Muxtar respublika əhalisinin taxıl məhsullarına olan tələbatını ödəmək üçün həyata keçirilən məqsədyönlü tədbirlər bir neçə ildir ki, bəhrələrini verməkdədir. Taxıl istehsalçılarının müxtəlif yardımlarla, keyfiyyətli toxum sortları ilə təchiz olunmaları, onların güzəştli kreditlərdən səmərəli istifadəsinə şərait yaradılması taxılçılığın inkişafına stimul olan başlıca səbəblərdir. Ötən ilin payızında və cari ilin yazında torpaq mülkiyyətçiləri tərəfindən 2014-cü ilin məhsulu üçün 29697,7 hektarı payızlıq, 6052 hektarı isə yazlıq olmaqla, 35749,7 hektar sahədə taxıl əkilmişdi. Taxıl zəmilərinin 26274,1 hektarında buğda, 9475,6 hektarında isə arpa əkilib. Sahələrdə bol məhsul yetişdirilib. Əvvəlcədən həyata keçirilən tədbirlər taxıl tədarükünü optimal müddətdə başa çatdırmağa və məhsulu itkisiz toplamağa imkan verib, ümumilikdə, muxtar respublikada 103 min 70 ton məhsul tədarük edilib. Bunun 77 min 288 tonu buğda, 25 min 782 tonu arpadır. Məhsuldarlıq 28,8 sentnerdir.
Bundan ruhlanan taxılçılar 2015-ci ilin məhsulu üçün hazırlıq tədbirlərinə başlayıblar. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyindən aldığımız məlumata görə, keyfiyyətli şum aparılması məqsədilə sahələrə çıxarılacaq texnikalar təmir olunub. Sentyabrın 8-dək 2545 hektar sahədə şum aparılıb. Şum qaldırılmasında ilk yerdə Kəngərli rayonudur. Bu bölgədə 723 hektar sahə əkinə hazır vəziyyətə gətirilib. Babəkli torpaq mülkiyyətçiləri 565 hektar sahədə şum qaldırılmasına nail olublar. Şərurlular 524 hektarda şum qaldırıblar. Culfa rayonunda bu rəqəm 359 hektar təşkil edir. Dağlıq zonada yerləşən Şahbuz rayonunda 131, sərhəd bölgəsi Sədərəkdə 103, Naxçıvan şəhərində və Ordubad rayonunda 70 hektar sahə şumlanıb.
Şum qaldırılması davam etdirilir.
Xəbərlər şöbəsi