Təkcə bu ilin avqust ayında nağdsız əməliyyatların həcmi bir milyon manatdan çox olub
Nağdsız ödəniş pul və pul vəsaitlərinin nağd olmadan banklar və səlahiyyəti olan digər maliyyə mənbələri vasitəsilə həyata keçirilən pul dövriyyəsinin forması olub, ən etibarlı hesablaşma şəklidir. Təbii ki, bunun üçün etibarlı əməliyyat sistemi, geniş texniki imkanlar və subyektlər arasında inam olmalıdır. İlk iki məsələni yalnız maddi imkanlar hesabına, özü də qısa müddətdə reallaşdırmaq mümkündürsə, üçüncü məsələ maarifləndirmə və təbliğat tələb edir.
Nağdsız ödəniş sistemlərinin dünyanın inkişaf etmiş ölkələrinin iqtisadiyyatlarındakı çəkisinə diqqət edərkən bu sistemin iqtisadi inkişaf üçün nə dərəcədə əhəmiyyət kəsb etdiyini görmüş olarıq. Bunu statistik rəqəmlər də göstərir.
Nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər Naxçıvan Muxtar Respublikasında maliyyə-iqtisadi siyasətin reallaşdırılması məqsədini daşıyır. Bu sahədə beynəlxalq təcrübədən, inkişaf etmiş ölkələrdə tətbiq olunan stimullaşdırıcı tədbirlərdən yararlanmaqla, habelə əhalinin maarifləndirilməsi və məlumatlandırılması yolu ilə nağdsız ödəniş sisteminin genişləndirilməsinə nail olmaq mümkündür. Dünya təcrübəsində təyin olunmuş limitdən artıq nağd hesablaşmalar həyata keçirən hüquqi şəxslərə cərimələr tətbiq olunur. Fransada bir əqd üzrə nağd aparılmış əməliyyat həcmi 1300 ABŞ dolları həcmini aşdıqda, artıq məbləğin 5 faizi həcmində cərimə tətbiq edilir. Müvafiq olaraq, bu göstəricilər Rusiyada 3400 ABŞ dollarını aşdıqda 50 faiz, Bolqarıstanda 3300 ABŞ dollarını aşdıqda fiziki şəxslərə 25 faiz, hüquqi şəxslərə 50 faiz həcmində müəyyən olunur.
Muxtar respublikada nağdsız aparılan əməliyyatlara görə müxtəlif güzəştlər tətbiq edilir, bonuslar və mükafatlar verilir. “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Naxçıvan şəhərində fəaliyyət göstərən bir sıra böyük xidmət və ticarət müəssisələrində aparılan nağdsız əməliyyatlara görə 5 faiz həcmində güzəştlər edilir. Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi tərəfindən də həvəsləndirici tədbirlər həyata keçirilir. Cari ilin iyul ayında daha çox nağdsız əməliyyat aparmaqda fərqlənmiş 76 nəfər qiymətli hədiyyələrlə mükafatlandırılmışdır. Belə tədbirlər davam etdiriləcəkdir.
Nağdsız ödəniş sistemi maliyyə vəsaitlərinin dövriyyəsinin sürətlənməsi, nağd pul kütləsinin ixtisarı, ödəniş məbləğinin dəqiq aparılması kimi iqtisadi, vaxt itkisinin aradan qaldırılması kimi sosial əhəmiyyətli üstünlüklərə malikdir. Çünki, əsasən, bankların və digər maliyyə təşkilatlarının yaratdığı sistem vasitəsilə həyata keçirilən nağdsız ödəniş əməliyyatlarında bütün hüquqi və fiziki şəxslər sərbəst şəkildə iştirak etmək imkanlarına malik olurlar. Eyni zamanda bu sistem maliyyə intizamına nəzarət etməyə, maliyyə əməliyyatlarında şəffaflığın qorunmasına, vətəndaşların rahatlığının təmin olunmasına, müştərilərin və bank əməliyyatlarının təhlükəsizliyinə şərait yaradır.
Nağdsız hesablaşmalar nağd ödənişlə müqayisədə bir çox üstünlüklərə malikdir. Belə ki, bu sistem nağd ödənişlərdə olduğu kimi, pulların təkrar hesablanmasını tələb etmir, vergidənyayınma hallarının qarşısını alır, əhaliyə dövlət təşkilatları tərəfindən göstərilən kommunal və sair xidmət haqlarının rahat şəkildə, yəni heç kimə müraciət etmədən ödənilməsini, canlı ünsiyyətin azalması nəticəsində qanundankənar halların aradan qaldırılmasını təmin edir. Həmçinin nağdsız ödəniş sistemindən istifadə etməklə əlavə pulun çap olunmasına, nağd pulun daşınmasına, saxlanılmasına, yoxlanılmasına sərf edilən əlavə xərclərə qənaət edilir.
