İqtisadi inkişafın mühüm göstəricilərindən biri olan sabit iqtisadi artıma nail olunması ölkədə və regionda mövcud bütün istehsal və əmək resurslarının səmərəli iqtisadi dövriyyəyə cəlb olunması və çoxşaxəliliyin təmin edilməsi ilə bağlıdır.
Naxçıvan Muxtar Respublikasında həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində iqtisadiyyatın diversifikasiyası və özəl sektora arxalanan stabil iqtisadi artım tempi əldə edilmişdir. Bu sabitliyin ən böyük bəhrəsi isə, şübhəsiz, yalnız rəqəmlərlə ifadə olunan kəmiyyət göstəriciləri deyil, əhalinin gündən-günə yaxşılaşan həyat şəraiti, adambaşına düşən gəlir, artan istehlak xərcləri və xarici ticarət dövriyyəsi, rabitə xərclərinin çoxalması, aktiv bank hesablarının, müxtəlif növ sığorta müqavilələrinin sayının artması və turizm səyahətlərindəki fəallıq kimi sahələrdə açıq görünür.
Təkcə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı üzrə 2014-cü ilin ilk səkkiz ayının nəticələrinə nəzər saldıqda istehsal olunmuş 1 milyard 417 milyon 984 min 300 manat həcmində Ümumi Daxili Məhsulun tərkibində sənaye və kənd təsərrüfatı, tikinti kimi aparıcı sahələrlə yanaşı, həmin sahələrdə də sabit dinamikalı inkişaf templərini görmək mümkündür. Artım tempinə görə diqqətçəkən sahələr arasında kreditləşmə, sığorta daxilolmaları və kənd təsərrüfatı məhsulu istehsalını göstərmək mümkündür. Belə ki, bu dövrdə muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 37 milyon 17 min manatdan çox həcmdə kreditlər verilmişdir ki, bu da 2013-cü ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 26,4 faiz çoxdur. Bəhs olunan dövrdə muxtar respublikada bütün sığorta növləri üzrə daxilolmalar 2013-cü ilin yanvar-avqust aylarındakı göstərici ilə müqayisədə 13,1 faiz artaraq 3 milyon 824 min 400 manat, kənd təsərrüfatı məhsulunun həcmi isə müqayisə olunan dövr üçün 8,3 faiz artaraq 232 milyon 99 min manat olmuşdur. Naxçıvanda ixracyönümlü iqtisadiyyatın yaradılması istiqamətində də görülən məqsədyönlü işlər bəhrəsini verməkdədir. Belə ki, muxtar respublikada ixracın həcmi son bir il ərzində 5,2 faiz artaraq 259 milyon ABŞ dollarını ötmüş və xarici ticarət üzrə 185 milyon ABŞ dollarına yaxın həcmdə müsbət saldo yaranmışdır. Bütün bunlar isə əhali gəlirlərinin artması ilə müşayiət olunaraq iqtisadi artımın keyfiyyət göstəricilərini özündə əks etdirir.
Əli CABBAROV