Azərbaycan tarixən əkinçilik mədəniyyətinə sahib olmuş, taxılçılığın, üzümçülüyün, meyvəçiliyin, tərəvəzçiliyin və heyvandarlığın əsas mərkəzlərindən biri hesab edilmişdir. Ölkəmizdə mövcud olan əlverişli torpaq, iqlim, hava və su ehtiyatları burada kənd təsərrüfatını müxtəlif istiqamətlərdə inkişaf etdirməyə imkan verir. Qədim İpək Yolu üzərində yerləşən Azərbaycanda yetişdirilən məhsullar ixrac olunaraq süfrələri bəzəmiş, ona şöhrət qazandırmışdır. Yaxın keçmişdə torpağımızın bar-bərəkəti təkcə azərbaycanlıların deyil, eyni zamanda digər ölkələrin, min kilometrlərlə uzaqdakı insanların da ehtiyaclarını ödəmiş, dar gündə gərəyi olmuşdur.
Hazırda kənd təsərrüfatının dayanıqlı inkişafı müasir Azərbaycan Respublikası iqtisadiyyatı üçün ən mühüm məqsədlərdən biri kimi qarşıya qoyulmuşdur. Bu isə, öz növbəsində, qısa zaman ərzində neftdən asılılığı aradan qaldırmaq və iqtisadi inkisafın regionlara daha çox yayılmasını təmin etmək deməkdir. İndi ölkə iqtisadiyyatında kənd təsərrüfatı informasiya-kommunikasiya texnologiyaları və turizm ilə bərabər, neft sektorundan sonra ən iri sahələrdən biri hesab olunur. Kənd təsərrüfatının çoxşaxəliliyinin təmin olunması, bitkiçilik və heyvandarlıq məhsullarının istehsalı ilə bərabər, onların emal edilməsi, son istehlakçıya çatdırılması kimi məsələlər müasir aqrar sektorun inkişafının əsas istiqamətlərindən biridir. Sərbəst bazar prinsiplərinə keçidlə əlaqədar islahatların aparılması, onların genişləndirilməsi, yeni təsərrüfat formaları yaradılması da bu baxımdan günün vacib məsələlərindəndir.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası tarixən aqrar-sənaye diyarı kimi tanınmışdır. Burada əkinçilik və heyvandarlıq əhalinin əsas məşğuliyyəti olmuş, region özünün yüksəkkeyfiyyətli ərzaq məhsulları ilə seçilmişdir. Dövrün tələblərinə uyğun olaraq, Naxçıvanda əsasən, buğda, arpa, çəltik kimi dənli bitkilər əkilib-becərilmiş, bostançılıq, üzümçülük sahələri inkişaf etmiş, bağçılıqda yüksək nailiyyətlər əldə edilmiş, arıçılıq, təbii bal istehsalına xüsusi önəm verilmiş, sonrakı dövrlərdə isə pambıqçılıq, ipəkçilik sahələrində də yüksəlişə nail olunmuşdur. Tarixi mənbələrin məlumatlarına görə, Naxçıvan mahalının əhalisi bütün bu qeyd olunan sahələrin məhsulları ilə nəinki öz daxili tələbatını ödəyirdi, hətta bəzi məhsullar üzrə ixrac potensialına da malik idi. Naxçıvanlılar meyvəçilik və tərəvəz bostançılığının inkişaf etdirilməsi ilə ev təsərrüfatlarında müxtəlif çeşiddə mürəbbələr, meyvə şirələri, turşular kimi ərzaq məhsullarının istehsalını həyata keçirmişlər.
Torpağa qayğı ona yüksək aqrar mədəniyyət və emal sənayesi standartlarındakı münasibətdən başlanır. Sahə üzrə mütəxəssislər də təsdiq edərlər ki, istifadəsiz qalmış ərazi şoranlaşa, eroziyaya uğraya, öz təbii formasını itirə bilər. Ona görə də torpağı müdafiə etdiyimiz kimi, ondan maksimum səmərə ilə istifadə olunmalı, ekoloji təmizlik və rasionallıq prinsiplərinə əməl edilməlidir.
