Muxtar respublikanın bütün ehtiyatlarından səmərəli istifadə olunmaqla daxili bazarın tənzimlənməsində, tələbatın yerli istehsal hesabına ödənilməsində və idxaldan asılılığın azaldılmasında, xaricə valyuta axınının qarşısının alınmasında, əhali tələbatının daha dolğun ödənilməsində yerli istehsalın əvəzsiz rolunu nəzərə alaraq muxtar respublikada kompleks tədbirlər həyata keçirilmiş, yeni istehsal və xidmət sahələri yaradılmışdır. Belə istehsal sahələrindən biri də 2008-ci ilin dekabr ayından Culfa rayonunda fəaliyyət göstərən “Karbon Qazı Zavodu” Açıq Səhmdar Cəmiyyətidir.
Özəl bölməyə göstərilən dövlət qayğısından bu müəssisə də bəhrələnmiş, 2007-ci ilin mart ayında Sahibkarlığa Kömək Fondundan 680 min manat dövlət maliyyə dəstəyi göstərilmişdir. İkimərtəbəli inzibati və istehsal binalarından ibarət olan müəssisədə əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. Qaz mənbəyindən zavodadək 2650 metr boru xəttində təmir işləri görülmüşdür. Müəssisədə Rusiya və Ukraynadan alınmış müasir texnoloji avadanlıqlar quraşdırılmışdır ki, bu, görülən işin daha keyfiyyətli, sürətli və yüksək səviyyədə aparılmasına imkan yaratmışdır. İstehsal və köməkçi sahələrin tikintisinə, həyətyanı sahənin abadlaşdırılmasına 775 min 500 manat, avadanlıqların alınmasına isə 320 min manat, ümumilikdə, 1 milyon 95 min 500 manat vəsait sərf olunmuşdur.
Məlumat üçün qeyd edək ki, muxtar respublikanın maye karbon qazına olan illik tələbatı 2800 tondur. İllik istehsal gücü 6300 ton maye karbon qazı və 50 ton quru buz olan müəssisədə istehsal edilən məhsul ölkəmizin digər regionlarında da satışa çıxarılır və gələcəkdə xaricə ixrac olunması planlaşdırılır. Bu məqsədlə müəssisənin balansındakı maye karbon qazını daşımaq üçün 2 ədəd 12 tonluq və 1 ədəd 6 tonluq avtosisternlərdən, eləcə də 2009-cu ildə alınmış soyuducu kameralı “Mitsubishi” markalı quru buz daşıyan texnikadan səmərəli istifadə olunur. 2010-cu ilin mart ayında Sahibkarlığa Kömək Fondundan əlavə olaraq 350 min manat güzəştli kredit verilmişdir ki, bu vəsait də yeni texnikaların alınmasına yönəldilmişdir. İsveçin “SKANİA” firmasının istehsalı olan 2 ədəd çəkici avtomaşın və Türkiyənin “ISISAN” firmasının istehsalı olan yüksək texniki göstəricilərə malik 2 ədəd avtosistern alınıb gətirilmişdir. Bu da istehsal olunan məhsulun vaxtlı-vaxtında sifarişçilərin ünvanlarına çatdırılmasına əlverişli şərait yaradır.
“Karbon Qazı Zavodu” ASC-nin direktoru Elman Seyidov bildirdi ki, müəssisədə Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qeydiyyatdan keçmiş laboratoriya fəaliyyət göstərir. Bu da istehsal edilən məhsulun keyfiyyətinə nəzarət etməyə imkan verir. Müəssisədə bütün texnoloji proseslərə, istehsal olunan karbon qazının, quru buzun keyfiyyətinə və sanitar-gigiyenik qaydalara ciddi əməl olunur. Maye karbon qazı 6 kiloqramdan 25 kiloqramadək müxtəlif çəkilərdə balonlarda və çənlərdə, quru buz isə xüsusi taralarda sifarişçilərin ünvanlarına göndərilir. Müəssisədə istehsal edilən maye karbon qazı və quru buz mineral sular, sərinləşdirici içkilər istehsal edən müəssisələr, tibb ocaqları, ərzaq məhsullarının istehsalı və daşınması ilə məşğul olan şirkətlər tərəfindən alınır. Müəssisədə istehsal olunan məhsullara tələbat artmış, quru buz cari ildə sifarişə uyğun olaraq Bakı şəhərində fəaliyyət göstərən şirkətlərə də göndərilmişdir. Müqayisə üçün qeyd edək ki, “Karbon Qazı Zavodu” ASC əvvəllər ölkəmizin digər regionlarında fəaliyyət göstərən 7-8 müəssisəyə və ya şirkətə karbon qazı satırdısa, hazırda bu rəqəm 40-ı ötmüşdür.
Bazar iqtisadiyyatının tələblərinə uyğun keyfiyyətli məhsul istehsal etmək əzmi ilə çalışan kollektiv maye karbon qazı və quru buza artan tələbatın ödənilməsi üçün mövcud imkanlardan səmərəli istifadə etməyə səy göstərir. Müəssisədə tələbata uyğun olaraq, istehsal edilən məhsulun 44 faizi muxtar respublikada, 56 faizi isə Bakı şəhərində və ölkənin digər regionlarında fəaliyyət göstərən sifarişçi müəssisələrə göndərilir.
Cəmiyyətin direktoru onu da bildirdi ki, Bakı və Qax şəhərlərində müəssisənin balondoldurma məntəqələri fəaliyyət göstərir. Hazırda müəssisədə 30 nəfər çalışır. Gələcəkdə müəssisənin fəaliyyətinin daha da genişləndirilməsi planlaşdırılır.
Kərəm HƏSƏNOV