Muxtar respublikamızda mövcud su ehtiyatlarından səmərəli istifadə edilməsinə, su təminatının yüksəldilməsinə böyük əhəmiyyət verilir. Suya olan tələbatı ödəmədən xalq təsərrüfatı sahələrinin inkişafını və istehsalın iqtisadi səmərəliliyini təmin etmək mümkün deyildir. Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin kollektivinə bu vəzifələri yerinə yetirmək üçün hərtərəfli şərait yaradılıb. Bu şəraitdən səmərəli istifadə etməyə səy göstərən su təsərrüfatı işçiləri 2014-cü ilin ilk 8 ayını uğurlu göstəricilərlə başa vurublar.
Komitədən aldığımız məlumata görə, bəhs olunan dövrdə muxtar respublikanın torpaq mülkiyyətçilərinin suvarma suyuna olan tələbatının ödənilməsi diqqətdə saxlanılıb. Onlara 148,2 milyon kubmetr suvarma suyu verilib, bunun müqabilində təkrar suvarma da nəzərə alınmaqla, 121745 hektar əkin sahəsi suvarılıb. Hazırda su anbarlarında 76 milyon kubmetr su ehtiyatı vardır.
Bu dövrdə ikinci suvarma mənbəyi olan 86 nasos stansiyasında və 381 subartezian quyusunda əsaslı təmir işləri aparılıb. Təmir zamanı 52 subartezian quyusuna yeni nasos qoyulub, 3 qəzalı subartezian quyusu bərpa olunub, 8 yeni subartezian quyusu, 3 nasos stansiyası balansa götürülüb.
Təmir-bərpa işləri suvarma və içməli su mənbəyi kimi istifadə olunan kəhrizlərdə də aparılıb. Belə ki, təmirinə başlanılan 12 kəhrizdən 6-da işlər tamamlanaraq istifadəyə verilib. Altı kəhrizdə təmir-bərpa işləri davam etdirilir.
Komitədən onu da bildiriblər ki, Azərbaycan Respublikası ilə İslam İnkişaf Bankının birgə maliyyələşdirdiyi “Naxçıvan Muxtar Respublikasında suvarıla bilən ərazilərin modernləşdirilməsi və genişləndirilməsi layihəsi”nə əsasən, 2014-cü ilin ilk 8 ayı ərzində bir sıra tədbirlər həyata keçirilib. Belə ki, həmin layihəyə daxil olan Araz çayı boyunca sahilbərkitmə, Kəngərli rayonunda irriqasiyanın təkmilləşdirilməsi, Vayxır sol sahil irriqasiya sistemlərinin müasirləşdirilməsi layihələrində nəzərdə tutulan işlər davam etdirilib, 6600 metr sahilbərkitmə bəndinin tikintisi, Kəngərli rayonunda 21800 metr qoşa boru xəttinin, 8520 metr təzyiqli boru xəttinin çəkilişi, diametri 500 millimetr olan boru ilə 1200 metr paylayıcı boru xəttinin çəkilişi aparılıb. Vayxır sol sahil irriqasiya sistemlərinin müasirləşdirilməsi layihəsi üzrə müxtəlif diametrli borularla 2322 metr suvarma xəttinin, 3236 metr drenaj xəttinin çəkilişi aparılıb. Bu tədbirlər davam etdirilir.
Xəbərlər şöbəsi