Hazırda nağdsız ödənişlərin muxtar respublikamızın maliyyə sektorundakı payı artan templə davam etməkdədir. Bu mənada nağdsız ödənişlərin iqtisadiyyatdakı çəkisini artırmaq üçün 2013-2015-ci illəri əhatə edən “Naxçıvan Muxtar Respublikasında elektron ödəniş məkanının formalaşdırılması və nağdsız hesablaşmaların həcminin artırılması üzrə Tədbirlər Planı” təsdiq edilmişdir. Tədbirlər Planına uyğun olaraq, maliyyə sektorunun aparıcı subyektləri olan banklar və digər maliyyə təsərrüfatları tərəfindən nağdsız ödəniş sisteminin tətbiqinin texniki tərəflərinin həll edilməsi, infrastrukturun inkişafı və təkmilləşdirilməsi, ictimaiyyətin maarifləndirilməsi və maraqlandırılması, geniş təbliğat-təşviqat işlərinin aparılması istiqamətindəki fəaliyyət uğurla həyata keçirilir. Məhz bunun nəticəsidir ki, tədbirlər planının qəbulundan əvvəlki dövrlə müqayisədə böyük irəliləyişlər əldə edilmiş, istər infrastruktur, istərsə də əhalinin maarifləndirilməsində böyük uğurlara nail olunmuşdur. Belə ki, muxtar respublikada fəaliyyət göstərən banklar tərəfindən indiyədək təkcə Naxçıvan şəhərində 424, rayonlarda və kənd mərkəzlərində 268 olmaqla, ticarət və xidmət müəssisələrində, restoranlarda, otellərdə və digər iaşə obyektlərində 692 ədəd POS-terminal quraşdırılmışdır. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfədən çox artım deməkdir.
Hazırda muxtar respublikada ödəniş kartlarının sayı 198 min 899 ədədə çatdırılmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,1 faiz – 21 min 459 ədəd artım deməkdir. Quraşdırılmış bankomatların sayı isə 7 ədəd artırılaraq 92 ədəd təşkil etmişdir. Nağdsız ödənişlərin genişləndirilməsi məqsədilə muxtar respublikada vətəndaşlara ödəniş kartları vasitəsilə vergi və rüsumları, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu və yerli şöbələrinə sosial sığorta haqlarını nağdsız şəkildə, istər müvafiq idarələrdə quraşdırılmış POS-terminal, istərsə də internet portalları vasitəsilə ödəmə imkanları təqdim edilir. Eyni zamanda mobil və stasionar rabitə üzrə xərclər, qaz, enerji kimi kommunal xərclər internet üzərindən elektron şəkildə ödənilə bilər. Bunlara uyğun olaraq, banklar tərəfindən müştərilərə təqdim edilən çeşidli nağdsız ödəniş vasitələri də bu sistemin genişlənməsi istiqamətində öz rolunu oynayır.
Nağdsız ödəniş alətləri infrastrukturunun genişləndirilməsi, əhalinin bu istiqamətdə maarifləndirilməsi və həyata keçirilən digər tədbirlər nağdsız ödənişlərin həcminin artması ilə nəticələnmişdir. Belə ki, təkcə bu ilin avqust ayı ərzində banklar tərəfindən muxtar respublikada quraşdırılmış POS-terminallar, internet və digər ödəniş sistemləri vasitəsilə aparılan nağdsız əməliyyatların həcmi, ümumilikdə, 1 milyon 325 min 217 manat təşkil etmişdir.
Muxtar respublikada elektron hökumətin inkişaf etdirilməsi, müvafiq infrastrukturun yaradılması nağdsız ödəniş sisteminin inkişafına xidmət edən amillərdir.
Bütün bu tədbirlərin həyata keçirilməsi nağd pul dövriyyəsinin məhdudlaşdırılmasında, təsərrüfat subyektlərində maliyyə intizamının gücləndirilməsində, yüksək ödəniş mədəniyyətinin formalaşdırılmasında mühüm rol oynayacaqdır.
Tural ŞİRƏLİZADƏ
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin mütəxəssisi