22 Dekabr 2024, Bazar

Muxtariyyət illərində Naxçıvan Muxtar Respublikasının sənayesi Azərbaycan iqtisadiyyatında aparıcı yerlərdən birini tutmuş, XX əsrin ortalarından başlayaraq daha intensiv inkişaf yoluna qədəm qoymuş, ümummilli lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbər seçilməsindən sonra yeni vüsət almışdır. 1970-85-ci illərdə iqtisadiyyatın bütün sahələrinin inkişafı üçün Naxçıvan Muxtar Respublikasına 900 milyon manat sərmayə qoyularaq Alt Trikotaj Fabriki, yeni Mineral Sudoldurma Zavodu, Şüşə Qablar Zavodu, Taxıl Məhsulları Kombinatı, Naxçıvan İri Evtikmə Kombinatı və Dəmir-Beton Məmulatları Zavodu, Şahtaxtı Daş Karxanası, bütövlükdə, 22 sənaye müəssisəsi, qonşu İran İslam Respublikası ilə birgə Araz çayı üzərində su anbarı və elektrik stansiyası tikilib istifadəyə verilmişdir.

Azərbaycanın Dağlıq Qarabağ ərazisinə Ermənistanın ərazi iddiası və bununla bağlı başlanan müharibə, SSRİ-nin dağılması nəticəsində iqtisadi əlaqələrin pozulması və digər amillər nəticəsində 1990-cı illərin əvvəllərində Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı, xüsusilə sənayesi ağır vəziyyətə düşdü. 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışı ilə bütün sahələrdə olduğu kimi, muxtar respublikanın sənayesində də əsaslı islahatlar aparılmış və bunun nəticəsində sənaye məhsulu istehsal edən dövlət və qeyri-dövlət bölmələrində yaradılmış müəssisələr hesabına ümumi sənaye məhsulunun həcmində hər il dinamik artım olmuşdur. Daha sonra ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən regionların iqtisadiyyatının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına, istehsal müəssisələrinin fəaliyyətinin genişləndirilməsinə, yerli sahibkarlığın inkişafı ilə əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olunmuşdur. 

1995-ci il sentyabrın 29-da “1995-1998-ci illərdə Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”nın qəbul edilməsi Azərbaycanda aparılan iqtisadi islahatların ən mühüm istiqamətlərindən biri olmaqla muxtar respublika iqtisadiyyatına öz müsbət təsirini göstərmişdir. 1995-2001-ci illərdə aparılmış məqsədyönlü tədbirlər nəticəsində muxtar respublika iqtisadiyyatında yaranmış durğunluq tamamilə aradan qaldırılmış, 2001-ci ildə sənayenin ümumi məhsulunun həcmi 1995-ci illə müqayisədə 1,7 dəfə artmışdır. Muxtar respublikanın blokada şəraitində olmasına, xammalın və materialın daşınması sahəsində çətinliklərə baxmayaraq, Alt Trikotaj, Tikiş və Mebel fabriklərinin, emal müəssisələrinin, Elektrotexnika Zavodunun fəaliyyəti bərpa edilmiş, Badamlı-Vayxır-Naxçıvan mineral su kəmərinin çəkilməsi ilə mineral su istehsalı artmışdır. Şüşə Qablar Zavodunda energetika sənayesi üçün keramik izolyatorların, Dəmir-Beton Məmulatları Zavodunda beton elektrik dirəklərinin, yol kənarına döşəmək üçün beton plitələrin və digər məmulatların istehsalına başlanılmışdır. 1999-cu ildə Ordubad rayonunun Parağaçay və Ağdərə mədən yataqlarının kəşfiyyat və istismarı üzrə Böyük Britaniya şirkətləri ilə bağlanmış müqavilə Naxçıvan Muxtar Respublikasında mədən sənayesinin bərpasına təkan vermiş, tikinti materialları, dəmir-beton, kərpic, travertin, mərmər istehsalına başlanmış və nadir tikinti məhsullarının dünya bazarına çıxarılması təmin edilmişdir.
Sonrakı illərdə muxtar respublikada davamlı inkişafın təmin edilməsi, sahibkarlıq fəaliyyətinə meylin stimullaşdırılması və bu istiqamətdə bütün cəhdlərin hərtərəfli dəstəklənməsi sahəsində mühüm tədbirlər həyata keçirilmiş, bu sahədə məqsədli proqramlar hazırlanmışdır. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Pro­qramı (2004-2008-ci illər)”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 9 iyun tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının Regional İnkişaf Pro­qramı (2005-2008-ci illər)” təsdiq olunmuş və icrası uğurla reallaşdırılmışdır. Proqramın əsas məqsədi Naxçıvan Muxtar Respublikasında yerli təbii sərvətlərdən səmərəli istifadə etməklə kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq, emal sənayesinin, xidmət və digər infrastruktur obyektlərinin, turizmin inkişafını təmin etmək, məşğulluğun səviyyəsini yüksəltmək və əhalinin güzəranını daha da yaxşılaşdırmaqdan ibarət olmuşdur.
Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi islahatların davamı olaraq, muxtar respublikamızda da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası nəticəsində ciddi iqtisadi uğurlara nail olunmuş, sürətli inkişaf üçün zəngin potensial formalaşmış, muxtar respublika iqtisadiyyatında həyata keçirilən tarazlaşdırılmış iqtisadi siyasət öz bəhrəsini vermişdir. Qəbul olunmuş iki böyük dövlət proqramının uğurla həyata keçirilməsi nəticəsində Naxçıvan Muxtar Respublikası əsaslı inkişaf yolu keçmiş, 2003-2013-cü illər ərzində muxtar respublikada Ümumi Daxili Məhsulun (ÜDM) həcmi 13,9 dəfə, adambaşına düşən Ümumi Daxili Məhsul 12 dəfə, sənaye məhsulları istehsalı 49 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 4,7 dəfə, əsas kapitala investisiya qoyuluşu 16,4 dəfə, xarici ticarət dövriyyəsi 13,9 dəfə artmışdır.
Görülən məqsədyönlü tədbirlər nəticəsində aqrar region kimi tanınan muxtar respublikada sənaye ÜDM tərkibində ilk yerə sahib olmuş və onun məhsulunun həcmi kənd təsərrüfatı məhsulunun həcmini 2,6 dəfə üstələmişdir.
Muxtar respublikada gedən sənayeləşmə prosesi məşğulluq probleminin həllinə kömək etmiş, əhalinin sənaye məhsullarına olan tələbatı ödənilmiş, regionlararası və regiondaxili iqtisadi əlaqələr, o cümlədən xarici iqtisadi əlaqələr təkmilləşmiş və son nəticədə, əhalinin həyat səviyyəsi yüksəldilmişdir. Əgər 1991-ci ildə muxtar respublikada 46 sənaye müəssisəsi fəaliyyət göstərirdisə, yeni sənaye müəssisələrinin yaradılması istiqamətində görülən tədbirlər sayəsində təkcə 2013-cü ildə 124 layihə üzrə istehsal və xidmət sahələri istifadəyə verilmiş, iqtisadiyyatın müxtəlif sahələrində 46 layihə üzrə istehsal və xidmət müəssisələrinin qurulması davam etdirilmişdir.
