22 Dekabr 2024, Bazar

Şərur rayonunun sosial-iqtisadi həyatında, insanların rifah halının yaxşılaşdırılmasında müstəsna əhəmiyyətə malik obyektlərdən biri ümummilli liderimiz Heydər Əliyevin əvəzsiz yadigarlarından olan Arpaçay dəryaçasıdır. Su anbarının təməli ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə sovetlər dönəmində qoyulub.

Qısa müddətdə Gümüşlü kəndinə maşın-mexanizmlər gətirildi, burada nəqliyyat vasitələri, vaqon-evlər görünməyə başladı. Aylar bir-birini əvəz etdikcə bənd ucaldı, işlər artdıqca işçilər də çoxaldı. Obyektdə görülən işlərin gedişi və problemlərlə yerindəcə tanış olmaq məqsədilə iki dəfə bura gələn ulu öndərimizin təşəbbüsü ilə təzə qəsəbə salındı. Dəryaçanın tikintisində çalışan fəhlə və mütəxəssislər yeni yaşayış massivində məskunlaşdılar. Müasir texnika, zəhmətsevər əllər, insan nəfəsi Şərurun simasını tədricən dəyişdi. O zaman çoxlarına xəyal kimi görünən nəhəng Arpaçay dəryaçasının tikintisi o vaxtkı müttəfiq respublika rəhbərlərinin sırasında öz işgüzarlığı və siyasi uzaqgörənliyi ilə seçilən Heydər Əliyevin dəstəyi ilə reallaşmağa başladı. Nəhayət, 1977-ci ildə 150 milyon kubmetr tutumu olan Arpaçay Su Anbarı istifadəyə verildi.

