Ötən ilin payızında və cari ilin yazında torpaq mülkiyyətçiləri tərəfindən 2014-cü ilin məhsulu üçün 29697,7 hektarı payızlıq, 6052 hektarı isə yazlıq olmaqla, 35749,7 hektar sahədə taxıl əkilmişdi. Sahələrdə bol məhsul yetişdirilib. Əvvəlcədən həyata keçirilən tədbirlər taxıl tədarükünü optimal müddətdə başa çatdırmağa və məhsulu itkisiz toplamağa imkan verib, ümumilikdə, muxtar respublikada 103 min 70 ton məhsul tədarük edilib. Bunun 77 min 288 tonu buğda, 25 min 782 tonu arpadır. Məhsuldarlıq 28,8 sentnerdir.
Taxılçılar 2015-ci ilin məhsulu üçün hazırlıq tədbirlərinə başlayıblar. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyindən aldığımız məlumata görə, keyfiyyətli şum aparılması məqsədilə sahələrə çıxarılacaq texnikalar təmir olunub. Sentyabrın 25-dək 4315 hektar sahədə şum aparılıb. Şum qaldırılmasında ilk yerdə Kəngərli rayonudur. Bu bölgədə 1091 hektar sahə əkinə hazır vəziyyətə gətirilib. Babəkin torpaq mülkiyyətçiləri 1060 hektar sahədə şum qaldırılmasına nail olublar. Şərurlular 909 hektarda şum qaldırıblar. Culfa rayonunda bu rəqəm 531 hektar təşkil edir. Dağlıq zonada yerləşən Şahbuz rayonunda 226, sərhəd bölgəsi Sədərəkdə 250, Naxçıvan şəhərində 125, Ordubad rayonunda 123 hektar sahə şumlanıb.
Məlumat üçün onu da bildirək ki, Sədərək rayonunda taxıl əkininə də start verilib. Belə ki, bölgədə 70 hektar sahədə buğda əkilib, əkilmiş sahənin 35 hektarı suvarılıb.
Xəbərlər şöbəsi