“Azərbaycan Respublikasında avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair (2006-2015-ci illər) Dövlət Proqramı”na uyğun olaraq, bu gün muxtar respublikada yol-nəqliyyat kompleksinin yeniləşməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Görülən işlərdən Babək rayonuna da xeyli pay düşüb. Belə ki, rayon mərkəzi olan Babək qəsəbəsində aparılan quruculuq işlərinin bir qismini də qəsəbədaxili yolların yenidən qurulması təşkil edir.
Burada həyata keçirilən quruculuq tədbirləri yolların daha da abadlaşmasını zəruri edib. Hazırda Naxçıvan-Culfa magistral yolundan Babək qəsəbəsi istiqamətində uzanan avtomobil yolu yenidən qurulur. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Babək Rayon İdarəsinin inşaatçıları tərəfindən qəsəbəyə daxil olan və Heydər Əliyev prospekti ilə birləşən avtomobil yolunun genişləndirilməsi davam etdirilir. Həmin ərazidə 20 metrədək genişləndirilən yolun hər iki tərəfində piyadaların gediş-gəlişini təmin etmək üçün eni iki metr olan piyada səkiləri salınır, vətəndaşlara məxsus həyət evlərinin yol kənarı boyu divarları yenidən tikilir, darvaza qapıları yenilənir, tikilən mühafizə divarlarında suvaq və üzləmə işləri aparılır. Eyni zamanda rayonun Qoşadizə kəndi ərazisindən keçən hissəsində yol yatağı genişləndirilir, torpaqbərkitmə işləri aparılır.
Qeyd edək ki, 2014-cü il avqustun 27-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikasının Babək rayonunda Şəkərabad-Babək qəsəbə -Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, rayonda 31 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ilkin olaraq beş milyon manat ayrılması nəzərdə tutulub. Adıçəkilən yaşayış məntəqələrini birləşdirən dairəvi avtomobil yolunun müasir standartlara uyğun şəkildə yenidən qurulması Babək rayonunun yol infrastrukturunun inkişaf etdirilməsində mühüm rol oynayacaq.
Xəbərlər şöbəsi