Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram”a əsasən, cari ilin ötən dövründə Naxçıvan şəhərinin Əliabad qəsəbəsində, Xətai məhəlləsində, kənd yaşayış məntəqələrində böyük həcmdə quruculuq tədbirlərinə start verilib. Şəhərin Qaraçuq kəndində də Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin inşaatçıları tərəfindən bir neçə obyektin tikintisi aparılır.
Kənddəki mövcud məktəb binasının müasir tələblərə cavab vermədiyi nəzərə alınaraq müasirtipli layihə əsasında yeni məktəb binası inşa olunur. İdarənin iş icraçısı Qadir Babayevdən aldığımız məlumata görə, məktəbin yeni binasının layihəsində yaşayış məntəqəsinin gələcək perspektivi nəzərə alınıb. Yeni bina 630 şagird yerlikdir. Müəllim və şagirdlərin ixtiyarına 38 sinif otağı, 4 elektron lövhəli sinif və 4 kompüter sinfi, hərbi kabinə, kitabxana, fizika, kimya, biologiya laboratoriyaları, idman zalı veriləcək. Tikintiyə kifayət qədər texnika və işçi qüvvəsi cəlb edilib. Bu isə inşaat işlərinin sürətlə və keyfiyyətlə aparılmasına imkan verib. Artıq obyektdə tikinti işlərinin böyük bir qismi başa çatdırılıb, dam örtüyü vurulub, elektrik, rabitə, su, istilik xətləri çəkilib, suvaq işləri aparılır, mərtəbələrarası pilləkənlərə və dəhlizlərə üzlük döşənir. Fasad hissəyə milli naxışlarla bəzədilmiş və cilalanmış travertin üzlüklər vurulacaq. Həyətdə abadlıq işləri görüləcək.
Orta məktəb binası ilə yanaşı, inşa edilən digər obyekt musiqi məktəbi üçün nəzərdə tutulub. Bu təhsil ocağında 18 sinif otağı, iclas zalı, solfecio sinfi, musiqi ədəbiyyatı otağı, kitabxana və digər yardımçı otaqlar olacaq. Hər iki məktəbin binası fərdi qazanxana ilə qızdırılacaq.
Digər bir obyekt kənddə fəaliyyət göstərən qurumların birgə işini təşkil etmək üçün inşa olunan kənd mərkəzidir. İnşaatçılar qısa müddət ərzində 2 mərtəbədən ibarət olan, müasirtipli layihə əsasında inşa edilən binada bir çox işləri başa çatdırıblar. Mərkəzdə inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, klub, kitabxana, polis sahə və baytarlıq məntəqələri fəaliyyət göstərəcək. Həmçinin kənddə rabitə evi və poçt bölməsi də yaradılacaqdır.
Qaraçuq kəndində daha bir quruculuq tədbiri iki mərtəbədən ibarət həkim ambulatoriyasının inşa edilməsidir. Ambulatoriyada baş həkim, stomatoloq, ginekoloq, terapevt üçün kabinələr, palata, doğuş, peyvənd, müayinə və manipulyasiya, tibb bacısı otaqları, aptek yerləşəcək. Bu səhiyyə müəssisəsində dünyanın aparıcı ölkələrinin istehsalı olan müasir tibbi avadanlıqların quraşdırılması nəzərdə tutulub.
Kənd sakinləri kənddə inşa olunan xidmət mərkəzini onlara göstərilən növbəti dövlət qayğısı kimi dəyərləndirirlər. Hazırda obyektdə son tamamlama işləri aparılır. İnşaatçılar yaradılan şəraitdən səmərəli istifadə edirlər.
Mərkəzdə bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq, geyim və təsərrüfat malları olmaqla, 3 mağaza fəaliyyət göstərəcək.
Muxtar MƏMMƏDOV