Aqrar bazarda özünəməxsus problemlər vardır. İlk növbədə, kənd təsərrüfatı iqlim şərtlərindən asılı olub, mövsümiliyə yüksək dərəcədə həssasdır. Bununla yanaşı, ərzaq təminatı əhalinin bütün təbəqələrini maraqlandırdığı üçün bu problem ilin bütün dövrləri ərzində sabit qiymətlər və lazımi ərzaq təklifi həcmində tənzimlənməlidir. İkinci problem isə ərzaq məhsullarının saxlanılması, onların daimi olaraq keyfiyyətli şəkildə istehlakçılara çatdırılması məsələsidir. Burada əsas məqam bu sahədə daxili bazarın qorunması, əhalinin ərzaq məhsulları ilə təminatında idxaldan asılılığın azaldılması və kənd təsərrüfatı məhsulları istehsalçılarının da iqtisadi maraqlarının ödənilməsi istiqamətində çoxlu sayda genişprofilli emal sənayesi müəssisələrinin yaradılmasıdır ki, Naxçıvanda belə müəssisələrin sayı getdikcə artmaqdadır.
Kənd təsərrüfatı məhsulları əsasında emal sənayesinin inkişaf etdirilməsi təkcə bazara rəqabətqabiliyyətli məhsul çıxarmaq üçün çeşidləmə, qablaşdırma, saxlama və reklam işlərinin həyata keçirilməsi demək deyildir. Emal sənayesi həm də istehsalçıya yönəlmiş bir investisiya sifarişi rolu oynayır. Bu, xüsusən aqrar sahədəki kiçik sahibkarları maraqlandıran bir məsələdir. Emal sənayesi aqrar bazarın elə bir ünsürüdür ki, o, öz inkişafı ilə dövlətin ərzaq təhlükəsizliyi siyasətinə xidmət etməklə bərabər, istehsalçı ilə istehlakçı arasında həm bazar, həm də keyfiyyət zəmanəti körpüsü rolu oynamaqdadır.
Son illər kənd təsərrüfatı məhsullarının emalı sahəsində böyük işlər həyata keçirilmiş, onlarla yeni kiçik və iri müəssisələr tikilərək, yaxud bərpa olunaraq fəaliyyətə başlamışdır. Bu illər ərzində muxtar respublikamızda çoxlu sayda taxıl, süd məhsulları emalı, tünd və alkoqolsuz içkilər, kolbasa, qənd istehsalı, şəkərli və unlu-qənnadı, geniş çeşiddə çörək-bulka məmulatları, makaron, halva, vafli, konservləşdirilmiş balıq, təbii meyvə şirələri, meyvə qurusu, kənd təsərrüfatı məhsullarının qovrulması və paketlənməsi, meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi, geniş çeşiddə xörək duzu istehsalı və təbii balın qablaşdırılması müəssisələri tikilib istifadəyə verilmişdir. Son illərin rəqəmlərinə nəzər salsaq, görərik ki, artıq regionda yerli xammala əsaslanmaqla 116 növdə ərzaq məhsulları istehsal olunur. 107 növdə ərzaq məhsullarına olan tələbat isə tamamilə yerli istehsal hesabına ödənilir.
Regionda kənd təsərrüfatı məhsulları emalı sənayesinin inkişafı etibarlı ərzaq təminatının yaradılması, daxili bazarın qorunması kimi iqtisadi prioritetlərdən əlavə, çox dərin sosialməzmunlu məsələləri də əhatə edir. Bir zamanlar bazarlarımızda və mağazalarda tüğyan edən, gen mənbəyi bilinməyən, yetişdiyi torpağın havası, suyu bizim üçün yad olan idxal ərzaq məhsulları ilə indi ölkəmizin paytaxtında və digər yaxın xarici ölkələrdə hamının yaxşı tanıdığı Naxçıvanın yerli məhsullarının müqayisəsi bu fikirlərimizi daha dəqiq açıqlayır. Ona görə də inkişaf edən emal sənayesini, sadəcə, bu növ sahibkarların fəaliyyət sferası kimi deyil, eyni zamanda regionun torpaq sahibkarlarının əməyinin tamamlayıcısı, minbir zəhmətlə başa gələn kənd təsərrüfatı məhsullarının son etiketi kimi də qiymətləndirmək mümkündür. Bu qiyməti korlamamaq, onu daha da məşhur və hamının hörmət etdiyi “Naxçıvan məhsuludur” kimi tanıtmaq isə bu günün vacib məsələsidir.
Əli CABBAROV