22 Dekabr 2024, Bazar

Təcrübə göstərir ki, iqtisadi inkişaf məsələləri həmişə dayanıqlı sabitliyə və etibarlı xammal-enerji təminatına çox həssasdır. Ona görə də enerjidən asılılığın həm qlobal, həm də regional miqyasda aktual olduğu bir dövrdə həyata keçirilən enerji strategiyaları, daha etibarlı, daha ucuz, ekoloji təmiz və bərpaolunan enerji mənbələrinin tapılıb üzə çıxarılması və onlardan səmərəli istifadə, ümumən, enerji təhlükəsizliyi məsələləri kimi hər kəsi düşündürür. 

Ölkəmizdə enerji təh­­lükəsiz­liyinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Hələ sovetlər dövründə, keçən­ əsrin 70-80-ci illərində Azərbaycanda uzunmüddətli yana­caq-enerji potensialının yaradılması istiqamətində görülmüş işlər di­gər ittifaq respublikalarından xeyli dərəcədə üstün səviyyədə idi. O dövrdə ulu öndərin böyük nüfuzu və səyləri sayəsində Azərbaycanın neft-qaz sektorunda dövrün ən yeni texnoloji avadanlıqları tətbiq olunur, ölkəmiz ittifaqın bu sahə üzrə kadr hazırlığı mərkəzinə çevrilir, su və istilik elektrik stansiyalarının sayı get-gedə artırılırdı. Bütün bunlar ulu öndərin müstəqil olacağına inandığı Azərbaycanın, digər sahələrdə olduğu kimi, enerji təminatı sahəsində də tam müstəqil, kimsədən asılı olmadan inkişaf edib yaşaya bilməsi üçün həyata keçirilirdi.
İqtisadi inkişaf sürətləndikcə və əhalinin sayı artdıqca sərf olunan enerjinin miqdarı da artmaqdadır. Bu da, öz növbəsində, enerji təhlükəsizliyi məsələsini daim gündəmdə saxlayır. Bu məsələ əksər dünya ölkələrində ərzaq təhlükəsizliyi ilə eyni dərəcədə əhəmiyyət kəsb edir. Buna görə də ölkəmizdə və onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında enerji təhlükəsizliyi sahəsində son illər görülən işlər iqtisadi təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyır. Ötən dövrdə Naxçıvan Muxtar Respublikasının daxili enerji resursları ilə özünü tam təmin etməsi və hətta ixrac qabiliyyəti səviyyəsinə gəlib çatması bunu sübut edir.

Son 19 il ərzində Naxçıvan Muxtar Respublikasının enerji təminatında görülmüş işlərə bir neçə mərhələdə baxmaq mümkündür. Belə ki, bir vaxtlar Naxçıvanda kəsilmiş təbii qaz və elektrik enerjisi probleminin həlli üçün yollar axtarılırdısa, sonralar bu məsələnin həll olunması ilə muxtar respublikada əhalinin və istehsal müəssisələrinin enerji ilə təminatı həyata keçirilib. Ancaq bununla yanaşı, regionun öz daxili imkanlarından istifadə ilə enerji təminatında tam təhlükəsizliyinin təmin edilməsi məsələsində üçüncü mərhələ – Naxçıvan Muxtar Respublikasının hidroenerji potensialından istifadə ön plana çıxıb və görülmüş işlər nəticəsində qısa müddət ərzində regionun tələbatlarından da artıq miqdarda güclü enerji potensialı yaradılıb.
Qeyd etmək lazımdır ki, Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyi məsələsi dövlətimizin daim diqqət mərkəzindədir. Belə ki, 2006-cı ildə Naxçıvanda modultipli elektrik stansiyasının və Heydər Əliyev Su Anbarı üzərindəki su elektrik stansiyasının işə düşməsi, 2010-cu ildə Biləv Su Elektrik Stansiyasının istifadəyə verilməsi nəticəsində muxtar respublika öz enerji potensialı ilə regionun enerji mərkəzinə çevrilməyə başlayıb. Bu fikirlər cari ilin aprel ayının 7-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyalarının işə salınması mərasimində iştirak edən ölkə Prezidenti tərəfindən də ifadə edilib. “Enerji hər bir inkişafın təməlində dayanan ən vacib amildir və bu gün Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan bu məsələni tam şəkildə həll edibdir”, – deyən dövlət başçısı Naxçıvan Muxtar Respublikasının gələcək inkişafı üçün enerji mənbələrindən istifadənin əhəmiyyətini vurğulayıb.
Muxtar respublikanın ümumi inkişaf mənzərəsini enerji təsərrüfatının timsalında da görmək mümkündür. Belə ki, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyindən cari ilin səkkiz ayının nəticələrinə aid aldığımız məlumata görə, muxtar respublikanın Araz Su Elektrik Stansiyasında, Naxçıvan Modul Elektrik Stansiyasında, Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasında, Biləv Su Elektrik Stansiyasında, “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyalarında və Heydər Əliyev Su Anbarı üzərindəki su elektrik stansiyasında, ümumilikdə, 456641290 kilovat-saat elektrik enerjisi istehsal olunub və elektrik şəbəkələrinə ötürülüb. Bundan əlavə, səkkiz ay ərzində Türkiyə Respublikasına 102664860 kilovat-saat elektrik enerjisi ötürülüb, İran İslam Respublikası ilə enerji mübadiləsi aparılıb.
Agentlik tərəfindən verilən məlumatda o da deyilir ki, istehlakçıların elektrik enerjisi təchizatının yaxşılaşdırılması, yaşayış sahələrinin, məktəblərin, hərbi hissələrın, nasos stansiyalarının elektrik təchizatı üçün yeni transformator yarımstansiyalarının qoyulması, müxtəlif gərginlikli elektrik verilişi xətlərinin çəkilməsi, küçə və xiyabanların, parkların işıqlandırılması səviyyəsinin yaxşılaşdırılması sahəsində kompleks tədbirlərin həyata keçirilməsi işləri davam etdirilir. Belə ki, cari ilin ilk 8 ayında, ümumilikdə, muxtar respublikanın şəhər və kəndlərində 23 ədəd yeni transformator yarımstansiyası qoyulub, 50 kilometr uzunluğunda yeni 10 və 0,4 kilovoltluq elektrik verilişi xətləri çəkilib, 19 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq hava elektrik verilişi xətləri kabel xətləri ilə əvəz edilib. Türkiyə Respublikasından yarım­stansiyalar üçün eleqaz açarları, ayırıcılar, turbin yağları və digər material və avadanlıqlar alınıb, Ukrayna və Türkiyə respublikaları müəssisələri ilə transformator, kabel, məftil, turbin yağı alınması haqqında yeni müqavilələr bağlanılıb. Muxtar respublikanın bütün işlədicilərinin istifadə etdiyi elektrik enerjisinin dəqiq uçotunu aparmaq üçün rəqəmsal elektron sayğaclar qoyulub, enerji haqqının sayğacların göstərişləri əsasında ödənilməsi təmin edilib.
Naxçıvanın bugünkü çıraqban mənzərəsi onun iqtisadi gücünün bir simvoludur. Ötən qısa müddət ərzində enerji sektorunda görülmüş nəhəng işlər, bu sahədə tam təhlükəsizliyin təmin olunması muxtar respublikanın gələcək inamlı inkişaf yoluna da işıq salacaqdır.

 Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR