Sentyabrın 25-də Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının konfransı keçirilib. Konfransı giriş sözü ilə Babək “Sirab” Açıq Səhmdar Cəmiyyəti idarə heyətinin sədri Namiq Novruzov açıb.
Konfransın gündəliyinə Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası sədrinin hesabatı, konfederasiyanın idarə heyətinin yeni tərkibinin, idarə heyəti sədrinin və nəzarət-təftiş komissiyasının seçilməsi məsələləri daxil edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri Rəfael Babayev çıxış edərək bildirib ki, bazar iqtisadiyyatının əsas atributlarından olan, azad rəqabət şəraitində sürətlə inkişaf edən sahibkarlıq təkcə cəmiyyətin yox, həmçinin ayrıca götürülmüş birliyin və ya fərdin inkişafında özünəməxsus mühüm rol oynayır. Eyni zamanda sahibkarlıq iqtisadi tərəqqinin daha sürətli xarakter almasına böyük töhfələr verən, bəzi hallarda isə bu tərəqqinin əsasına çevrilən bir fəaliyyət sahəsidir. Ölkəmizin, o cümlədən muxtar respublikamızın iqtisadi inkişafını xarakterizə edən ən mühüm cəhətlərdən biri güclü sahibkarlıq sinfinin formalaşmasıdır. Belə ki, əgər 1995-ci ildə Ümumi Daxili Məhsul istehsalında özəl bölmə 15 faizlik xüsusi çəkiyə malik idisə, bu göstərici artaraq cari ildə 87 faizi ötüb. Bu fakt sahibkarlıq fəaliyyətinin iqtisadi tərəqqidəki əhəmiyyətini təsdiq etməklə, onun daim diqqət və qayğı ilə əhatə olunduğunu da sübut edir.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında 2006-cı ildə Sahibkarlar Konfederasiyası yaradılıb. Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri sahibkarların problemləri ilə yaxından tanış olmaq məqsədilə hər il onlarla görüşür, sahibkarlıq fəaliyyətinə dəstək məqsədilə aidiyyəti dövlət orqanlarına müvafiq tapşırıqlar verir. Sahibkarlara göstərilən maliyyə dəstəyinin həcminin ildən-ilə artırılması, iş adamlarının fəaliyyətinə kənar müdaxilələrin aradan qaldırılması, antiinhisar tədbirlərinin gücləndirilməsi, biznes subyektlərinin qeydiyyatının və lisenziya sisteminin sadələşdirilərək “bir pəncərə” prinsipi əsasında aparılması öz müsbət nəticələrini göstərməkdədir. “Bir pəncərə” prinsipinin tətbiq olunmağa başlandığı 2008-ci ilin əvvəllərindən 2014-cü il sentyabrın 1-dək muxtar respublikada 271 hüquqi və 10 min 59 fiziki şəxsin qeydiyyata alınması öz imkan və qabiliyyətlərindən faydalanaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərə əlverişli şəraitin yaradıldığını bir daha təsdiq edir. Vurğulanıb ki, təkcə cari ilin ötən dövründə bank və kredit təşkilatlarının xətti ilə sahibkarlıqla məşğul olmaq istəyən fərdi təsərrüfat subyektlərinə 5 milyon 943 min, özəl sektorda yeni istehsal sahələrinin yaradılmasına isə 8 milyon 66 min manat həcmində kreditlər verilib.
Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri Abbas Babayev çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafı daim diqqət mərkəzində saxlanılır. Bunun nəticəsidir ki, Naxçıvan sahibkarlığın inkişafı üçün hər cür şəraitin mövcud olduğu regiona çevrilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bu sahəyə göstərdiyi diqqət və qayğı, sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyinin davamlılığı sahibkarlara səmərəli fəaliyyət göstərmək imkanı verib. 2006-cı ilin mart ayında yaradılan konfederasiya fəaliyyətinin ilk günlərindən muxtar respublika ərazisində fəaliyyət göstərən sahibkarları öz ətrafında birləşdirməyə başlayıb. Qeyd olunub ki, hazırda muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərində 80 mindən çox iş yeri mövcuddur. Sahibkarlar Konfederasiyası fəaliyyəti zamanı öz nizamnaməsinə uyğun müəyyən işlər görüb, iş adamlarını baş verən iqtisadi yeniliklərlə daim maarifləndirməyə, onlara lazımi dəstək göstərməyə çalışıb. Eyni zamanda konfederasiya həm ölkəmizdə, həm də ölkəmizdən kənarda keçirilən beynəlxalq sərgilər, seminarlar, konfranslar və digər tədbirlərlə bağlı sahibkarlar arasında zəruri materiallar yayıb, sahibkarların həmin tədbirlərdə iştirakını təmin edib. Konfederasiyanın fəaliyyətinin əsas istiqamətlərindən biri sahibkarların maraq və mənafelərinin qorunmasıdır. Buna görə də ötən dövr ərzində sahibkarlarla çoxsaylı görüşlər keçirilib, müzakirələr aparılıb, sahibkarlar tərəfindən ünvanlanan sorğuların nəticələri ümumiləşdirilərək həll olunması üçün müvafiq dövlət orqanları qarşısında məsələlər qaldırılıb.
Sonra səsvermə yolu ilə konfederasiyanın idarə heyətinin yeni tərkibi seçilib.
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat və sənaye naziri Famil Seyidovun konfederasiyanın sədrliyinə namizəd üçün təklifi dinlənilib. Bildirilib ki, Sahibkarlar Konfederasiyasının yaradılmasında məqsəd muxtar respublikada sahibkarların fəaliyyətini əlaqələndirmək, mənafelərini təmin etmək, sahibkarlara xaricdə və ölkə daxilində tərəf-müqabillərinin tapılmasında kömək etmək, onların informasiya təminatında iştirak etmək və digər mühüm işlərin görülməsindən ibarətdir. Konfederasiyanın qarşısında duran bu vəzifələrin həyata keçirilməsi üçün seçiləcək şəxs həm muxtar respublikada, həm də Azərbaycanda və xarici ölkələrdə olan sahibkarlıq subyektləri ilə geniş əlaqələrə malik olmalıdır ki, gələcəkdə xarici investisiyaları muxtar respublika iqtisadiyyatına təşviq edə bilsin və ya yerli məhsulların ixrac olunmasında fəallıq nümayiş etdirə bilsin.
Tədbirdə “Naxçıvan Duz istehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətinin sədri Anar Əsədullayev, “Prestij Naxçıvan Pivəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin sədri Seyfəddin Rəhimov və “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətinin sədri Teymur Rzayevin çıxışları olub. Konfransda “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının direktoru Vüqar Abbasov səsvermə yolu ilə Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının idarə heyətinin sədri seçilib.
“Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının direktoru Vüqar Abbasov çıxış edərək ona göstərilən etimada görə minnətdarlığını bildirib.
Konfransda səsvermə yolu ilə Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının nəzarət-təftiş komissiyasının yeni tərkibi də seçilib.
Xəbərlər şöbəsi