“Mineral suların təbii muzeyi” adlandırılan Naxçıvan Muxtar Respublikasında 200-dən çox mineral su mənbəyi mövcuddur. Onlardan biri də Şahbuz rayonunun Badamlı qəsəbəsi ərazisində çağlayan eyniadlı mineral sudur ki, bu təbiət möcüzəsi bir çox xüsusiyyətləri ilə qiymətlidir. İlk növbədə, əvəzsiz süfrə suyu olan “Badamlı” həm də müalicəvi əhəmiyyətə malikdir. Belə ki, ateroskleroz, ürək, xərçəng, diabet, mədə yarası, bronxial-astma, pnevmoniya, brusellyoz xəstəlikləri, eyni zamanda immunitetin zəifləməsi, infeksiyalara yoluxma, müxtəlif orqanların, o cümlədən dərinin iltihabı zamanı müalicə məqsədilə istifadə edilir.
Naxçıvan şəhərində 2,1 hektar ərazini əhatə edən və ümumi sahəsi 9590, istehsal sahəsi isə 3600 kvadratmetr olan yeni istehsal müəssisəsi ölkə başçısı cənab İlham Əliyevin 2009-cu ilin 3-4 avqust tarixlərində muxtar respublikaya səfəri zamanı istifadəyə verilmişdir. Burada ikimərtəbəli inzibati bina tikilmiş, yeməkxana, istehsal və digər yardımçı sexlər, anbar, karbon qazı və kompressor stansiyası yaradılmışdır. Müasir texnoloji avadanlıqlarla təchiz olunmuş zavod daxili bazarın tələbatına uyğun keyfiyyətli məhsul istehsal edərək rəqabətqabiliyyətli müəssisəyə çevrilmişdir.
Mineral suyun butulkalara doldurulması üçün istehsal sahəsində Fransanın “SİDEL” şirkətinin istehsalı olan avadanlıqlar quraşdırılmışdır. Müəssisənin sexlərində müxtəlifhəcmli plastik və şüşə butulkalarda olmaqla, 12 çeşiddə mineral su istehsal olunur.
Zavodda məhsulun keyfiyyətinə ciddi nəzarət olunur. Burada Almaniya istehsalı olan müasir avadanlıqlarla təmin edilmiş xüsusi laboratoriya qurulmuşdur. Laboratoriyada suyun minerallıq dərəcəsi, qələviliyi, ümumi analizləri yoxlanılır, keyfiyyətə zəmanət verilir. Bunun nəticəsidir ki, “Badamlı” mineral suyu keçirilən beynəlxalq sərgilərdə yüksək qiymətləndirilir. Zavodda tələbata uyğun olaraq 0,5, 1, 1,5 litrlik plastmas, 0,3, 0,6 litrlik şüşə butulkalarda qazlı və qazsız, 5 və 19 litrlik plastmas taralarda qazsız olmaqla, ümumilikdə, cari ilin ilk 7 ayında 2 milyon 258 min ədəd su istehsal edilmiş, 656 min ədədi muxtar respublika ərazisində, 1 milyon 535 min ədədi Bakı şəhərində və ölkəmizin müxtəlif bölgələrində satışa çıxarılmışdır. “Badamlı” mineral süfrə suyunun muxtar respublika ərazisində satışı “Gəmiqaya Bərəkət Bazarlama” Məhdud Məsuliyyətli Cəmiyyəti, Bakı şəhərində və ölkəmizin digər regionlarında isə “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının Bakı Satış Mərkəzi vasitəsilə həyata keçirilir. İstehsal olunan məhsulun ticarət obyektlərinə vaxtında çatdırılması da diqqət mərkəzində saxlanılmış, müəssisəyə Almaniya istehsalı olan “Mercedes-Benz Axor” markalı yük avtomobilləri alınmışdır. Həmçinin Avropa ölkələrində və digər xarici ölkələrdə bu əvəzsiz təbii sərvətimizin satışını təmin etmək üçün möhkəm baza yaradılmışdır.
“Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyətində bütün istehsal prosesi İSO keyfiyyətli idarəetmə sistemi və qida təhlükəsizliyinin tələblərinə tam uyğun şəkildə təşkil edildiyi üçün müəssisə İSO-22000-2005 və İSO-9001-2008 sertifikatına uyğunluğu təsdiq olunaraq sertifikatlaşdırılmışdır. Bu da “Badamlı” mineral süfrə suyunun yüksəkkeyfiyyətli istehsalının göstəricisi və dünya bazarına girişinin təminatıdır. “Badamlı” mineral suyunun xarici ölkələrə ixrac olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər öz bəhrəsini vermiş, “Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyəti “Biznesdə Uğur – 2013” mükafatının ilin ixracatçısı nominasiyası üzrə qalibi olmuşdur. Cari ilin ötən dövründə bağlanmış müqaviləyə əsasən, 67 min ədəd mineral suyun Rusiya Federasiyasına göndərilməsi təmin edilmişdir. Qeyd edək ki, “Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyətinin iqtisadi əlaqələri daha da genişləndirilmiş, cari ilin ilk 7 ayında istehsal edilən “Badamlı” mineral süfrə suyunun 26 faizi muxtar respublika ərazisində satışa çıxarılmış, 71 faizi Bakı şəhərinə və müxtəlif regionlara, 3 faizi isə Rusiya Federasiyasına ixrac olunmuşdur. Zavodda istehsal edilən məhsulun digər xarici ölkələrə ixrac olunması istiqamətində işlər davam etdirilir.
Kərəm HƏSƏNOV