Şərur rayonunun Diyadin kəndi bu gün əsl tikinti meydançasını xatırladır. Belə ki, muxtar respublikanın son illərdə nail olduğu sosial-iqtisadi inkişafın bəhrələrindən bu yaşayış məntəqəsinə də pay düşüb. Hazırda Diyadində kompleks quruculuq tədbirləri həyata keçirilir.
Bunlardan biri Diyadin məktəblilərinin təhsilinin yüksək səviyyədə qurulması məqsədilə kənddə inşa olunan yeni məktəb binasıdır. 88 şagird yerlik bina 3 mərtəbədən ibarətdir. Binanın birinci mərtəbəsində kimya, fizika laboratoriyaları, hərbi kabinə, idman zalı yerləşəcək. İkinci mərtəbədə kitabxana, psixoloq otağı, 5 sinif otağı olacaq. Üçüncü mərtəbədə 7 sinif otağı, elektron lövhəli sinif, müəllimlər, kompüter və şahmat otaqları müəllim və şagirdlərin istifadəsinə veriləcək. Artıq binada son tamamlama işləri görülür, məktəbə yeni avadanlıqlar gətirilir.
Şərurda mahiyyət və məzmunca yeni olan kənd mərkəzlərinin də sayı getdikcə artmaqdadır. “Muxtariyyət ili”ndə Diyadində də kənd mərkəzi üçün yeni binanın inşasına başlanması bu quruculuq tədbirlərinin davamlı olmasının göstəricisidir. İki mərtəbədən ibarət binada inzibati ərazi dairəsi üzrə nümayəndəlik, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, klub, kitabxana, iclas zalı, feldşer-mama məntəqəsi, rabitə evi, ATS, polis məntəqəsi üçün otaqlar nəzərdə tutulub.
Digər bir binadan isə diyadinlilər xidmət mərkəzi kimi istifadə edəcəklər. Burada sənaye və ərzaq malları mağazaları, ət satışı dükanı, bərbərxana və qadın gözəllik salonu fəaliyyət göstərəcək.
Diyadinlilərə böyük dövlət qayğısının təzahürü olan bu obyektlərdə inşaat işləri sürətlə davam etdirilir. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Şərur Rayon İdarəsinin inşaatçıları yerli inşaat materiallarından istifadəyə üstünlük verirlər. Qeyd edək ki, yeni obyektlərdə son tamamlama işləri görülür, onların yerləşdikləri ərazilərdə abadlıq işləri aparılır, gülkarlıqlar və yaşıllıq zolaqları salınır.
Cəfər ƏLİYEV