Ümumilikdə, müstəqillik illəri ərzində sənaye sahəsi üzrə əldə olunmuş nailiyyətlərə nəzər salsaq, aydın olar ki, bu illər ərzində sənaye məhsulunun ümumi həcmi 217,9 dəfə, sənaye sahəsində işləyənlərin orta sayı 8,4 dəfə, sənaye sahəsində bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 37,9 dəfə artmışdır.
Blokada şəraitinin məlum çətinliklərinə baxmayaraq, muxtar respublikanın yerli imkanlar hesabına sənaye potensialının artırılması müxtəlif tədbirlərin həyata keçirilməsi nəticəsində mümkün olmuş, sənaye məhsulu istehsalında köhnə infra­struktur yenilənmiş, əsas magistral yollar əsaslı şəkildə yenidən qurulmuş, biznes mühiti yaxşılaşdırılmışdır. Hazırda Naxçıvan Muxtar Respublikası sənaye məhsulu istehsalının artım tempinə görə, sənayenin ümumi məhsulunun tərkibində qeyri-dövlət sektorunun xüsusi çəkisinə və hazır məhsul qalığının minimum həddə olmasına görə Azərbaycan Respublikasının 10 iqtisadi rayonu arasında ilk yerdədir.
Naxçıvanda sənayenin bu cür yüksək sürətlə inkişaf etməsinə başlıca səbəb kimi muxtar respublikanın malik olduğu zəngin təbii ehtiyatları və dövlətin həyata keçirdiyi iqtisadi siyasəti göstərmək olar. Dövlətin iqtisadi siyasətinin əsas istiqamətləri isə yeni sənaye sahələrinin yaradılması ilə keyfiyyətli məhsul istehsal etmək, müasir texnologiyalardan istifadə və məhsul çeşidlərini yeniləməklə onun rəqabət qabiliyyətini artırmaq, həm daxili bazara, həm də xarici bazara inteqrasiyanı təşkil etməkdən ibarət olmuşdur. Aparılan iqtisadi siyasətin davam etdirilməsi və sənayenin modernləşməsi istiqamətində islahatların həyata keçirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 6 iyun tarixli Fərmanı ilə “Sənaye parkları haqqında Əsasnamə” təsdiq olunmuşdur. Təsdiq edilmiş Əsasnamə sənaye parkının yaradılması üçün qanunvericilik bazası olub, onun idarə edilməsi və bu ərazidə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məsələləri tənzimləyərək muxtar respublikada sənayeləşmənin yeni mərhələsinin başlanğıcını qoymuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram”da kiçik və orta sahibkarlığın dəstəklənməsi zəminində bir sıra sənaye məhsullarının istehsalı sahələrinin yaradılması və bərpa olunması məsələləri nəzərdə tutulmuşdur. Muxtar respublikada 2014-cü ilin ilk yarımilində əvvəlki illə müqayisədə 1,5 faiz çox olmaqla, 471 milyon 580 min manat həcmində sənaye məhsulu istehsal olunmuşdur. Məhsul istehsalının artması ixracın həcminə təsir etmiş, tələbatdan artıq istehsal olunmuş 138 milyon 670 min Amerika Birləşmiş Ştatları dolları dəyərində sənaye məhsulu ixrac olunmuşdur. Bu müddət ərzində muxtar respublikada dövlət dəstəyi ilə 22 layihə üzrə istehsal və xidmət obyektləri istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 1 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Pro­qramı” sosial-iqtisadi inkişafın davamlılığını ortaya qoyur. Dövlət proqramında bütün sahələrdə olduğu kimi, sənayeləşmə siyasətinin həyata keçirilməsində də mühüm tədbirlərin reallaşdırılması nəzərdə tutulmuşdur.

Nəticə etibarı ilə deyə bilərik ki, muxtar respublikanın sosial-iqtisadi inkişafının təməlində dövlətin sosialyönümlü iqtisadi siyasəti, o cümlədən hər bir vətəndaşın maddi rifahının yaxşılaşdırılması, iqtisadiyyatın dövlət tənzimləmə mexanizmlərinin liberallaşdırılması, azad rəqabət, sahibkarlıq və investisiya mühitinin daha da yaxşılaşdırılması, muxtar respublikanın iqtisadi təhlükəsizliyinin təminatı üçün aparılmış kompleks işlər dayanır. Bütün bunlar sənayenin perspektiv inkişafı üçün geniş yollar açır.

Mehriban İMANOVA
iqtisad üzrə fəlsəfə doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR