Son illər muxtar respublikamızda 17 hüquqi və fiziki şəxsə məxsus ümumi tutumu 12 min 150 ton olan 19 soyuducu anbar istifadəyə verilmişdir. Bu da istehlakdan artıq olan meyvə-tərəvəz məhsullarının saxlanılmasına əlverişli şərait yaratmışdır.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumata görə, meyvə-tərəvəz məhsullarının tədarük olunub saxlanılması cari ildə də diqqət mərkəzində saxlanılmış, 1 iyul 2014-cü il tarixdən 25 sentyabr 2014-cü il tarixədək soyuducu anbarlara 338,15 ton kartof, 254,18 ton soğan, 4,32 ton sarımsaq, 1,40 ton alma olmaqla, ümumilikdə, 598,5 ton məhsul tədarük olunmuşdur.
İstehlakdan artıq istehsal olunan meyvə-tərəvəz məhsullarının soyuducu anbarlara tədarükü davam etdirilir.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 14 fevral tarixli Sərəncamla təsdiq etdiyi “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq kompleks tədbirlər həyata keçirilmiş, ekoloji cəhətdən saf və təmiz meyvə-tərəvəz məhsulları ilə tanınan regionumuzda bu sahənin inkişafına geniş imkanlar açılmış, sahibkarların bu sahəyə marağı daha da artmışdır. Tərəvəz məhsullarının istehsalı və bağçılıq təsərrüfatının inkişafı üçün ayrı-ayrı rayonlarda sahibkarlara güzəştli kreditlər verilmişdir. Həyata keçirilən tədbirlər öz bəhrəsini vermiş, məhsuldarlıq artmış, sahələrdə bol məhsul yetişdirilmişdir.
Xəbərlər şöbəsi