Yol tikintisi və təmiri sahəsində Şərur rayonunda göstəricilər ildən-ilə yüksəlir. Artıq əksər yaşayış məntəqələrində daxili və kəndarası yollara asfalt örtük salınmışdır ki, bu da nəqliyyat vasitələrinin, eyni zamanda onlardan istifadə edən sərnişinlərin rahat gediş-gəlişinin təmin olunması deməkdir.
Şərur Rayon Yol Təmir-Tikinti İdarəsi cari ilin səkkiz ayında da uğurlu nəticələr əldə etmişdir. Bu müddətdə idarənin gücü ilə 1 milyon 367 min 942 manatlıq cari və əsaslı təmir işləri görülmüş, o cümlədən 4 kilometrlik Şərur şəhəri-Kürkənd yolu yenidən qurulmuş, avtomobillərin Şərur Rayonlararası Müayinə Mərkəzinin həyəti və ətrafdakı dayanacaq üçün nəzərdə tutulmuş geniş ərazi asfaltlanmış, rayon mərkəzindəki yollarda cari təmir işləri aparılmışdır.
Hazırda Püsyan kəndindən Naxçıvan-Sədərək avtomagistralınadək olan 3 kilometrlik, həmçinin 6 kilometrlik Xanlıqlar-Püsyan, 11 kilometrlik Dizə-Axura avtomobil yolları, Diyadin kəndindəki 1,8 kilometrlik kəndarası yol, geniş şəkildə quruculuq işləri aparılan digər kəndlərdəki yollar da əsaslı şəkildə yenidən qurulur.
Cəfər ƏLİYEV