İqtisadi inkişafın əsas göstəricisi kimi 1 milyard 417 milyon 984 min 300 manatlıq Ümumi Daxili Məhsul istehsal olunmuşdur ki, bu da 2013-cü ilin yanvar-avqust ayları ilə müqayisədə 1 faiz çoxdur.
Hər bir nəfərə düşən Ümumi Daxili Məhsulun həcmi 2013-cü ilin yanvar-avqust ayları ilə müqayisədə 0,3 faiz artaraq 3244,8 manata (4137,2 ABŞ dollarına) çatmışdır.
* * *
Muxtar respublikada yaradılan Ümumi Daxili Məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 637 milyon 389 min manat həcmində məhsul istehsal edilmişdir ki, bu da 2013-cü ilin müvafiq dövründəki göstəricini 1,2 faiz üstələmişdir.
* * *
İnfrastruktur quruculuğu çərçivəsində əsas kapitala 620 milyon 18 min manat həcmində investisiya yönəldilmişdir ki, bunun da 540 milyon 482 min manatı və ya 87,2 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.
* * *
Cari ilin yanvar-avqust ayları ərzində informasiya və rabitə xidmətlərinin həcmi 31 milyon 53 min manatdan çox olmuşdur ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz çoxdur. Bu müddət ərzində mobil rabitə xidmətlərinin həcmi 26 milyon 224 min manatı ötməklə bir il öncəki göstəricini 0,9 faiz üstələmişdir.
* * *
Bu ilin yanvar-avqust ayları ərzində 232 milyon 99 min manat həcmində kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bu da 2013-cü ilin müvafiq dövründəki göstəricini 8,3 faiz üstələmişdir. Bu dövr ərzində muxtar respublikada 12,2 min ton ət (diri çəkidə), 59,9 min ton süd istehsal edilmiş, 2013-cü ilin yanvar-avqust ayları ilə müqayisədə ət istehsalı 3,1 faiz, süd istehsalı 0,3 faiz artmışdır.
* * *
Əhali gəlirlərinin artımı davam etməkdədir. Cari ilin yanvar-avqust aylarında muxtar respublikada əhalinin gəlirləri 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz artaraq 1 milyard 92 milyon 215 min manatdan çox, onun hər bir nəfərə düşən həcmi isə 1,5 faiz yüksələrək 2499,6 manat təşkil etmişdir.
* * *
2014-cü ilin yanvar-avqust aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 387 manat təşkil etmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,1 faiz artmışdır.
* * *
İqtisadi münasibətlərə paralel olaraq bank işi təkmilləşməkdədir. 1 sentyabr 2014-cü il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 33449-a çatmışdır ki, bunun da 30500-ü və ya 91,2 faizi aktiv hesablardır. 2014-cü ilin yanvar-avqust ayları ərzində açılmış 13175 bank hesabının 13119-u və ya 99,6 faizi aktiv hesablardır.
1 sentyabr 2014-cü il tarixə muxtar respublikada pos-terminalların sayı 692-yə çatmışdır ki, bu da 1 yanvar 2014-cü il tarixdəki göstəricidən 444 ədəd çoxdur.
* * *
Muxtar respublikada iqtisadi siyasətin əsas istiqaməti kimi xarici ticarət əlaqələrinin genişləndirilməsi davam etdirilməkdədir. Ötən dövr ərzində muxtar respublikanın 333 milyon 941 min Amerika Birləşmiş Ştatları dolları həcmində xarici ticarət dövriyyəsi olmuşdur ki, bu da bir il öncəki göstəricini 0,5 faiz üstələmişdir. İxracın həcmi son bir il ərzində 5,2 faiz artaraq 259 milyon ABŞ dollarını ötmüş və xarici ticarət üzrə 185 milyon ABŞ dollarına yaxın həcmdə müsbət saldo yaranmışdır. İdxalın həcmi bir il öncəyə nisbətdə 13 faiz azalmışdır.
* * *
Sahibkarlıq strukturlarının kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılmaqdadır. 2014-cü ilin yanvar-avqust aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 37 milyon 17 min manatdan çox həcmdə kreditlər verilmişdir ki, bu da 2013-cü ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 26,4 faiz çoxdur.
* * *
2014-cü ilin yanvar-avqust aylarında muxtar respublikada bütün sığorta növləri üzrə daxilolmalar 3 milyon 824 min 400 manat olmuşdur ki, bu da 2013-cü ilin yanvar-avqust aylarındakı göstəricidən 443 min 600 manat və ya 13,1 faiz çoxdur.
* * *
Qeyd olunan dövrdə muxtar respublikaya 219 min 364 nəfər turist gəlmişdir ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz və ya 4932 nəfər çoxdur.
* * *
1 avqust 2014-cü il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətdə 5572 nəfər və ya 1,3 faiz artaraq 438034 nəfər təşkil etmişdir.
Naxçıvan Muxtar Respublikası Dövlət
Statistika Komitəsinin mətbuat xidməti