Təbii ki, ulu öndərin bu əvəzsiz yadigarı Şərur, indiki Kəngərli və Sədərək rayonlarında kənd təsərrüfatını dirçəltdi, yeni-yeni tarlaların, bağların, plantasiyaların yaranmasına səbəb oldu. Hər il 20 min hektara yaxın əkin sahəsi, bağ-bağat suvarılır. Məhsul bolluğu yaranır, evlərə ruzi-bərəkət gəlir.
Müasir dövrümüzü elektrik enerjisi olmadan təsəvvür etmək çox çətindir. Yəqin bu narahatlığı hamı yaşayır – işıqlar söndümü, sanki həyat donur, harada olur-olsun, adam özünə yer tapmır, əllər telefonda, gözlər lampada qalır. Belə xoşagəlməz vəziyyət çox nadir hallarda olsa da, buna günümüzdə də bəzən rast gəlinir. Dünənimizdə isə vəziyyət tam başqa idi. Əgər indi muxtar respublikanın ərazisində elektrik enerjisinin texniki səbəblərdən qısa müddətdə kəsilməsi əhalidə müəyyən təəccüb doğurursa, çox da uzaq olmayan 15-20 il əvvəl elektrik enerjisinin gün ərzində 2-3 saat verilməsi insanlara sevinc hissi yaşadırdı.
Əgər hazırda Azərbaycan, o cümlədən muxtar respublikamız qonşu ölkələrə elektrik enerjisi ixrac edirsə, müqayisə etdiyimiz dövrdə respublikamız, həmçinin də muxtar respublikamız bu enerji növünün idxalından asılı idi. Bu cür təzadların sayını artırmaq olar, lakin zənnimizcə, bunlar da kifayətdir ki, qısa müddət ərzində Azərbaycanın, eləcə də Naxçıvanın “qaranlıq dünya”dan işıqlı məmləkətə çevrildiyini söyləyə bilək.
Amma bir cümlə ilə ifadə etdiyimiz bu “çevrilmə”nin arxasında görülən məqsədyönlü işlər, qlobal layihələr durur. O işlər, layihələr ki, hər birimiz hazırda onların işıqlı nəticələrinə şahidlik edirik.
Göründüyü kimi, ulu öndərin quruculuq ənənələri uğurla davam etdirilir. Respublikamızda sabitliyin və tərəqqinin qarantı olan Prezident İlham Əliyev energetika sisteminin inkişafına da müntəzəm diqqət və qayğı göstərir. Son illərdə ölkəmizin elektroenergetika sektoru üzrə enerji təchizatının dayanıqlılığı, səmərəliliyi və təhlükəsizliyi prinsiplərini nəzərə alan mühüm dövlət pro­qramları qəbul olunmuşdur. Pro­qramlara əsasən, muxtar respublikamızda da olduqca əhəmiyyətli işlər görülmüşdür. 20,5 meqavat gücündə “Arpaçay-1” və 1,4 meqavat gücündə “Arpaçay-2” Su Elektrik stansiyalarının işə salınması bu qəbildən olan tədbirlərin ardıcıl xarakter aldığını nümayiş etdirmişdir.
Dövlət başçısı 2014-cü il martın 14-də “Naxçıvan Muxtar Respublikasında “Arpaçay-2” Su Elektrik Stansiyasının tikintisinin maliyyələşdirilməsi haqqında” Sərəncam imzalamışdır. Sərəncama əsasən, “Arpaçay-2” Su Elektrik Stansiyasının tikintisini başa çatdırmaq məqsədilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 4 milyon manat ayrılmışdır.
1,4 meqavat gücündə olan “Arpaçay-2” Su Elektrik Stansiyası anbarının ümumi su tutumu 3 milyon kubmetrdir. Əsasən paylayıcı funksiyanı yerinə yetirən stansiyada son vaxtlar görülən işlər əhalinin elektrik enerjisi ilə fasiləsiz təmin olunmasına və daha geniş ərazidə əkin sahələrinin suvarılmasına əlverişli imkanlar yaratmışdır.
Gücü 20,5 meqavat olan “Arpaçay-1” Su Elektrik Stansiyası isə suqəbuledici qurğu, stansiya binası, tunel və transformator yarımstansiyasından ibarətdir. Suqəbuledici saniyədə 37 kubmetr su buraxmaq gücünə malikdir. Tuneldən suyu turbinlərə ötürmək üçün yüksəktəzyiqli boru xətti çəkilmiş, havaboşaldıcı inşa edilmişdir.
Stansiya binasında müasir iş otaqları və idarəetmə mərkəzi yaradılmışdır. Burada stansiyanı idarəetmə və nəzarət-mühafizə sistemləri quraşdırılmışdır. Bu da stansiyanın iş rejimini daim nəzarətdə saxlamağa imkan verir. Stansiya binasında 8 meqavat gücündə iki, 4,5 meqavat gücündə bir turbin quraşdırılmışdır. Bu energetika qurğusunda bütün emal prosesi avtomatlaşdırılmışdır. İstehsal olunmuş elektrik enerjisini şəbəkəyə ötürmək üçün ərazidə transformator yarım­stansiyası qurulmuş, 11 kilometr uzunluğunda 110 kilovoltluq elektrik xətləri çəkilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu il aprelin 7-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyalarının işə salınması mərasimində iştirak etmişdir. Sonra dövlət başçısı Naxçıvan Muxtar Respublikası ictimaiyyətinin nümayəndələri ilə görüşündə çıxışı zamanı demişdir: “Bu gün Naxçıvanda əlamətdar bir gündür. Biz “Arpaçay-1 və 2” su elektrik stansiyalarının açılışını qeyd edirik. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Bu hadisə bir daha onu göstərir ki, bu gün Naxçıvan inamla, uğurla inkişaf edir. Naxçıvanda böyük infra­struktur layihələri icra edilir. Respublika çox dinamik inkişaf dövrünü yaşayır”.
Arpaçay Su Elektrik Stansiyasının direktoru Əli Əsədov deyir ki, dövlət başçısı cənab İlham Əliyevin qayğısı ilə Naxçıvanda, demək olar, hər il bir elektrik stansiyası tikilir. Bu, müstəqil dövlətimizin sürətli tərəqqisindən xəbər verir.
Dövlət başçısı deyib ki, enerji sektoru gələcək onilliklər ərzində Azərbaycan iqtisadiyyatının əsas hissəsini təşkil edəcəkdir. Biz indi nəinki özümüzü elektrik enerjisi ilə tam şəkildə təmin edirik və hətta elektrik enerjisinin ixracı ilə də məşğul oluruq.
Sovetlər Birliyi dövründə belə bir yanlış fikir yaranmışdı ki, guya bizim mütəxəssislər bu cür mürəkkəb sahələrdə çalışmağa qadir deyillər. Stansiyada adi bir nasazlıq olanda digər respublikaların mütəxəssislərinə müraciət edir, onlara külli miqdarda vəsait ödəyirdik. Lakin indi fərəhlə deyə bilərik ki, nəinki xırda qüsurlar aradan qaldırılır, hətta hidroturbinlərin əsaslı təmiri də öz mütəxəssislərimiz tərəfindən aparılır.
Direktor onu da xüsusi vurğuladı ki, son illər muxtar respublikanın elektrik enerjisinə olan tələbatının daxili imkanlar hesabına ödənilməsi üçün çox iş görülmüşdür. Əgər 1996-cı ilə kimi muxtar respublikada elektrik enerjisi istehsal edən bir stansiya mövcud idisə, aparılan məqsədyönlü tədbirlər nəticəsində onların sayı 7-yə çatdırılmışdır. Belə ki, ümumi gücü 21,9 meqavat olan “Arpaçay-1 və 2” su elektrik stansiyalarından başqa, ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası, ümumi gücü 22 meqavat olan Biləv Su Elektrik Stansiyası, Heydər Əliyev Su Anbarı üzərində 4,5 meqavat gücündə Su Elektrik Stansiyası, ümumi gücü 60 meqavat olan Naxçıvan Qaz-Turbin Elektrik Stansiyası istifadəyə verilmişdir. Hazırda isə Ordubad rayonunun Dəstə kəndi yaxınlığında Araz çayı üzərində ümumi gücü 36 meqavat olan su elektrik stansiyasının inşası davam etdirilir.
Yeri gəlmişkən onu da bildirim ki, stansiyamızda sentyabrın 1-dək 32 milyon 744 min kilovat-saat elektrik enerjisi istehsal olunmuşdur.
Şərurlular dağlar qoynunda qərar tutan möhtəşəm dəryaçanı və Arpaçay Su Elektrik Stansiyasını bolluq-bərəkət təknəsi, iqtisadi dirçəliş, işıq və nur mənbəyi, bir sözlə, yeni həyat simvolu kimi dəyərləndirirlər.

Cəfər Əliyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR