22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 17 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Pro­qramı”nın icrası istiqamətində həyata keçirilən tədbirlər cari ilin ötən dövrü ərzində də davam etdirilərək bir sıra uğurlu nəticələr qazanılıb. Əldə edilən nailiyyətlərdə əkin sahələrinin suvarılmasını təmin etmək üçün meliorasiya tədbirlərinin diqqətdə saxlanılması, məhsul istehsalçılarının kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatı başlıca rol oynayıb.

Muxtar respublikanın dağlıq bölgəsi olan Şahbuz rayonunda da aqrar sahənin inkişafı bu gün ən yüksək önəm verilən sahələrdən biridir. Çünki hər bir şahbuzlu öz həyat səviyyəsinin yaxşılaşmasını bu sahənin inkişafında görür, dövlətimizin yaratdığı şəraitdən istifadə edərək məhsul bolluğu yaradılmasına çalışır. Şahbuz Rayon Statistika İdarəsindən aldığımız məlumata görə, 2014-cü ilin məhsulu üçün 461 hektar sahədə kartof, 284 hektarda tərəvəz, 6 hektarda bostan, 3 hektarda qarğıdalı, 4 hektarda günəbaxan bitkiləri əkilib.
Bölgədə daha çox inkişaf etdirilən əkinçilik sahələrindən biri taxılçılıqdır. Ötən ilin payızında və cari ilin yazında 2014-cü ilin məhsulu üçün torpaq mülkiyyətçiləri 1331 hektar sahədə taxıl əkiblər. Bunun 1010,3 hektarı buğda, 320,7 hektarı arpa olub. Bu sahə ilə məşğul olanların müxtəlif dövlət yardımları, kreditlər, məhsuldar toxum sortları, texnika, suvarma suyu ilə təchizatı diqqət mərkəzində saxlanılıb, sahələrə aqrotexniki qaydalar əsasında qulluq edilməsinə şərait yaradılıb. Çəkilən zəhmət isə Şahbuz taxılçılarının xeyli gəlir əldə etməsinə imkan verib. Sahələrdən 3707 ton məhsul götürülüb ki, bunun da 2998 tonu buğda, 709 tonu arpadır. Hektarın orta məhsuldarlığı 27,9 sentner təşkil edib. 2014-cü ilin nəticələri şahbuzluları növbəti ilin bol məhsulunun əsasını qoymağa daha da ruhlandırıb. Onlar payızlıq taxıl əkinini optimal müddətdə başa çatdırmaq üçün sahələrdə şum qaldırılmasını sürətlə davam etdirirlər.
Bölgədə ciddi önəm verilən sahələrdən biri də kartofçuluqdur. İlin ilk 8 ayı ərzində ümumi kartof əkini sahəsinin 370 hektarından 5735 ton kartof tədarük edilib. Rayon əhalisinin meyvə-tərəvəz məhsullarına olan tələbatını daxili imkanlar hesabına ödəmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” bu sahədə zəruri tədbirlərin həyata keçirilməsini təmin edib. Bölgənin torpaq mülkiyyətçiləri həm öz tələbatlarını ödəmək, həm də daxili bazara töhfələrini vermək üçün səylərini artıraraq uğurlu nəticələr qazanıblar. Barverən meyvə bağlarından 1267 ton meyvə, ümumi tərəvəz əkini sahəsinin 265 hektarından 4404 ton məhsul tədarük edilib.
Heyvandarlıq məhsulları istehsalında da şahbuzlular ötən illə müqayisədə nəzərəçarpan göstəricilərə nail olublar. Cari ilin yanvar-iyun aylarında rayonda diri çəkidə 1454 ton ət, 10289 ton süd, 138,4 ton yun istehsal edilib.
Aqrar sahədə ötən dövrdə qazanılan bütün bu uğurlar belə deməyə əsas verir ki, 2014-cü il rayonun torpaq mülkiyyətçiləri üçün uğurlu illərdən biri olacaq.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR