Bitkilərdən yüksək məhsul almaq üçün onları daim su, qidalı maddələr və bu kimi əsas inkişaf amilləri ilə təmin etmək lazımdır. Bu halda torpaq məhsulunun konsentrasiyası müəyyən həddən yüksək olmamalıdır.
Şoranlaşmış torpaqları yaxşılaşdırmaq üçün müxtəlif meliorasiya üsulları tətbiq etməklə fiziki, kimyəvi, bioloji və hidrotexniki tədbirləri əsas götürmək olar:
- şoranlaşmış torpaqları dərindən şumlamaq, dərindən yumşaltmaq kimi tədbirlər torpağın hava və sukeçirmə qabiliyyətini artırmaq üçün tətbiq edilir;
- şoranlaşmış torpaqları yaxşılaşdırıb istifadə etmək üçün torpağa üzvi gübrə vermək və becərilən bitkilərdən fitomeliorant kimi yararlanmaq lazımdır. Bu meliorasiya üsulu torpağın sukeçirmə qabiliyyətini yaxşılaşdırır və bitki qalıqlarının çürüməsinə, karbonat duzlarının əmələ gəlməsinə kömək edir;
- şoranlaşmış torpaqları yaxşılaşdırmaq üçün əsas metodlardan biri yuma və drenaj tədbirləridir. Bunlar hazırda əriyən duzları yuma yolu ilə torpaqdan çıxarmağın yeganə yoludur. Yuma və drenaj qurğuları qrunt sularının səviyyəsini endirməklə bərabər, təkrar şorlaşmanı xeyli zəiflədir.
Şoran və şorakət torpaqlarda ilkin əkin dövriyyəsi zamanı yonca, günəbaxan, şənbəllə bitkilərinin əkininin aparılması məqsədəuyğundur.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları şoranlaşmanın qarşısının alınması, torpaqların əkin dövriyyəsinə qaytarılması məqsədilə müşavirədən ötən dövr ərzində tərtib olunmuş tədbirlər planı əsasında yerlərdə olur, torpaq mülkiyyətçilərinə, sahibkarlara metodik köməkliklər göstərir, onlardan asılı olan məsələlərin həllinə yardımçı olurlar. Bu tədbirlər artıq intensiv xarakter alıb. Üzərimizə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi üçün qarşıdakı dövrdə belə tədbirlər davam etdiriləcək.
Tofiq Abutalıbov – təcrübəli təsərrüfatçı-aqronom, Nehrəm bələdiyyəsinin sədri:
–Dünya binə olandan torpaq ən qiymətli sərvət kimi maddi nemətlər istehsalında başlıca vasitə rolunu oynamışdır. Bu, dövrümüzdə də belədir. Torpaq ona baş əyənin zəhmətinin əvəzini ödəməyə qadirdir. Bu səbəbdən də torpaqlarımızın qayğısına qalmağı bacarmalıyıq. Muxtar respublikamızda əkin sahələrinin əhalinin sayı ilə müqayisədə az olduğunu nəzərə alsaq, torpağa ikiqat qayğı göstərməliyik. Bu məsələ həmişə dövlətimizin diqqət mərkəzində olmuşdur. Lakin subyektiv səbəblər ucbatından torpaqların sıradan çıxması, əkinəyararsız hala düşməsi hamımızı düşündürməlidir. İlk növbədə, özümüzdən asılı olanlara biganə yanaşmamalıyıq. Unutmamalıyıq ki, biz torpağa necə qayğı göstəririksə, torpaq da bizə səxavətini o cür göstərəcək. Ali Məclisin Sədri çox düzgün olaraq müşavirədə bildirmişdir ki, muxtar respublikada əkinəyararlı torpaq sahələrinin məhdud olması onlardan səmərəli istifadənin vacibliyini ön plana çəkir. Bəzi hallarda kənd təsərrüfatına yararlı torpaqlar icarəyə verilərək, digər məqsədlər üçün istifadə olunaraq yararsız hala düşür. Yerli icra hakimiyyətləri əkinəyararlı torpaq sahələrindən digər məqsədlər üçün istifadəni aradan qaldırmalı, müəssisələrin, inzibati binaların, sosialtəyinatlı obyektlərin tikintisinin əkin üçün yararlı olmayan ərazilərdə aparılması təmin edilməlidir.
Müşavirədə səsləndirilənləri torpaqlarımızın sıradan çıxmasının qarşısının alınmasında həyəcan təbili hesab edirəm. Həmin müşavirədə çox məsələlərə aydınlıq gətirilmiş, qarşıda duran vəzifələr aidiyyəti təşkilatlara çatdırılmışdır. Bu vəzifələrin yerinə yetirilməsində hər birimiz fəal olmalıyıq.

Hazırladı:
 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR